Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:47

Ermənistana qarşı yeni iddia qaldırılır


Azərbaycan XİN
Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırıb.

O deyib ki, Azərbaycan tərəfindən bu ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq yenidən məhkəməyə müraciət ediləcək. Onun vurğulamasına görə, yaxın günlərdə Azərbaycan İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə üz tutacaq: "Ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanmış və sənədləşdirilmişdir. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir".

Onun vurğulamasına görə, bir milyon civarında azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulub, Azərbaycanın bir sıra şəhərləri tamamilə yer üzündən silinib: "Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi".

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 10 noyabr sazişindən sonra işğaldan azad edilən ərazilərdə minalara düşmə səbəbindən 25 civarında vətəndaşları həlak olub, 100-dən çoxu yaralanıb.

Amma Azərbaycanda tutulan Ermənistan hərbçilərinin bəzilərinin geri təhvil verilməsi əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarında minaların xəritələrinin alındığı açıqlanmışdı. Amma daha sonra da Azərbaycan prezidenti bu xəritələrin böyük ölçüdə gerçəkliyi əhatə etmədiyi ilə bağlı narazılığını ifadə etmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG