Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Əfqanların yarıdan çoxu ‘kəskin’ ərzaq qıtlığı ilə üzləşib


Əfqanlara yardım paylanır
Əfqanlara yardım paylanır

Oktyabrın 12-də Avropa Birliyi Əfqanıstan və qonşuları üçün yardım paketini 1 milyard avroya (1.15 milyard dollar) qaldırıb

23 milyona yaxın əfqan bu qış “kəskin ərzaq qıtlığı”ndan əziyyət çəkəcək. Quraqlıq, münaqişə, koronavirus pandemiyası və Taliban hakimiyyətə keçəndən yaranmış iqtisadi böhran da öz sözünü deyir. Oktyabrın 25-ə BMT-nin iki agentliyi xəbərdarlıqla çıxış edib.

Dünya Ərzaq Proqramı (DƏP, ingiliscə WFP), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə bəyanatda qeyd edirlər ki, onsuz da sabit olmayan ölkə ağır humanitar böhranla üzləşib.

“Həyati əhəmiyyətli yardımı gücləndirməsək, bu qış milyonlarla əfqan miqrasiya ilə aclıq arasında seçim etməli olacaq”, – DƏP-in icraçı direktoru Deyvid Bizli deyib.

“Fəlakət yaxınlaşır və indi hərəkətə keçməsək, böyük bir fəlakətə görə məsuliyyət boynumuza qalacaq”, – o vurğulayıb.

7.3 milyon nəfər

Agentliklərin məlumatına görə, noyabrdan marta qədər hər iki əfqandan biri ərzaq qıtlığı “böhranı” yaşayacaq.

Əfqanıstanda 20 ilə yaxın münaqişə gedib. Avqustda Taliban beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökuməti devirib. Ölkəyə beynəlxalq yardım əsasən kəsilib, qış yaxınlaşdıqca ərzaq bahalanır, işsizlik yüksəlir.

Taliban ölkədə sabitliyi bərpa etməsi vəd etsə də, beynəlxalq sanksiyalarla üzləşib. İslam Dövləti qruplaşmasının yerli qanadı qanlı hücumlar həyata keçirir. Taliban humanitar fəlakətdən yayınmaqdan ötrü beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa, humanitar yardım almağa çalışır.

Son dörd ilin ikinci kəskin quraqlığı 7.3 milyon nəfərin dolanışığına təsir göstərməkdədir. Onların həyatı kənd təsərrüfatından, maldarlıqdan asılıdır, bəyanatda deyilir.

ƏKTT humanitar yardım üçün 11.4 milyon dollar, 2022-ci ilin kənd təsərrüfatı mövsümü üçün daha 200 milyon dollar yığmağa çalışır.

“Adamları vədlərlə yedizdirə bilmərik”

“Aclıq dərinləşir, uşaqlar ölürlər. Adamları vədlərlə yedizdirə bilmərik – maliyyə öhdəlikləri nağd pula çevrilməlidir”, – Bizli vurğulayıb.

Talibanın sözçüsü Zabihulla Mücahid oktyabrın 24-də deyib ki, ərzaq və geyimi təşkil edib paylamağa çalışırlar. “Bütün narahatlıqlar yoluna qoyulacaq”, – deyən Mücahid “qlobal humanitar yardımın” da gəldiyini vurğulayıb.

Oktyabrın 12-də Avropa Birliyi Əfqanıstan və qonşuları üçün yardım paketini 1 milyard avroya (1.15 milyard dollar) qaldırıb.

AB-nin icraedici qanadının başçısı Ursula von der Leyen deyib ki, bu vəsait əfqanlar üçün “birbaşa yardım”dır, yerlərdə işləyən beynəlxalq təşkilatlara göndəriləcək, Brüsselin tanımadığı, Talibanın başçılıq etdiyi hökumətə deyil.

XS
SM
MD
LG