Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:25

Prezidentin də açılışında iştirak etdiyi yol dağılmağa başlayıb


Yol bərbaddır
Yol bərbaddır

Altı il əvvəl istifadəyə verilən və rəsmi açıqlamalara görə, 6.7 milyon manat xərclənən Astara rayonundakı Deqədi-Pəlikəş yolunun uzunluğu 21 kilometrə çatır. Ölkə prezidentinin də 2015-ci ildə açılışında iştirak etdiyi yol dağılmağa başlayıb. AzadlıqRadiosunun müxbiri orada olarkən müşahidə edib ki, maşınlar hazırda oradan çətinliklə keçir. "Niva" markalı bir maşının sürücüsü də deyib ki, yolla bağlı müvafiq orqanlara müraciət ediblər:

"Maşın dərəyə getsə, oradan adam sağ çıxmaz"

"Yol, əsasən, torpaq sürüşməsi nəticəsində dağılır. Elə yerlər var ki, su qalır, nəticədə asfalt sıradan çıxır. Yolun istifadəyə verildiyi vaxtı vəziyyət yaxşı idi. Uzaqbaşı bir saata mənzil başına çatırdıq. İndi yox. Yol qorxulu olub. Yolun bir tərəfi qayadır, digər tərəfi isə dərin dərələr. Maşın dərəyə getsə, oradan adam sağ çıxmaz. İndi hava yağmurlu keçir. Çətin də olsa, hərəkət etmək olur. Qar yağanda problemlər yaşanır".

Baxşoba kəndindən keçən yolun bir tərəfində yarğan əmələ gəlib. Sakinlərin bildirməsinə görə, hər dəfə yağış yağanda su yolu yuyub aparır. Baxşoba kənd sakini Tərlan Xudaverdiyevin vurğulamasına görə, yolu asfaltlayanda çox seviniblər:

Tərlan Xudaverdiyev
Tərlan Xudaverdiyev

"Dərdini bir yerə danışanda adamı günahlandırırlar"

"Dağ ərazisində yaşayanlar üçün yol həyatdır. Mənim "Jiquli" markalı maşınım var, elə bu yolda dağılır. Buralarda tibb məntəqəsi olsa da, elə xəstələr var ki, mərkəzə aparmaq məcburiyyətində qalırlar. Dərdini bir yerə danışanda adamı günahlandırırlar. Mənim prezidentə münasibətin yaxşıdır. Mən istəyirəm ki, yolu təmir etsinlər. Təkcə bu kənd ərazisində yolda üç yerdə dağıntı var. Yolun bağlanması təhlükəsi yaranar".

O, yolun dağılmış hissəsini göstərərək deyir ki, burda təmir işi aparmaq elə də çətin deyil: "Böyük xərc istəmir. Yol tam dağılsa, onun bərpası böyük vəsait istəyər".

Torpaq sürüşür
Torpaq sürüşür

Qarabağ müharibəsi veteranı, Burzubənd kənd sakini Səxavət Əlizadənin sözlərinə görə də, yolun indi təmir edilməsi vacibdir: "Üç medalla təltif olunmuşam. İş olmadığına görə ev təsərrüfatı ilə məşğulam. Söz veriblər, işlə təmin edəcəklər. Yolun bizim kəndən keçən hissəsində elə də dağıntı yoxdur. Yuxarıda ola bilər. Yolun təmirə ehtiyacı var".

"Kəndlərin ara yolları daha pis gündədir"

Dağa qalxdıqca yol çətinləşir. Yolun elə yerləri var ki, asfalt ovulub, dərin çalalar əmələ gəlib. Yolda piyadalar da var. Piyadalardan biri deyir ki, kəndlərin ara yolları daha pis gündədir: "Deqədi-Pəlikəş yolunu çəkəndə o qədər sevindik ki... Sovet dövründə bura torpaq yolu olub. İri maşınlarla, atla hərəkət ediblər. Əvvəllər maşın bizi rayon mərkəzinə 1-2 manata aparırdısa, indi 5-6 manata aparır. Sürücülər deyir ki, yol bərbaddır, maşının təmirinə çoxlu pul gedir. Payızda, qışda palçıq, yayda toz. Uşaqlar məktəbə gedə bilmir. İndi hansı əsrdir! Gəlin kənd yollarına baxın. Deqədi-Pəlikəş yolu da dağılır".

Burzubənd kəndi
Burzubənd kəndi

Yolun keçdiyi kəndlərdə təbii qaz yoxdur. İşıq isə, deyilənə görə, fasilələrlə verilir. Amma qazlaşma işinə başlanıb.

İcra hakimiyyətindən deyilənlər...

Astara Rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Xanverdi Şirinov səslənən şikayətlərlə bağlı bunları söylədi: "Biz bilirik o yolda nə baş verib. Yol salınandan 10 il sonra əsaslı təmirə qalır. Ona görə də dağılmış yerlərə çınqıl tökürük. Əsasən, sürüşmə nəticəsində dağıntı baş verir. Hazırda orda maşınlar hərəkət edir. Yolun yuxarı hissəsində də torpaq sürüşməsinin qarşısını almaq üçün tədbirlər görmüşük".

Deqədi-Pəlikəş yolu 12 min əhalisi olan 21 kəndi birləşdirir.

XS
SM
MD
LG