Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:51

Bəziləri koronavirusa niyə yoluxmur?


Yeni tədqiqat niyə bəzi adamların milyonlarla insanların xəstələndiyi halda virusa yoluxmaması sualına cavab verib

Britaniyada keçirilmiş yeni tədqiqat niyə bəzi adamların COVID-19 virusuna daha müqavimətli olması və milyonlarla insanların xəstələndiyi halda virusa yoluxmaması sualına cavab verib.

The Independent yazır ki, London Universitet Kollecinin bir qrup alimi COVID-19-a müqavimətlə insan orqanizminin immun sistemindəki T-şəkilli hüceyrələr və ya leykositlər arasında əlaqə aşkar edib.

Bu hüceyrələr SARS-CoV-2 və koronavirus ailəsindən olan başqa infeksiyaları orqanizmdən yoluxmanın ilkin mərhələsində təmizləyə bilir.

Alimlər ümid edirlər ki, bu kəşf yeni vaksin texnologiyalarına güclü təkan verə bilər.

“Yaddaşlı hüceyrələr”

London Universitet Kollecinin immunoloqu və sözü gedən araşdırmanın rəhbəri Leo Svodlinq deyib:

“Hər birimiz yoluxanların arasında gəzib-dolaşsa da xəstələnməyən adamları görmüşdük. Bizim bilmədiymiz bu idi ki, bu adamlar həqiqətən də virusdan yayınmağı bacarıblar, yoxsa bunlarda orqanizmi virusdan təbii şəkildə təmizləyən qabiliyyət var”.

T-şəkilli hüceyrələrə “yaddaşlı hüceyrə” də deyirlər. Alimlər düşünürlər ki, bəzi adamlarda koronavirusa qarşı immunitet onların başqa, mövsümi koronavirus növlərinə yoluxması zamanı yaranır. Məsələn adi soyuqdəymənin virusu da koronavirus ailəsinə aiddir.

Bu həftə Nature jurnalında dərc olunmuş araşdırma hesabatında deyilir ki, bəzi adamları COVID-19-dan “yaddaşlı” T-hüceyrələr qoruyur.

Maraqlıdır ki, bu adamların koronavirus testlərində anticismlər aşkar olunmur. Alimlərin fikrincə bu onunla bağlıdır ki, bəzi adamların immun sistemi virusu orqanizmdən onun hələ anticismi yaranmadan təmziləyir.

Yeni tip vaksin texnologiyası

Alimlər komandası bu qənaətdədir ki, bu texnologiyadan istifadə etməklə COVID-19-a qarşı daha güclü və daha davamlı vaksinlər yaratmaq olar.

Sözü gedən təcrübədə 731 tibb işçisi iştirak edib və alimlər pandemiyanın ilk dalğası zamanı onların immun reaksiyasını öyrəniblər.

Aşkar olunub ki, iştirakçılardan 58-də onların yüksək yoluxma şəraitində olmalarına baxmayaraq test nəticələri pozitiv olmayıb. Amma bu da aşkar edilib ki, həmin şəxslərdə T-şəkilli hüceyrələrin sıçrayışlı artımı qeydə alınıb. Bu isə o deməkdir ki, bəzi adamların COVID-19-a qarşı hələ pandemiyadan əvvəl də təbii immuniteti olub.

COVID-19-a qarşı mövcud vaksinlər virusa qarşı anticism müqavimətinə əsaslanır və virusun xarici tac çıxıntılarını-zülallarını hədəfləyir.

Alimlər bu qənaətə gəliblər ki, gələcək vaksinlər T-şəkilli hüceyrə reaksiyası əsasında işlənə bilər.

Bu halda vaksinlər orqanizmə virus düşdükdən sonra, amma xəstəlik simptomları yaranmazdan əvvəl immun sistemi hərəkətə gətirə bilər.

Alimlər bunu da deyilər ki, T-şəkilli hüceyrələr müxtəlif virusların paylaşdığı ortaq əlamətləri hədəflədikllərinə görə, immun sistemi üçün anticismlərdən daha effektivdirlər.

XS
SM
MD
LG