Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Türkiyədən Avropaya miqrant göstərisi – Qərb mediası


Vanda saxlanmış əfqan ailə
Vanda saxlanmış əfqan ailə

Türkiyədə hazırda 3.5 milyonadək suriyalı və 300 min əfqanın olduğu bildirilir

Türkiyə hakimiyyəti jurnalistləri miqrantlara qarşı reydləri, sərhəddə təhlükəsizlik səddinin qurulmasını sənədləşdirməyə dəvət edir. Məqsəd Avropa İttifaqına (Aİ) Türkiyənin bloku bütünlükdə qoruduğunu göstərməkdir. Bu haqda “Politico.eu” yazır.

Noyabrda silahlı Türkiyə əsgərləri Van şəhərində sərhədi qanunsuz keçmiş əfqanların yerləşdiyi məkana belə bir basqın gerçəkləşdirmişdi.

İranla sərhəddə yerləşən Van vilayəti, Türkiyə rəsmilərinin sözlərinə görə, miqrasiya böhranının ön xəttidir. Reyddən bir neçə saat öncə Van vilayətinin valisi Mehmet Emin Bilmez jurnalistləri sərhəd yaxınlığına yığmışdı.

“Avropa rəsmiləri zaman-zaman Vanda olurlar və mən onlara deyirəm: Avropanın təhlükəsizlik problemi Yunanıstan, yaxud Bolqarıstandan başlamır, buradan başlayır”, – Bilmez deyir.

“Aİ komfort zonada yaşayır. Belə yaramaz. Bir yerdə işləməliyik”, – bunu isə Türkiyə Xarici işlər nazirinin Aİ ilə münasibətlərə nəzarət edən müavini Faruk Kaymakçı söyləyir.

Siyasi məqsədlər

Məqalədə deyilir ki, Türkiyədə 4 milyona yaxın sığınacaq axtarışında olan şəxs yerləşib. Bu, dünyanın istənilən ölkəsindən çoxdur. Onların böyük əksəriyyəti isə Aİ-yə getmək istəyir. Aİ bunu anlayaraq son illər Türkiyəyə bu şəxslərin yerləşdirilməsi, tibbi qayğı, təhsili, eləcə də təhlükəsizlik tədbirləri üçün 6 milyard avro ayırıb. Məsələn, sərhəddə 103 müşahidə qülləsinə Aİ də maliyyə dəstəyi göstərib.

Məqalədə bu məsələdən bəzi gizlin məqsədlər üçün istifadə edilməsindən söz açılır. Prezident Receb Tayyib Ərdoğan ölkədə bir sıra kəskin problemlərlə üzləşir, inflyasiya yüksəlir, milli valyuta sabit deyil və bu zaman miqrasiyadan sipər kimi istifadə yerinə düşür. “Bu məsələ Aİ-dən yardım gətirir, beynəlxalq diqqətə səbəb olur. Ərdoğanı effektiv siyasi mesajla təmin edir”, – məqalədə deyilir.

“Aİ-nin miqrasiya qorxusu Ərdoğanın əlində çox yaxşı bir alətdir, terrorçuluq kimi milli təhlükəsizlik problemləri yaşadığı Şərqdə sərhəd arxitekturasını möhkəmləndirməkdən ötrü Aİ-dən müxtəlif maddi və siyasi güzəştlər əldə edir”, – Aston Universiteti və İstanbul Siyasət Mərkəzindən Karolina Auqustuva deyir.

Saxlanma mərkəzləri

Hazırda Türkiyə üzrə 27 mərkəzdə 16 minədək şəxs deportasiyasını gözlənir. Bunlardan başqa sərhəd boyunca saxlanma mərkəzləri, aeroportların tranzit zonaları, polis məntəqələrindən də müvəqqəti obyektlər kimi istifadə olunur.

Türkiyədə 3.5 milyonadək suriyalı və 300 min əfqanın olduğu bildirilir. Avqustda Taliban Əfqanıstanı ələ keçirəndən sonra bu ölkəyə üz tutan əfqanların sayı arta bilər. Elə bu narahatlıqdan dolayı Türkiyə rəsmiləri daha çox təhlükəsizlik yardımı istəyirlər.

Faruk Kaymakçı kimi rəsmilər Aİ-yə Türkiyənin bütün Avropanın miqrasiya yükünü daşıması mesajını göndərirlər. “Avropa və NATO-nun sərhədləri Türkiyənin cənub və cənubşərq sərhədləridir”, – Kaymakçı vurğulayıb.

Nazir müavini ölkəsinin miqrantlardan alət kimi istifadə olunması iddialarını da təkzib edib. “Alət kimi istifadə etsəydik, ən böyük miqrant əhalinin yaşadığı ölkə olmazdıq”, – o deyib.

XS
SM
MD
LG