Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:54

Hesablama Palatası inflyasiyanın daha da yüksələcəyini düşünür


Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'

Bu il Azərbaycanda qiymət artımları tez-tez gündəmə gəlir. Bahalaşmanı adi hallarda gerçəkliyinə şübhə ilə yanaşılan rəsmi rəqəmlər də təsdiqləyir. Həmin rəqəmlərə görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabrına nisbətən 5.7 faiz yüksək olub. Ötən ilin 1 noyabrı ilə müqayisədə isə bu il noyabrın 1-də inflyasiyasının səviyyəsi 10 faizdir. Ayrı-ayrı istiqamətlərdə qiymət artımlarının səviyyəsi fərqlənir. Məsələn, Azərbaycanda xərclərin yarıya yaxını olan qida xərclərində inflyasiya artıq ikirəqəmli həddədir. Statistika Komitəsinin açıqlamasına görə, son bir ildə Azərbaycanda qida məhsulları 13.4 faiz bahalaşıb. Bu hal diqqət çəkir, axı rəsmi açıqlamalarda ikirəqəmli inflyasiyanın qeyd edilməsinə bir o qədər də tez-tez rast gəlinmir.

Qida məhsulları arasında ayrı-ayrı məhsul qrupları üzrə inflyasiya da fərqlənir. Ölkədə ən çox bahalaşan qida məhsulları tərəvəzdir. Təkcə son bir ayda bu məhsullar 14.3 faiz bahalaşıb. Ay ərzində ən çox bahalaşan məhsullardan biri yumurtadır - 8 faiz. Nəzərə almaq lazımdır ki, pomidor, ağ kələm, göy lobya, xiyar, badımcan kimi məhsullar son bir ildə iki dəfəyə yaxın bahalaşıb. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərindəki artımsa 5 faiz civarındadır.

Qeyri-neft ixracı istehlak məhsullarının idxalından geri qalır

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində ayrıca toxunulan məsələlərdən biri qiymət artımı səviyyəsinin yüksəlməsi haqqındadır. Palata öz rəyində qiymət artımlarını daha çox xarici amillərə bağlayır. Rəydə qeyd edilir ki, idxal olunmuş məhsulların yanvar-avqust ayları ərzində 21.7 faiz bahalaşması, o cümlədən dünya bazarlarında ərzaq məhsullarının il ərzində 32.8 faiz bahalaşması istehlak bazarında qiymət artımına təkan verib. Rəydə qiymət artımım səviyyəsinin yüksək olmasına təsir göstərən amillərdən biri də Tarif Şurasının ilboyunca mal və xidmət qiymətlərini artırması olub.

Hesablama Palatasının rəyində qeyd edilir ki, bu il ölkədə orta illik inflyasiya 3 faiz həddində proqnozlaşdırılsa da, müşahidə olunan meyllər nəzərə alınmaqla, dəqiqləşdirmələr zamanı inflyasiya gözləntisi iki dəfə artırılaraq 6 faizə qaldırılıb. "Cari ilin 9 ayında orta illik inflyasiyanın 5.2 faiz qeydə alınması faktı və tərəfimizdən aparılan hesablamalar orta illik inflyasiyanın 6 faiz ətrafında olacağını deməyə imkan verir", – deyə rəydə bildirilib.

İstehlak mallarının bahalaşması ilə bağlı Palatanın əsas narahatlığı ölkədə qeyri-neft məhsullarının ixracından əldə edilən gəlirlərin hələ də istehlak məhsullarının idxalına sərf edilən vəsaitdən az olmasındandır. Tədiyyə balansı barədə məlumatlara görə, 2021-ci ilin birinci yarısında ölkəyə 2 milyard 351 milyon dollar həcmində istehlak malları idxal edilib. Bu rəqəm ölkənin bütün idxalının yarısına bərabərdir. Həmin müddət ərzində Azərbaycanın qeyri-neft ixracından əldə etdiyi gəlir 20 faiz artıb. Hökumət rəsmiləri də tez-tez qeyri-neft ixracı səviyyəsinin yüksək olması ilə bağlı öyüngən açıqlamalar verir. Amma nəzərə almaq lazımdır ki, qeyd edilən müddət ərzində Azərbaycanın qeyri-neft ixracı 20 faiz artsa da, hələ də qeyri-neft məhsulları ixracından əldə edilən gəlir istehlak mallarının idxalına sərf edilən vəsaitdən 2.2 dəfə geri qalır. Məhz bu amil istehlak bazarını xarici amillərə qarşı həssaslaşdırır və bazar üçün əsas risk amillərindən biri olaraq diqqət çəkir.

Qarşıdakı aylarda qiymətlər daha da artacaq

Hesablama Palatası gələn ilin sonunda illik inflyasiya səviyyəsinin bu illə müqayisədə azalacağını düşünsə də, 2022-ci ilin əvvəlindən qiymətlərin daha da bahalaşacağını proqnozlaşdırır.

Ötən illərin təcrübəsi də göstərir ki, Azərbaycanda dövlət yatırımlarının böyük bölümü ilin son ayı olan dekabrda xərclənir. Məsələn, elə ötən il də dövlət investisiyalarının aylar üzrə bölgüsündə önəmli fərqlər gözə çarpıb. 2020-ci ildə xərclənən dövlət investisiyalarının 38.8 faizi yalnız dekabr ayında xərclənib.

Yerdə qalan 60 faizə yaxın vəsaitsə 11 ayın payına düşüb. Belə böyük vəsaitin xərclənməsi hesabına ötən ilin dekabrında dövriyyədəki pul 1 milyard 760 milyon manatdan çox artıb. Bu üzdən, ötən ilin dekabrında aylıq inflyasiya (0.8 faiz) ilin digər aylarıyla müqayisədə 2 dəfə çoxalmışdı. Həmin vaxt dekabrdan sonrakı üç ay ərzində də hər ay qiymətlər 2 faiz həcmində artım göstərmişdi.

Gələn il qiymətlərin yüksəlməsinə təsir imkanı olan daha bir səbəb də sosial xərclərin artırılmasıdır. Təqdim edilən “Büdcə zərfi”ndə növbəti ildə sosialyönümlü xərclərin 13.5 faiz, o cümlədən əməyin ödəniş xərclərinin 22.7 faiz yüksəldilməsi tələbin yüksəlməsini şərtləndirir ki, bu da əlavə inflyasiya basqısı yarada bilər.

Hesablama Palatası düşünür ki, gələn il həm gəlir, həm də xərclər üzrə real artım sürətlənəcək və nəticədə yüksələn tələb qiymətləri artıracaq. Bu ilin 9 ayında əhalinin gəlirləri 42.3 milyard manat olub və nominal ifadədə 2 faiz artıb. Di gəl, bu artım tempi inflyasiyadan geridə qaldığından, gəlirlər real ifadədə 3 faiz azalıb.

Gələn il əhali gəlirlərinin real artım tempinin 4.2 faizə yüksələcəyi proqnozlaşdırılır. Əhalinin xərclərinin də 2022-ci ildə əvvəlki illə müqayisədə daha yüksək templə artacağı, bu artımın real ifadədə 4.1 faizə yüksələcəyi ehtimal edilir.

XS
SM
MD
LG