Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:27

Həbsdəki sabiq icra başçısı: 'Həbsim sifarişlidir'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev iddia edir ki, o, sifarişlə həbs olunub. Sabiq icra başçısı yanvarın 24-də məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən belə deyib.

Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 2012-2020-ci illərdə İmişlinin sosial-iqtisadi inkişafı, aztəminatlı vətəndaşlara ayrılan külli miqdarda büdcə vəsaitlərinin yeyintisi, torpaq sahələrinin ayrılması, müxtəlif vəzifələrə təyin etdirmək, himayədarlıq adıyla milyonlarla rüşvət almaqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin etdirmək üçün 70 min manat, İmişli Olimpiya İdman Kompleksinə rəhbər təyin etdirməkdən ötrü 10 min manat rüşvət alıb.

Bundan başqa, sabiq icra başçısı bələdiyyə sədrlərinə də rüşvət qarşılığında himayədarlıq etməkdə suçlanır.

"Hamısı şər-böhtandır"

Ona qarşı külli miqdarda mənimsəmə, vəzifədən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı ilə yanaşı, həm də qanunsuz silah saxlama ittihamı irəli sürülüb.

İttihamlara münasibət bildirən sabiq icra başçısı onların heç birini qəbul etməyib.

"Özümü qətiyyən təqsirli bilmirəm. Heç bir sübut-dəlil yoxdur. Hamısı şər-böhtandır. Həbsim sifarişlidir", – Hacıyevin sözləridir.

Hacıyevin vəkilləri onun mühakiməsinin onlayn qaydada keçirilməsini istəyib. Müdafiəçilər deyir ki, keçmiş məmurun durumu onun hakim qarşısında dayanmasına imkan vermir. Vəkil yada salıb ki, bir müddət öncə koronavirusa yoluxan Hacıyev xəstəliyi çox ağır keçirib, iki həftə komada qalıb. Ardınca sidik kisəsindən əməliyyat olunub: "Bunun nəticəsi olaraq, məhkəmə zalında 10 dəqiqədən artıq dayana bilmir. Məhkəmə zalını tərk etmək məcburiyyətində qalır. Nəticədə hər dəfə fasilə verilir. Bu isə həm özü, həm də digər proses iştirakçıları üçün narahatlıq yaranır. Buna görə də xahiş edirik, məhkəmə onlayn qaydada keçirilsin".

Ev dustaqlığına da buraxılmayıb

Müdafiəçiləri daha bir xahişi isə bu olub ki, sabiq icra başçısı məhkəmə zalındakı şüşə kabinədən çıxarılsın, vəkillərinin yanında əyləşməsinə icazə verilsin. Çünki şüşə kabinədə nəfəs çatışmazlığından əziyyət çəkir.

Hakimlər müdafiə tərəfinin hər iki istəyinə "yox" deyib. Arqument də bu olub ki, Hacıyevin saxlandığı Penitensiar Xidmətin Müalicə Müəssisəsinin baş həkimi onun məhkəmə qarşısına çıxa biləcəyi barədə məktub verib. Ona görə də onlayn məhkəmə keçirməyə ehtiyac yoxdur.

Belə olan halda, müdafiəçilər Hacıyevin ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkilləri onun Qarabağ müharibəsi veteranı olmasını yada salıblar: "Bunun da adı üstündə dustaqlıqdır, sadəcə, ev şəraitində. Bu adamın xəstəlikdən sonra ev şəraitində reabilitasiyasına nə mane olur ki?".

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Sabiq icra başçısının məhkəməsi yanvarın 28-də dindirmələrlə davam edəcək.

Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

XS
SM
MD
LG