Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:25

Pandemiyanı Çernobılla müqayisə edirlər – Qərb mediası


Çində laboratoriya
Çində laboratoriya

Bəzilərinin mövqeyincə, DST Çini əməkdaşlığa məcbur edə bilmədiyi üçün onun araşdırması da iflasa məhkumdur

Dünya Səhiyyə Təşkilatı (DST) koronavirus pandemiyasının mənşəyi üzrə araşdırmasının növbəti fazasının planını cızır. Bəzi alimlərsə düşünürlər ki, bu məsələni BMT agentliyi araşdırmamalıdır. Bu haqda “The Associated Press” yazır.

Hətta DST ilə güclü bağları olan saysız ekspertlərin fikrincə, ABŞ və Çin arasında siyasi gərginlik agentliyin mötəbər cavablar tapmasını çətinləşdirir.

Çernobıl qəzası

Alimlər deyirlər ki, 1986-cı ildə Çernobl nüvə qəzasında olduğu kimi geniş, müstəqil təhlil aparılmalıdır.

Birgə DST-Çin araşdırmasının birinci hissəsi martda tamamlanıb. O zaman belə bir qənaətə gəlinib ki, virus insanlara heyvanlardan keçib və laboratoriyadan sızma “həddən artıq qeyri-real” görünür. İkinci mərhələdə isə insana ilk yoluxmalar daha detallı araşdırıla, yaxud heyvanlara, çox güman, yarasalara daha çox diqqət ayrıla bilər.

Son vaxtlar pandemiyanın laboratoriyadan başlanması, xüsusi hazırlanmış virusla bağlılığı versiyası geniş yayılıb. Prezident Co Bayden ABŞ kəşfiyyatına göstəriş verib ki, 90 gün ərzində bu versiyanı dəyərləndirsin.

Yeni qurum yaratmaq təklifi

Bəzilərinin mövqeyincə, DST Çini əməkdaşlığa məcbur edə bilmədiyi üçün onun araşdırması da iflasa məhkumdur.

“Dünya Səhiyyə Təşkilatına bel bağlasaq, virusun mənşəyini heç vaxt tapmayacağıq. İlyarımdır Çin onun qarşısını alır və onların dərinə gedə bilməyəcəyi apaydındır”, – Corctaun Universitetində DST ilə əməkdaşlıq edən mərkəzin direktoru Lorens Qostin deyib.

Qostinin fikrincə, ABŞ və digər ölkələr əllərindəki kəşfiyyat məlumatlarını bir yerə cəmləşdirə, beynəlxalq səhiyyə qanunlarına yenidən baxaraq DST-yə gərəkən səlahiyyəti ver, yaxud təhqiqat aparacaq yeni qurum yarada bilərlər.

Elmi məsələ

Rutqers Universitetinin molekulyar bioloqu Riçard Ebraytın sözlərinə görə, virusun heyvanlardan keçməsi, yaxud laboratoriyadan sızmasını müəyyənləşdirmək elmi məsələdir, DST-nin səlahiyyətindən kənardır.

“AP”nin ötən dekabrda apardığı araşdırma Pekinin COVID-19-la bağlı tədqiqatın yayılmasını məhdudlaşdırdığını üzə çıxarıb. Mərkəzi hökumət rəsmiləri isə onu daha öncə nəzərdən keçiriblərmiş.

DST-nin məşvərətçi qrupunun üzvü Ceymi Metzl həmkarları ilə birlikdə belə bir təklif irəli sürüb ki, sənaye ölkələrinin Böyük Yeddilik qrupu alternativ təhqiqat təşkil eləsin.

Hazırda dünyada yeni növ koronavirusa 182 milyondan çox yoluxma, 4 milyona yaxın ölüm təsdiqlənib.

XS
SM
MD
LG