Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:21

BMT: Müharibə uzanarsa, ukraynalıların 90 faizi yoxsullaşa bilər


Ukraynalı qaçqınlar Polşada
Ukraynalı qaçqınlar Polşada

UNDP ilkin təcili addım kimi 250 milyon dollar ayrılmasını təklif edir

Rusiyanın Ukraynanı səbəbsiz işğalı uzadılmış münaqişəyə çevrilərsə, bu Şərqi Avropa ölkəsinin 44 milyonluq əhalisinin 30 faizi yoxsullu həddinə düşə, daha 62 faizi isə bir il ərzində yoxsullaşma riskilə üzləşə bilər. Bu xəbərdarlıqla BMT-nin İnkişaf Proqramı (UNDP) martın 16-da çıxış edib.

UNDP Ukrayna hökumətinin hesablamasına istinad edir – indiyədək müharibə azı 100 milyard dollarlıq vacib infrastrukturun sıradan çıxmasıyla nəticələnib. Buraya yollar, körpülər, xəstəxanalar daxildir. Ukraynada bizneslərin azı yarısı bağlanıb, digər yarısı isə tam gücüylə işləmir.

Sülh çağırışı

“Ukrayna müharibəsi ağlagəlməz insan fəlakətinə səbəb olur, həyatlar faciəvi şəkildə itirilir, milyonlarla insan köçkünə çevrilir. Ukraynalılara təcili humanitar yardım çox vacibdir, uzanan müharibənin inkişafa ağır təsirləri indi daha aşkar görünür”, – UNDP-nin administratoru Açim Steyner deyib.

BMT-nin ən böyük agentliklərindən olan UNDP Ukrayna hökumətilə uzun müddətdir tərəfdaşlıq edir, ölkənin 24 administrativ region və azı 332 bələdiyyəsində fəaliyyət göstərir. Qurum fövqəladə böhrana reaksiya vermək üçün geniş şəbəkəsini mobilizə etdiyini bildirir.

UNDP eyni zamanda münaqişəni dərhal dayandırmağa çağırır.

“Əlavə əziyyət, dağıntı və yoxsullaşmanı önləmək üçün indi bizə sülh lazımdır”, – Şteyner vurğulayıb.

250 milyon dollar ayrılsa...

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. UNDP Ukraynada işini davam etdirir, münaqişənin Ukraynanın rifahına təsirini azaltmaq üçün bir neçə tədbir təklif edib. Onlardan biri ölkə boyunca kəskin ehtiyac içində olanları əhatələyəcək nağd pul yardımıdır.

UNDP ilkin təcili addım kimi 250 milyon dollar ayrılmasını təklif edir. Bu məbləğ yoxsulluq riskiylə üz-üzə olan 2.6 milyon nəfər üçün təhlükəsizlik toru rolunu oynaya bilər.

“İlkin dəyərləndirmələrə görə, daha yaxşı, adambaşına günə 5.50 dollarlıq əsas gəlir aya 430 milyon dollar deməkdir”, – UNDP bildirir.

Qurum milyonlarla ukraynalı qaçqına kömək üçün BMT-nin qaçqınlar üzrə agentliyi olan UNCHR ilə işləməyi planlaşdırır.

Müharibə başlayandan azı 2 milyon ukraynalının qaçqın düşdüyü bildirilir.

XS
SM
MD
LG