Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Almaniya 'Şimal axını-2'nin sertifikasiyasını təxirə salır


İllüstrativ foto
İllüstrativ foto

ABŞ Prezidenti Co Bayden deyirdi ki, Rusiya Ukraynanı işğal edərsə, “Şimal axını-2 daha olmayacaq. Sizə söz verirəm, onu bitirəcəyik”

Almaniya Kansleri Olaf Şolts deyir ki, ölkəsi qalmaqallı “Şimal axını-2” qaz kəmərinin sertifikasiya prosesini təxirə salır. Bu kəmər Rusiya qazını Almaniyaya Baltik dənizin dibiylə nəql edəcəkdi. Qərar Rusiyanın Donbasda separatçı qurumları tanımasından sonra açıqlanıb.

Şoltsun fevralın 22-də jurnalistlərə dediyinə görə, dövlət qurumundan 11 milyard dollarlıq kəmərin sertifikasiyasını dayandırmağı xahiş edib.

Sertifikasiya olmasa...

“Bu, texniki addım kimi səslənir. Amma vacib administrativ addımdır, çünki kəmərin sertifikasiyası olmasa, Şimal axını-2 işə düşə bilməz”, – o deyib.

Bu addımın kəmərin işə düşməsini nə qədər yubadacağı, sertifikasiya prosesinin nə vaxt bərpa ediləcəyi bəlli deyil. Kəmərin tikintisi başa çatıb, amma yekun sertifikasiyanı gözlədiyindən işə salınmayıb.

Birləşmiş Ştatlar və Avropanın bəzi ölkələri kəmərə qarşı çıxır, onun Avropanın Rusiyanın enerji təchizatından asılılığını artıracağını deyirdilər.

Vaşinqton bildirir ki, bu kəmər Ukraynaya iqtisadi ziyan vuracaq, çünki Rusiyadan qaz ixracının Ukraynadan yan keçməsinə imkan verəcək. Bununla da Kiyev ildə milyardlarla dollarlıq tranzit haqqından məhrum olacaq.

Baydenin vədi

Şoltsun sözlərinə görə, hökumət son hadisələrdən dolayı kəmərin sertifikasiyasına “yenidən baxmağa” qərar verib. “Bu, müəyyən zaman alacaq, belə demək mümkünsə”, – o deyib.

ABŞ Prezidenti Co Bayden deyirdi ki, Rusiya Ukraynanı işğal edərsə, “Şimal axını-2 daha olmayacaq. Sizə söz verirəm, onu bitirəcəyik”.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də bu kəmərin bağlanmasını tələb edib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki separatçı respublikaları tanıyıb, regiona ordu yeritmək qərarı verib.

Zelenski Rusiyanı addımlarına görə “dərhal sanksiyalarla” cəzalandırmağa, “Şimal axını-2”ni tamamilə dayandırmağa çağırıb.

XS
SM
MD
LG