Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Bölmədə xanımını qətlə yetirən polis: '...O söz məni qıcıqlandırdı...'


Polis
Polis

Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsində ondan şikayətə gedən həyat yoldaşını öldürməkdə suçlanan İsmayıl Məmmədov özünü qismən təqsirli bilir. Deyir ki, bölməyə gələndə həyat yoldaşını öldürmək niyyəti olmayıb. Əksinə, övladları ilə vidalaşıb çıxıb həyətdə tabel silahıyla özünü öldürmək istəyib. Amma hadisələr elə cərəyan edib ki, son nəticədə Xanım Məmmədovanı qətlə yetirib. Özü də xidməti silahı olan "Zəfər" tapançasındakı 15 güllənin hamısını atıb. Amma deyir ki, bu qədər atəşi necə açdığını özü də bilmir.

Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona CM-in 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında yazılıb ki, ər-arvad arasında münasibətlər son vaxtlar gərginləşib. Hadisədən bir gün əvvəl Məmmədov həyat yoldaşını döydüyünə görə o, Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət edib. Ertəsi gün səhər saatlarında onu şikayəti ilə əlaqədar Nizami rayonu, 24-cü polis bölməsinə dəvət ediblər. Məmmədova bibisi və iki uşağıyla bölməyə gedib.

"Mən onu sevmişəm, qorumuşam, qısqanmışam..."

Təhqiqatçı Füzuli Qurbanov telefonla Məmmədova həyat yoldaşının ondan şikayətçi olduğunu, polis əməkdaşı olduğuna görə onunla bağlı araşdırmaların prokurorluqda davam edəcəyini bildirib. Bölməyə gələn Məmmədov təhqiqatçıya bildirib ki, uşaqlarını görüb gedəcək. O, həyat yoldaşına barışmaq istədiyini bildirsə də, Məmmədova imtina edib.

Nizami rayon Post-Patrul Xidmətinin əməkdaşı olan Məmmədov təhqiqatçının otağında, uşaqlarının gözünün qarşısında həyat yoldaşını qətlə yetirməkdə suçlanır.

Təqsirləndirilən sabiq polis əməkdaşı deyir ki, həyat yoldaşına qarşı həmişə qısqanc olub: "Universitetdə oxuyanda onu aparıb-gətirməkdən ötrü işimdə gecə növbəsinə keçdim. Əvvəldən razılaşmışdıq ki, valideynlərinin əziyyətinə görə oxuyacaq, amma işləməyəcək. Mən onu sevmişəm, qorumuşam, qısqanmışam...".

"Xoşagəlməz ifadələr işlətdi"

Həyat yoldaşının işlədiyi ərazi üzrə bölməyə şikayət etməsinin ona pis təsir etdiyini, rüsvay olduğunu, üstəlik, bölmədə olarkən rəisin də ona irad bildirdiyini deyən Məmmədovun sözlərinə görə, intihar etməyi qətiləşdirmişdi. Uşaqlarıyla da bu üzdən vidalaşmaq istəyirdi. Buna baxmayaraq, həyat yoldaşıyla da barışmağa cəhd edib, ondan üzr istəyib.

"Hamı eşidə-eşidə, mənimlə posta çıxan polislərin yanında ünvanıma xoşagəlməz ifadələr işlətdi... Özümü öldürmək istəyirdim, o söz məni qıcıqlandırdı", – deyən Məmmədov hadisənin bir anda baş verdiyini deyir. O, əməlindən peşman olduğunu da vurğulayıb.

Hadisə 2021-ci il sentyabrın 30-da baş verib. İsmayıl Məmmədovun ittiham olunduğu maddədə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG