Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:41

Putinin hədələri zəifliyini pərdələmək üçündür – Qərb mediası


Ukraynada Qazaxıstana dəstək aksiyası
Ukraynada Qazaxıstana dəstək aksiyası

Ozünü rus millətçiliyinin təcəssümü kimi təqdim edən Putin öz hakimiyyətinə olan hədələrlə ölkəyə olan hədələri qarışdırıb

“Rusiya dörd bir yandan mühasirədədir. Ölkənin düşmənləri sərhədlərə doğru irəliləyirlər. Düşmən NATO alyansı Rusiyanın tarixən və ruhən bir hissəsi olan Ukraynanı özünə qatmaqla hədələyir. Bütün bunları dəf etmək vəzifəsi isə Böyük Pyotrun, Birinci Aleksandrın və İosif Stalinin varisi olan Vladimir Putinin üzərinə düşüb”.

The Financial Times (FT) qəzetində Britaniya jurnalisti Gideon Rakman yazır ki, Rusiya hökumətinin Qərblə mühüm danışıqlar ərəfəsində apardığı təbliğatın ana xətti məhz belədir.

Rusiya Ukrayna ilə sərhədinə böyük qoşun toplayıb, qonşusunu müdaxilə ilə hədələyir, amma iddia edir ki, bu, onun NATO-nun genişlənməsinə müdafiə tipli reaksiyasıdır.

Moskvadakı Carnegie Mərkəzinin direktoru Dmitri Trenin izah edir ki, “Ukrayna Putinin son istinadgahıdır”.

FT yazır ki, Kremlin versiyası cəfəngiyyatdır. NATO-nun Rusiyaya hücum etməsi riski yoxdur. 1990-cı illərdə bu qədər çox ölkənin NATO-ya qoşulmasının isə bircə səbəbi var: Onlar Rusiya təcavüzündən qorxurlar. Ukraynanın isə hazırda NATO-ya üzv olması üçün real perspektiv yoxdur.

Məqalədə deyilir ki, məhz bu səbəbdən də bu həftə aparılan danışıqlarda istənilən nəticə, istənilən güzəşt Putinin təhlükəsizlik problemini həll etməyəcək. Çünki Rusiya liderinə başlıca təhlükə ölkənin xaricində yox, daxilindədir.

NATO-dan böyük təhlükə - Navalnı

FT yazır ki, keçən il bu vaxtlar müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları bütün Rusiyanı bürümüşdü.

Onun hazırladığı videolar Putin və onun yaxın dostlarının dəbdəbəli həyatını faş edirdi. Məhz buna görə də Kreml ölkə daxilindəki opponentləri “xarici agent” adı ilə damğalayır. Əslində isə bunlar adi rusiyalılardır. Onlar hökuməti xoşlamır və bilirlər ki, saxta seçkilər heç bir dəyişiklik gətirməyəcək.

Məqalədə deyilir ki, Navalnı Putin üçün NATO-dan da böyük hədə olaraq qalır.

Ozünü rus millətçiliyinin təcəssümü kimi təqdim edən Putin öz hakimiyyətinə olan hədələrlə ölkəyə olan hədələri qarışdırıb. Halbuki Putinin şəxsi təhlükəsizliyi ilə ölkənin milli təhlükəsizliyi eyni şey deyil.

Amma bütün bunlara baxmayaraq Putinin ölkə daxilindəki problemləri ilə onun xarici təcavüzləri arasında əlaqə var. Hər hansı müharibə Rusiya lideri üçün millətçi dəstək dalğası yarada bilər.

Ən əsası isə budur ki, Putin Rusiya sərhədlərində yalnız kremlsayağı rejimə uyğun korrupsiyalı avtorkartiyalara dözə bilər. Əsl demokratiya alternativ model kimi Rusiya müxalifətini ürəkləndirə bilərdi. Azad ölkənin Kremlin qucağından qaçıb Qərbə sığınacağına daha böyük ehtimal var.

Nazarbayevlərin xaricdəki mülkləri

Financial Times yazır ki, məhz bu səbəbdən də Amerika Putinə onun tələb etdiyi “nüfuz dairəsini” vermək qabiliyyətində deyil.

Kremlin Rusiyanın sərhədlərində üstünlük verdiyi korrupsiyalı avtokratiyalar özlərinin yaratdıqları sosial müqavimətə görə qaçılmaz şəkildə qeyri-sabitdirlər.

2013-2014-cü illərdə Ukrayna üsyanı məhz rusiyayönlü korrupsiyalı hakimiyyətə son qoyub.

FT yazır ki, ABŞ-Rusiya danışıqlarının ərəfəsində qonşu Qazaxıstandakı etirazları yatırtmaq üçün ora qoşun göndərmək Kreml üçün narahatlıq yaradıb.

Orta əməkhaqqının aya 570 dollar olduğu bu ölkədə 1991-2019-cu illərdə prezident olmuş Nursultan Nazarbayevin ailəsinin təkcə xaricdə sahibləndiyi mülklərin dəyəri azı 785 milyon dollardır.

Məqalədə deyilir ki, Qazaxıstandakı çaxnaşma hakim dairələr arasındakı çəkişmə ilə bağlı ola bilər, amma bu sayaq problemlər adətən korrupsiyalı avtorkratiyalarda baş qaldırır. Sərvət xarici sistemin bir hissəsi kimi bölüşdürüləndə hakimiyyətdəki istənilən dəyişiklik sabitsizlik yaradır. Bu dilemma Putinə tanış ola bilər.

Təcavüz Putin rejimini xilas etməyəcək

FT yazır ki, Qazaxıstan Rusiyanın yaxın qonşuluğunda təlatüm içində olan yeganə ölkə deyil. Belarusda 2020-ci ilin seçkisi oğurlanandan bəri yerli diktator Alyaksandr Lukaşenka daxili müxalifəti amansızlıqla əzib.

Məqalədə deyilir ki, müasir Rusiya Sovet İttifaqındakı vəziyyətə təhlükəli şəkildə yaxındır. Sovet İttifaqı da qonşuları özünə “dost” saxlamaq üçün onları müdaxilə ilə təhdid edirdi.

FT yazır ki, qısa, müzəffər müharibə Putini müvəqqəti gücləndirə bilər. Lakin 2022-ci ildə Ukraynaya müdaxilə Putin sisteminin sağ qalmasını təmin etməyəcək. 1968-ci ildə Çexoslovakiyaya müdaxilə Sovet İttifaqını xilas etmədiyi kimi. Son nəticədə Putinin vəziyyəti daha da zəifləyəcək. Əgər müharibə uzansa, Rusiya qurbanlar verəcək, iqtisadiyyatı tükənəcək və ölkə daha da təklənəcək.

Ukraynaya hücum NATO-nun varlığına yeni bir məna verəcək və onun genişlənməsinə yol açacaq. Hazırda Rusiyanın hədəli ritorikasından xofa düşən Finlandiya və İsveç şimal alyansına qoşulmaq məsələsini müzakirə edirlər.

Əgər lap Rusiyaya Kiyevdə oyuncaq rejim yaratmaq müyəssər olsa da, Moskvanın təcavüzü Ukrayna millətçiliyinə təkan verəcək. Özlüyündə bu, Kreml üçün çox qəribə bir qələbə olacaq.

XS
SM
MD
LG