Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:26

Rusiya-Ukrayna gərginliyinin Azərbaycana mümkün iqtisadi təsirləri


Rusiya Ukrayna yaxınlığında təlimlər keçirir, ABŞ Avropaya əlavə qüvvələr atır
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Rusiya Ukrayna yaxınlığında təlimlər keçirir, ABŞ Avropaya əlavə qüvvələr atır

Neftin qiyməti 100 dollara çatır

Ötən ilin sonlarından bəri Rusiya Ukraynanın şərq sərhədlərinə qoşun toplamağa başlayıb. Həmin sərhəddə çox sayda canlı qüvvə və hərbi texnikanın cəmləşməsi, təbii ki, genişmiqyaslı hərbi toqquşma ehtimalını ağla gətirir. Bəzi ölkələrin diplomatlarını Ukraynadan çıxarması, öz vətəndaşlarını bölgəyə səfər etməməyə çağırması, tərəflər arasında diplomatik danışıqların real nəticələr verməməsi mövcud təlaşı daha da artırır. İki ölkə arasındakı hərbi-siyasi gərginlik dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Son günlər özəlliklə neft qiymətlərində ciddi artım gözə çarpır. Bu, enerji bazarlarında ciddi dəyişikliklər doğuran 2014-cü ildən bəri ən yüksək qiymətlərdir.

Dünya bazarlarında neftin bir barelinin qiyməti artıq 100 dollara yaxınlaşıb. Neftin bahalaşmasının əsas səbəblərindən biri kimi məhz Ukraynayla Rusiya arasında savaş ehtimalı göstərilir. Belə ehtimallar mümkün müharibənin böyük neft-qaz istehsalçısı olan Rusiyada istehsalı azalda, eləcə də enerji resurslarının nəqlində yaşana biləcək problemlərdən qaynaqlanır. Təbii ki, Rusiyaya tətbiq edilə biləcək sanksiyalar da gözardı edilmir.

Münaqişə Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

Ukrayna və Rusiya arasındakı gərginliyin iqtisadi təsirləri Azərbaycanı da əhatə edir. İxracın 90 faizə yaxınını neft və qaz sənayesi təşkil edən Azərbaycanda 2022-ci ilin büdcəsi tərtib olunarkən neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb. İndi dünya bazarlarında Azərbaycan neftinin qiyməti 100 dollar civarındadır. Deməli, ölkə gözləniləndən daha çox gəlir əldə edəcək. Mərkəzi Bankın sədri Elman Rüstəmov da mediaya açıqlamasında bildirib ki, "Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması, təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir".

O biri yandan, Ukrayna-Rusiya münasibətlərinin kəskinləşməsi Avropanın enerji təhlükəsizliyinə diqqəti çoxaldıb. Azərbaycanın Avropaya qaz nəql etməsi ölkənin Avropa üçün önəmini artırır və hökumət bundan siyasi və iqtisadi dividentlər əldə edə bilər. Avropa Birliyində düşünürlər ki, Rusiyaya qarşı gözlənilən sanksiyalar tətbiq edilsə, Rusiya da buna cavab olaraq Avropaya göndərdiyi təbii qazın miqdarını azalda bilər. Rəsmi rəqəmlərə görə, Avropa Birliyinin təbii qaz idxalının 40 faizdən çoxu Rusiyadan təmin edilir. Avropaya qaz nəql edən ölkələrdən biri olması bu riskləri məhdudlaşdırmaq baxımından Azərbaycanı önəmli ölkələrdən birinə çevirir.

Təsadüfi deyil ki, Avropa Birliyinin Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırmasına dair bəyanatı qurumun Avropaya qaz təchizatını artırmaq üçün rəsmi Bakıyla müzakirə apardığı vaxta təsadüf edir. 2 milyard avro çox önəmli məbləğdir. Bu vəsait Azərbaycanın illik qeyri-neft sektoru ixracına və ya ilboyu bütün büdcə gəlirlərinin təxminən 15 faizinə bərabərdir.

Müharibənin Azərbaycan üçün riskləri

Mümkün müharibə Azərbaycanın əsas ixrac məhsulları olan enerji məhsullarının qiymətini artıra və iqtisadi baxımdan ölkəyə sərfəli görünə bilər. Ancaq Ukrayna və Rusiya arasında münasibətlərin kəskinləşməsi Azərbaycana risklər də yaradır. Öncə ona görə ki, hər iki ölkədə çox sayda azərbaycanlı yaşayır. Azərbaycanın statistika qurumu xaricdə yaşayan azərbaycanlıların real sayına dair dolğun bilgilər verməsə də, digər qaynaqlar bu barədə təsəvvür yaradır. "Migration Policy Institute"un bir neçə il öncə açıqladığı rəqəmlərdə Rusiyada 767 min, Ukraynada isə 82 min Azərbaycan vətəndaşının yaşadığı bildirilirdi. Həmin ölkələrdə uzun illər yaşayıb vətəndaşlıq alan şəxsləri də diqqətə alanda bu rəqəm daha artar. Bu üzdən, bəzi mənbələrdə Ukraynada 500 min, Rusiyada isə 2 milyondan çox etnik azərbaycanlının yaşadığı deyilir.

Ötən ilin aprelində Rusiya daxili işlər naziri ölkədə 120 min azərbaycanlının qanunsuz yaşadığını bildirmişdi. Rəsmi rəqəmlərə görə, son 5 ildə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı 70 min nəfərə yaxındır. Təkcə 2020-ci ildə bu rəqəm 20 mini ötmüşdü.

Adı çəkilən ölkələrdəki mümkün müharibə, təbii ki, orada yaşayan insanların da gəlirini azalda bilər. Bu isə Rusiya və Ukraynada çalışan əmək miqrantlarının Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitə təsirsiz ötüşməyəcək. Elə Mərkəzi Bankın son göstəricilərindən də aydın olur ki, hər iki ölkə Azərbaycana pul baratlarının ən çox göndərildiyi ölkələr siyahısındadır. Ötən ilin ilk 9 ayında Azərbaycana pulköçürmə sistemləri vasitəsi ilə toplam 772 milyon dollar göndərilib. Bu vəsaitin 409 milyon dolları, yəni yarısından da çoxu Rusiyadan göndərilib. Həmin müddət ərzində Ukraynadan Azərbaycana 21 milyon dollara yaxın pul köçürülüb, başqa sözlə, Ukrayna Azərbaycana ən çox pul göndərən 6-cı ölkə olub. Deməli, müharibə baş verərsə, hər iki ölkədə iqtisadi çətinliklər yaranacaq və nəticədə Azərbaycandakı yüz minlərcə ailə həmin ölkələrdən göndərilən pullardan məhrum qalacaq.

Azərbaycanın toplam ticarətinin 12 faizi Ukrayna və Rusiyanın payına düşür

Rusiya və Ukrayna Azərbaycanın ticarət əlaqələrində də vacib yer tutur. Ötən il Azərbaycanın toplam ticarət dövriyyəsi təxminən 33 milyard dollar olub. Bu dövriyyənin 4 milyard dollara yaxını - 12 faizi sırf sözügedən iki ölkənin payına düşür. Rusiya Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir. Təkcə ötən il Rusiyadan gətirilən məhsullara, azı, 2 milyard dollar xərclənib. Azərbaycanın Ukraynadan gətirdiyi məhsulların dəyəri isə yarım milyard dollara yaxın olub. Bu göstərici ilə Ukrayna Azərbaycanın ən çox idxal etdiyi ölkələrin ilk beşliyində yer tutub.

İxraca gəlincə, ötən il Azərbaycan Rusiyaya 921 milyon dollar dəyərində məhsul göndərib. Bu göstərici ilə Rusiya Azərbaycanın ən çox ixrac həyata keçirdiyi üçüncü ölkə olub. Rusiya eyni zamanda Azərbaycanın qeyri-neft sektoru məhsullarının əsas alıcısıdır. 2021-ci ildə ölkənin qeyri-neft sektoru məhsullarının üçdə biri məhz Rusiyaya göndərilib. Ötən il ərzində Ukraynaya ixracatın dəyəri 452 milyon dollar civarındadır. Bu baxımdan, Rusiya və Ukraynada iqtisadi infrastrukturun zərər görməsi və iqtisadi problemlər yaşanması Azərbaycanın ticarət əlaqələrinə də təsir göstərə bilər.

Ukrayna həm də Dövlət Neft Şirkətinin (SOCAR-ın) əsas fəaliyyət istiqamətlərindən biridir. SOCAR Ukraynadakı fəaliyyətini "SOCAR Energy Ukraine" şirkəti vasitəsilə gerçəkləşdirir. Həmin qurum 2009-cu ildə yaradılıb. İndi Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və dörd neft bazası var. SOCAR Ukraynada fəaliyyətə başladığı dövrdən bəri bu ölkəyə toplam 300 milyon dollardan çox sərmayə yatırıb.

XS
SM
MD
LG