Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:42

Həmsədrlər qızışdırıcı ritorikadan çəkinməyə çağırırlar


Ceyhun Bayramovu (sağda) Jan-İv Lö Drian qarşılayır, 10 noyabr, Paris
Ceyhun Bayramovu (sağda) Jan-İv Lö Drian qarşılayır, 10 noyabr, Paris

Onlar tərəfləri beynəlxalq humanitar təşkilatlara məhdudiyyətsiz çıxış verməyə çağırıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev və Fransadan Bris Rökföy noyabrın 11-də bəyanat yayıblar.

Həmsədrlər noyabrın 10-da Parisdə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüblər. Onlar daha sonra iki nazirin birgə görüşünü təşkil ediblər. Görüşə Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Andrey Kasprşik də qatılıb.

Humanitar məsələlər

Həmsədrlər və xarici işlər nazirləri Nyu Yorkda başlanmış müzakirələri, gərginliyi azaltmağa yönəlik mümkün addımları, prosesdə növbəti mərhələləri, həmçinin bu formatda gələcək görüşləri və həmsədrlərin regiona təklif olunan səfərini müzakirə ediblər. Tərəflər 9 noyabr üçtərəfli atəşkəs bəyanatının öhdəliklərinin icrasından da danışıblar.

Həmsədrlər saxlananlar, ərazilərin minalardan təmizlənməsi, itkinlər, məcburi köçkünlərin könüllü qayıdışı, tarix və mədəniyyət abidələrinin qorunması kimi humanitar məsələlərlə bağlı proqresin vacibliyini vurğulayıblar. Onlar tərəfləri beynəlxalq humanitar təşkilatlara məhdudiyyətsiz çıxış verməyə çağırıblar. Həmsədrlər qızışdırıcı ritorika və provokativ addımlardan çəkinməyin əhəmiyyətini qeyd ediblər.

Bəyanatda daha sonra deyilir ki, həmsədrlər noyabrın 10-11-də Fransa Xarici İşlər Nazirliyi və Yelisey sarayında görüşlər keçirib, öz mandatlarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsilə bağlı qalan bütün məsələlərin hərtərəfli həllinin tapılması cəhdlərini müzakirə ediblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müharibədən sonra ilk görüşü Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində gerçəkləşmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Həmin vaxt Azərbaycan tərəfdən 16 min şəxsin həlak olduğu, 4 min şəxsin isə itkin düşdüyü bildirilir.

ATƏT-in Minsk qrupu uzun müddət münaqişənin sülhlə tənzimlənməsi üçün vasitəçilik edir.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG