Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:09

AB əfqan miqrantları ‘qəbul etməyəcək’


Türkiyədə saxlanmış əfqan miqrant qadın oğlu ilə
Türkiyədə saxlanmış əfqan miqrant qadın oğlu ilə

Avstriyanın Kansleri Sebastyan Kurz avqustun 22-də deyib ki, ölkəsi əfqanları qəbul etməyəcək

Sloveniyanın Baş naziri Janez Jansa deyir ki, Avropa Birliyi əfqan miqrant axınına imkan verməyəcək. Talibanın Əfqanıstanı yenidən ələ keçirməsi Avropada 2015-ci il miqrasiya böhranının təkrarlanacağı sarıdan qorxulara səbəb olub. O zaman Yaxın Şərqdə müharibə və yoxsulluqdan qaçan 1 milyondan çox insan birlik ərazisinə getmişdi.

“Avropa Birliyi Əfqanıstan üçün hər hansı ‘humanitar’, yaxud miqrasiya dəhlizi açmayacaq. 2015-ci ilin strateji səhvinin təkrarlanmasına imkan verməyəcəyik”, – Jansa avqustun 22-də Twitter-də yazıb.

Sloveniya hazırda rotasiya əsasında AB-nin altı aylıq prezidentidir.

İstisnalar

AB yalnız Əfqanıstanda NATO missiyasına kömək etmiş şəxsləri qəbul edəcək və blokun xarici sərhədini möhkəmləndirəcək, Jansa deyib.

Minlərlə əfqan hazırda ölkədən çıxmaqdan ötrü Kabil aeroportuna üz tutub. Taliban isə əhalini qalmağa çağırır, ümumi amnistiya təklif edir.

Əfqanlar sərt şəriət qaydaları, qisasçılıq cəhdlərindən qorxaraq ölkədən çıxmaq istəyirlər. Üstəlik, yoxsulluq, quraqlıq, iqtisadi durumun pisləşməsi də miqrant axınını gücləndirə bilər.

Taliban əsas sərhəd keçid məntəqələrini bağlasa da, AB Əfqanıstandan daha uzunmüddətli miqrasiya təzyiqindən narahatdır.

AB-nin bir sıra ölkələri qaçqınları Əfqanıstana qonşu ölkələrə yerləşdirməyə çağırırlar. Yalnız xarici qüvvələrlə işləmiş, bəzi şəxsi risk yarana biləcək fərdlər istisna sayılır.

Türkiyənin 'Taliban'la işbirliyi necə olacaq?
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Almaniya, Avstriya

Sentyabrın 26-da federal seçkidən sonra istefa verəcək Almaniya kansleri Angela Merkel AB-ni miqrasiya üzrə koordinasiyalı, “nəzarət altında” addım atmağa çağırıb.

O, avqustun 17-də deyib ki, Əfqanıstandan qaçanlara BMT-nin qaçqınlar üzrə agentliyi ilə koordinasiya şəkildə qonşu ölkələrdə kömək göstərilməlidir.

Avstriyanın Kansleri Sebastyan Kurz avqustun 22-də deyib ki, ölkəsi əfqanları qəbul etməyəcək.

“Mən Avstriyaya daha çox adam qəbul etməliyik fikrində deyiləm, tam əksini düşünürəm”, – o, PULS 4 televiziyasına müsahibəsində deyib.

Kurz Avstriyada yaşayan 40 mindən çox əfqanın “özəlliklə çətin inteqrasiya” problem yaratdığını söyləyib.

“Sonradan inteqrasiya oluna bilməyən adamları qəbul etmək bir ölkə olaraq bizim üçün böyük problemdir”, – Kurz vurğulayıb.

Yunanıstan, Türkiyə

Yunanıstan və AB üzvü olmayan Türkiyə də Avropaya yeni miqrasiya axınından narahahtdırlar və buna reaksiyanı koordinasiya etməyə başlayıblar.

Türkiyədə 4 milyon suriyalı, 300 min əfqan, eləcə də dünyanın digər yerlərindən miqrant və qaçqınlar yaşayır.

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan avqustun 19-da deyib ki, ölkəsinin “Avropanın qaçqın anbarı” olmaq öhdəliyi yoxdur.

Türkiyə və Yunanıstan sərhədlərini möhkəmləndirməyə başlayıblar. Türkiyə İranla sərhədini hasarlayır, elektron monitorinq sistemləri quraşdırır.

BMT hazırda Əfqanıstandan kənarda 5 milyon əfqanın yaşadığını bildirir. Onların 90 faizi İranla Pakistanda məskunlaşıb.

XS
SM
MD
LG