Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:23

Macarıstan Rusiya ilə qaz sazişi imzaladı, Ukrayna etirazını bildirdi


Cənub Axını kəməri
Cənub Axını kəməri

Macarıstan Rusiyanın qaz nəhəngi Gazprom şirkəti ilə yeni 15 illik təchizat müqaviləsi bağlayıb

Macarıstan Rusiyanın qaz nəhəngi Gazprom şirkəti ilə yeni 15 illik təchizat müqaviləsi bağlayıb.

Budapeştin bu hərəkəti Kiyev tərəfindən kəskin tənqid olunub.

Gazprom və Macarıstanın MVM enerji qrupu arasında yenu kontrakt sentyabrın 27-də Rusiya şirkətinin rəhbəri Aleksey Millerin Budapeştə səfəri zamanı imzalanıb.

Bu kontraktın imzalanması ilə milyonlarla dollar tranzit gəlirini itirəcək Ukraynanın Xarici İşlər Nazirliyi bəyan edib ki, sözü gedən təchizat müqaviləsi “sırf siyasi mahiyyət daşıyır və iqtisadi baxımdan lüzumsuzdur”.

Bəyanatda deyilir ki, sənədin imzalanması Ukraynanın milli maraqlarına ziddir və Ukrayna-Macarıstan münasibətlərinə mənfi təsir göstərəcəkdir.

Ukrayna bunu da əlavə edib ki, sözü gedən saziş “Ukrayna və Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə təsirləndirəcək”.

“Evləri siyasi bəyanatlarla qızdıra bilməzsən”

Kiyev bildirir ki, bütün bunlarla bağlı Avropa Komisiyasına müraciət edəcək və Gazpromla Macarıstan şirkəti arasında imzalanmış müqavilənin Avropa İttifaqının enerji qanunvericiliyinə uyğunluğu məsələsini qaldıracaq.

Buna cavab olaraq Macarıstanın xarici işlər naziri Peter Siyarto mətbuat konfransında deyib ki, “enerji təhlükəsizliyi siyasi yox, təhlükəsizlik məsələsidir”

Nazir bəyan edib ki, “evləri siyasi bəyanatlarla qızdıra bilməzsiniz”.

Gazpromun rəhbəri Miller bildirib ki, sazişə müvafiq olaraq Macarıstana qaz artıq oktyabrın 1-dən mövcud TürkAxını və Cənub-Şərqi Avropa kəmərləri ilə veriləcək.

Hadisə ilə bağlı Avropa İttifaqının rəhbərliyi hələki heç bir açıqlama verməyib.

İldə 4.5 milyard kubmetr

Öz təbii qazını əsasən Ukrayna ərazisi ilə ixrac edən Rusiya hazırda kəmər şəbəkəsini diversifikasiya edir və bu məqsədlə Almaniyaya Şimal Axını 2, Türkiyəyə isə TürkAxını kəmərləri çəkilib.

Təbii qaz təchizatının əksər hissəsini Rusiyadan alan Macarıstana qaz əsasən Ukrayna ərazisindən keçən kəmərlərlə gəlir.

Lakin Macarıstan son illərdə qaz idxalı infrastrukturunu şaxələndirib. İndi Macarıstan Xorvatiyadakı terminaldan habelə Royal Dutch Shell şirkətinin maye qazını alır.

Macarıstan hökuməti Moskva ilə uzunmüddətli qaz təchizatı razılaşması imzalayacağını hələ avqust ayında bəyan etmişdi.

15 illik müqaviləyə əsasən 10 ildən sonra idxal olunan qazın həcmlərinə dair təkrar razılaşma imzalana bilər.

Yeni müqaviləyə görə Gazprom Macarıstana ildə 4.5 milyard kubmetr qaz nəql edəcək. Bu, Macarıstanın təbii qaza olan illik ehtiyacının təxminən yarısına bərabərdir.

Bunun üçün iki marşrutdan istifadə olunacaq.

Qazın 3.5 milyard kubmetri Serbiyadan, 1 milyard kubmetri isə Avstriyadan keçərək gələcək.

XS
SM
MD
LG