Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:31

RT Rusiyada vaksinasiyanı təbliğ edir, Qərbdə isə əksinə...


Fransada etiraz aksiyası
Fransada etiraz aksiyası

Jurnalist təhqiqatında deyilir ki, RT-nin xarici dilli reportajlarında vaksinasiya əleyhdarlarına və hətta konspiroloqlara meydan verilir

Rusiyanın RT dövlət telekanalı Rusiya auditoriyası üçün hazırlanmış materiallarında COVID-19-a qarşı vaksinasiyanı qızğın təbliğ edir və vaksinasiyaya müqavimət göstərənlərə qarşı sərt tədbirlərə çağırır.

Lakin RT əksinə Qərb auditoriyası üçün materiallarında tamamilə bunun əksinə olan ideyaları təbliğ edir, vaksinlərin və karantin tədbirlərinin səmərəsizliyindən söz açır.

Bu nəticəyə Rusiyada “xarici agent” siyahısına salınmış Meduza qəzetinin apardığı təhqiqatda gəlinib.

Təhqiqatın hesabatında deyilir ki, RT-nin baş redaktoru Marqariya Simonyan antivaksinçiləri son dərəcə sərt tənqid edib.

Vaksinasiya əleyhdarları isə xanım Simionyandan Baş Prokurorluğa və İstintaq Komitəsinə şikayət ediblər.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, RT Qərb auditoriyası üçün nəzərdə tutulan ingiliscə və xüsusilə də almanca proqramlarında koronavirus haqqında qeyri-elmi məlumatlar yayır.

Bu proqramlarda vaksinasiya ideyasının özünə şübhə ifadə olunur.

İngiliscə, rusca deyilənlərin əksi deyilir

Məsələ burasındadır ki, Rusiyanın özündə də vaksinasiyaya qarşı olanlar RT-nin Qərbə yönəlik yaydığı materialları bəyənirlər.

Meduza qəzeti bu barədə yazır:

“RT-nin ingilisdilli buraxılışları onun rusdilli buraxılışlarının tam əksidir. Rusiyaya gəlincə burada karantin tədbirləri təqdir olunur. Amma RT-nin ingilisdilli yazarları adamların vaksinasiyaya təhrik edilməsini pisləyir, maskaların “eybəcərliyindən” və QR-kod tələb olunmasından, “sanitar avtoritarizmdən” və “əsl Gestapodan" şikayətlənirlər”.

Hesabatda daha sonra deyilir:

"Əgər rusdilli versiyada Rusiya regionlarında QR-kodlara və başqa məhdudlaşdırıcı tədbirlərə qarşı etirazlar barədə heç nə deyilmirsə, amma Qərb ölkələrində analoji tədbirlər geniş və hərtərəfli işıqlandırılır, etirazlardan saatlarla davam edən canlı yayım aparılır”.

Təhqiqatda deyilir ki, RT-nin xarici dilli reportajlarında vaksinasiya əleyhdarlarına və hətta konspiroloqlara meydan verilir.

RT “xarici agentlərlə” görüşmək istəmir

Bu da qeyd olunur ki, Rusiyada vaksinasiya əleydarlarının sosial media postlarında tez-tez RT-nin fransızdilli və almandilli materiallarına istinad edilir.

Maraqlıdır ki, RT-nin ispandilli materiallarında vaksinasiyaya qarşı təbliğat aparılmır.

Meduza yazır ki, RT redaksiyası onun nümayəndəsi ilə görüş üçün ricanı rədd edib və bunu ölkədə epidemioloji vəziyyətin gərginliyi ilə izah etməyə çalışıb.

RT habelə bildirib ki, onun əməkdaşlarına “xarici agent” siyahısına salınan media ilə görüşlər qadağan edilib.

Rusiyada hazırda koronavirus epidemiyasının yeni dalğası tüğyan edir.

Ölkədə pandemiyanın əvvəlindən indiyədək ən çox yoluxma və ölüm halları qeydə alınıb.

Rəsmi məlumatlara görə son bir sutka ərzində Rusiyada 1211 nəfər koronavirusdan ölüb.

Avropa İttifaqı ölkələrində də yoluxmalar artır, amma burada ölüm hallarının sayı azdır.

Ekspertlər Avropada ölümlərin az olmasını vaksinləmə kampaniyası ilə bağlayırlar.

XS
SM
MD
LG