Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:37

Rusiyada pandemiyaya görə 9 gün iş olmayacaq


Daşkənddə Sputnik V-nin saxlandığı otaq
Daşkənddə Sputnik V-nin saxlandığı otaq

Rumıniya prezidenti hökumətin iclasını çağırıb

Rusiyada COVID-19 pandemiyası ilə əlaqədar oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan olunub. Bu haqda Prezident Vladimir Putin hökumətin iclasında məlumat verib.

Putin deyib ki, ölkədə vaksinasiyanın tempi yüksək deyil və koronavirusa yoluxmaları azaltmağa imkan vermir.

Epidemioloji vəziyyətin daha ağır olduğu regionlarda oktyabrın 23-dən qeyri-iş günləri elan oluna bilər.

***

Rusiyada daha bir gündəlik ölüm rekordu

Rusiyada koronovirusdan ölüm hallarında daha bir rekord qeydə alınıb. Artıq hökumət xəstəliyin yayılmasını önləmək üçün ölkəboyu qadağalar təklif edir.

Oktyabrın 20-də açıqlanmış məlumata görə, son 24 saat ərzində COVID-19-dan 1028 ölüm aşkarlanıb. Bu, pandemiya başlanandan ən böyük rəqəmdir.

Rusiya 226 min 353 ölümlə Avropada birinci yerdədir. Son 24 saat ərzində 34 mindən çox yeni yoluxma qeydə alınıb.

Prezident Vladimir Putin hökumətin təklifilə bağlı qərar verməlidir. Oktyabrın 30-dan bir həftə qeyri-iş günü elan olunması təklif edilir. Daha sonra isə dörd gün dövlət bayramıdır.

Moskvanın meri Sergey Sobyanin oktyabrın 19-da deyib ki, yaşlı 60-dan yuxarı peyvənd olunmamış şəxslərin evdə qalması tələb ediləcək. Xidmət işçiləri üçün vaksin vurdurmaq tələbi qoyulur. Sobyanin şirkətlərə işçilərin azı üçdə birini məsafədən işə keçirməyi tapşırıb.

Yeni qaydalar gələn həftədən qüvvəyə minir.

***

Pekin sakinlərinə COVID-19-a qarşı gücləndirici (buster) vaksin dozaları təklif olunur. Çin paytaxtı fevralda qış olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Busterlər yaşı 18 və yuxarı olanlara, azı altı ay öncə tam peyvənd vurdurmuş şəxslərə tövsiyə edilir.

Qış Olimpiya oyunlarının sərt qaydalarla keçiriləcəyi gözlənir. Oyunları canlı izləməyə yalnız çinli izləyicilər buraxılacaq. Atletlərin peyvənd olunması tələb ediləcək, əks halda Çinə çatan kimi 21 günlük karantində qalacaqlar.

Çin sentyabrın ortasında 1 milyarddan çox sakinin, yəni əhalinin 78 faizinin peyvənd olunduğunu açıqlayıb. Səhiyyə ekspertləri ilin sonuna kütləvi immunitetə çatılmasından ötrü əhalinin 85 faizinə peyvənd vurdurmağı hədəfləyir.

ABŞ

Birləşmiş Ştatlarda isə dövlət qulluqçuları və tibbi işçiləri daxil olmaqla minlərlə peyvənd vurdurmamış işçi tezliklə işini itirə bilər. Çikaqo və Baltimor şəhərlərində qüvvəyə minmiş qaydalara görə, dövlət qulluqçuları ya vaksinasiya statusunu açıqlamalıdır, ya da koronavirusa qarşı mütəmadi test verməlidirlər.

ABŞ-da 700 mindən çox insanın həyatına son qoymuş virusa qarşı vaksinin məcburi edilməsinin təsiri olub, peyvənd vurduranların sayı artıb. Prezident Co Bayden hökumətdə, orduda çalışanlar üçün vaksinasiyanı məcburi edir. 100 və daha çox işçisi olan özəl biznesləri əhatələyən sərəncamdan doğan qaydalar üzərində isə iş gedir. Baydenin vaksin tələbinin təxminən 100 milyon nəfəri, ölkənin işçi qüvvəsinin üçdə ikisini əhatələyəcəyi gözlənilir.

Ancaq bəzi işçiləri qadağalara qarşı etiraz aksiyaları keçiriblər.

Peyvənd olunmaqdansa işini itirməyi seçənlər Birləşmiş Ştatlarda vurulan üç vaksinlə bağlı uzunmüddətli datanın olmamasından narahatlıq dilə gətiriblər. Tibbi ekspertləri isə vaksinin təhlükəsiz olduğunu vurğulayır, böyük klinik sınaqları əsas gətirirlər.

Sputnik V

Bu arada Cənubi Afrikanın tənzimləyici orqanı Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksinini təsdiqləməkdən imtina edib, istehsalçının təhlükəsizlik məsələlərinə cavab verə bilmədiyini bildirib. Sputnik V-nin “indiki məqamda təsdiqlənməyəcəyi” açıqlanıb.

Qurumun bəyanatında Sputnik V-nin hazırlanmasında istifadə olunan texnologiyanın İİV-ə qarşı vaksində işə yaramadığı qeyd olunur. Ancaq tənzimləyici orqan baxış prosesinin davam etdiyini, Rusiyada istehsalçıdan təhlükəsizliklə bağlı əlavə dataya açıq olduğunu bildirir.

Bu ilin əvvəlində “The Lancet” tibb dərgisindəki araşdırmada Sputnik V-nin təhlükəsiz olduğu, COVID-19-un ağırlaşmasını 91.6 faiz önlədiyi deyilirdi. İndiyədək bu vaksin dünyanın 70-dən çox ölkəsində vurulub, ciddi təhlükəsizlik problemləri aşkarlanmayıb.

Rumıniya

Rumıniya prezidenti Klaus Yohannis isə oktyabrın 20-də COVID-19-a yoluxmaların azaldılması üçün “aydın məhdudlaşdırıcı tədbirlər”in tətbiqindən ötrü hökumət rəsmilərinin iclasını çağırıb.

Prezident mətbuat üçün bəyanatında deyir ki, “hakimiyyətin konkret tədbir görməməsi təşviş yaradır”. O, rumıniyalıları peyvənd olunmağa, maska taxmağa, kütləvi yerlərə getməməyə, sosial məsafəni gözləməyə çağırıb.

Avropa Birliyinin üzvü Rumıniyanın əhalisi 19 milyon nəfərdir, ötən gün son 24 saatda koronavirusdan 574 ölüm aşkarlanıb. Ölkə əhalisinin cəmi 34 faizi peyvəndlənib. AB üzrə ortalama göstərici 74 faizdir.

XS
SM
MD
LG