Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:37

Astarada fermer: 'Evdə nə var idi satıb, mal-qara aldım'


Mikayıl Əhmədov
Mikayıl Əhmədov

Astara rayonunun Seləkəran kəndində Əhmədovlar fərdi təsərrüfatlarında saxladıqları mal-qara hesabına yaşayan ailələrdən biridir. Ailənin başçısı, 62-yaşlı Mikayıl Əhmədovun sözlərinə görə, bir qəpik də dövlətdən yardım almayıb, zəhmət çəkib camışçılıq təsərrüfatı yaradıblar: "Gördüm ki, iş yox, kömək yox. Evdə nə var idi satıb, mal-qara aldım. İndi 40 başdan yuxarı mal-qaramız var. Təsərrüfatın əsasını camışçılıq təşkil edir. Camışların sayı 20-dən çoxdur. Problemlər var. Hökumət tərəfindən diqqət görmürəm".

Mikayıl Əhmədov bildirir ki, yarım hektar pay torpağı da var: "Öz pulumla 1 hektar da torpaq almışam. Mal-qaranı həmin torpaqların hesabına saxlayıram. Hər il ota 5-6 min manat pul xərcləyirəm. Qışı yola vermək üçün bu, minimum məbləğdir. Camış daha çox yem istəyir".

"Hamısını ələ keçirdiblər"

Onun fikrincə, belə bir təsərrüfat yaratmaq kənddə hər kasıb ailəyə nəsib olmur. O, bunun səbəbini kənddə olan problemlərdə görür: "Vaxtilə örüş, otlaq yerləri olub. Hamısını ələ keçirdiblər. Elə adamlar var ki, pay torpaqlarını əkmir. Fərdi təsərrüfatda saxlanılan mal-qara həmin boşuna buraxılmış sahələrin hesabına qalıb. Yoxsa 24 saat malı bağlasan, onun yemini çatdıra bilmərsən, nəticədə zərər edərsən".

"61 yaşım var, həkimə müraciət etdiyim yadıma düşmür"

Onun vurğulamasına görə, kənddə iş yerləri yoxdur: "Camışçılıq belə də qazanc gətirmir. Ağartısı keyfiyyətinə görə hər şeyə dəyər. Qatığı, yağı, südü, qaymağı... Mağazadan heç vaxt ağartı, yağ almamışam. Hər şey təbiidir. 61 yaşım var, həkimə müraciət etdiyim yadıma düşmür. Saxlamağa yer ayırsalar, 50 baş camışı rahat saxlayaram. 50 başdan yaxşı qazanc götürmək olar. Az sayda olanda qazanc götürmək olmur".

Tövlə
Tövlə

"Gün haçan çıxır, haçan batır, xəbərimiz olmur"

Həyətdə tikdirdiyi tövlədə camışlar, inəklər bağlanıb. İçəridə həyat yoldaşı süd sağır: "Gecə-gündüz işləyirik. Gün haçan çıxır, haçan batır, xəbərimiz olmur. Öz kəndimiz daxil, dörd kənddə yalnız mən camış saxlayıram. Halbuki, sovet dövründə hər kənd ailəsində camış var idi. Bir camışı qapalı şəraitdə saxlamaq üçün il ərzində 1400 manat tələb olunur. Otlaq sahəm var, ötürürəm ora".

"Cavanlar işsizdir, evlənə bilmirlər..."

O hesab edir ki, kənd yerlərində işsizliyi aradan qaldırmaq üçün fərdi təsərrüfatların inkişafına dəstək olmaq lazımdır: "Cavanlar işsizdir, evlənə bilmirlər, kəndlərdən qaçırlar. Bizim kənddə gəncləri barmaqla saymaq olar. Camışçılığı inkişaf etdirmək burada işsizliyin aradan qaldırılmasının bir yoludur".

"Dövlət bu yolla dəstək verir"

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov isə camışçılığın inkişafı ilə bağlı addımların atıldığını deyir: "Böyük maldarlıq təsərrüfatlarında camış saxlayırlar. Həmin təsərrüfatlarda 100 başdan çox camış var. Fərdi təsərrüfatlarda da camış saxlayırlar. Lizinq yolu ilə damazlıq camış almaq olur. 60 faizini dövlət, qalan pulu isə sahibkar ödəyir. Lizinq şirkətləri var, xaricdən cins mal-qara gətirirlər. Dövlət bu yolla dəstək verir. Süni mayalanma da nəzərdə tutulub. Xaricdən gələn camışın biri 5-6 min manata başa gəlir".

O da vurğulayır ki, bazarlarda camış məhsullarına tələbat böyükdür.

XS
SM
MD
LG