Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:40

Qarabağda Rusiya sülhməramlıları 'həmişəlik lazım olacaq'


Armen Sarkisyan
Armen Sarkisyan

Rusiya sülhməramlılarının Qarabağda varlığı həmişə lazım olacaq. Bunu Ermənistan Prezidenti Armen Sarkisyan "Аргументы и Факты" qəzetinin baş redaktoru İqor Çernyaka müsahibəsində deyib.

Çernyak prezidentdən sülhməramlıların Qarabağdakı işini dəyərləndirməsini istəyib, soruşub ki, onların iştirakı nə vaxtadək gərək ola bilər. Armen Sarkisyan "Həmişəlik" cavabını verib.

"Bilmirəm, mənim emosiyalarımı ifadə etməyə uyğun söz tapa biləcəksinizmi. Rusiya ordusu onillərlə, yüzillərlə bizim ərazimizdə mövcud olublar. Onların varlığı həddən artıq vacibdir. Sülhməramlılarının fəaliyyəti həm regional siyasət, həm Qarabağın statusu üzrə mümkün danışıqlar, həm regionun gələcəyi, həm də sabah müharibənin olmaması üçün böyük əhəmiyyət daşıyır", – Sarkisyan vurğulayıb.

5 il uzadıla bilər

Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra regiona 5 il müddətinə Rusiya hərbçiləri yerləşdirilib. Bu, tərəflərin noyabrın 9-da imzaladığı atəşkəs bəyanatında nəzərdə tutulub. Sənəddə deyilir ki, tərəflərdən biri 5 ilin tamamına 6 ay qalmış kontingentin Qarabağdan çıxmasını istəməsə, bu müddət avtomatik uzadılacaq.

Rəsmi Bakı Qarabağın Azərbaycan ərazisi olduğunu, sülhməramlıların müvəqqəti yerləşdirildiyini bildirir.

Ermənistan prezidenti deyib ki, birinci müharibədəki qələbəni sabit sülhə çevirmək üçün böyük şans vardı, "amma biz ondan istifadə etmədik və ciddi şəkildə geri qaldıq". O, Azərbaycanın böyük miqdarda silah əldə etdiyini, bütün dünyadan minlərlə muzdlu gətirdiyini iddia edib.

Azərbaycan rəsmiləri döyüşlərə əcnəbi muzdluların cəlbini dəfələrlə təkzib edib, buna fakt istəyiblər.

Türkiyə ilə mümkün barışıq

Ermənistanla Türkiyə arasında mümkün barışığa gəlincə, Sarkisyan Fransa və Almaniyanın bir neçə yüz il savaşdığını, 2-ci Dünya müharibəsindən sonra hər seyin dəyişdiyini misal çəkib.

"Hər şeydən əvvəl tolerantlıq yarandı. İnanca, mədəniyyətə, ünsiyyətə. Belə olmasaydı, Avropadakı orta əsr müharibələri bu gün də davam edərdi. Məncə, indiki halda təşəbbüs Türkiyədən gəlməlidir. Mədəniyyət, tarix, abidələr, inanclar, kilsələr və qalanları anlamında. Bunsuz, bir-birinə hörmətsiz heç nə alınmayacaq", – Sarkisyan deyib.

Türkiyə və Ermənistan rəsmiləri qarşılıqlı münasibətlərin normallaşdırılması ilə bağlı müsbət bəyanatlar səsləndirsələr də, hələlik, tərəflərdən heç biri konkret addım atmayıb.

XS
SM
MD
LG