Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:36

Erməni məktəblilərini 'Z' şəklində düzüblər


Gümrüdəki 19 nömrəli rus məktəbinin həyəti
Gümrüdəki 19 nömrəli rus məktəbinin həyəti

Xəbər verilir ki, məktəbin müdiriyyəti uşaqlara həm də üzərində “Z” yazılmış vərəqlər paylayıb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Gümrüdəki rus məktəbinin 13-14 yaşlı şagirdləri Ukraynadakı müharibə barədə yalnız xəbərlərdən eşidiblər və bu səbəbdən də Ukraynaya müdaxilə edən hərbi texnikanın üstündə yazılan “Z” simvolu haqqında anlayışa malik deyillər.

Azatutyun yazır ki, buna baxmayaraq Gümrü məktəbinin şagirdlərini məktəb həyətində, şaxtalı bir havada “Z” hərfi şəklində düzüblər.

Xəbər verilir ki, məktəbin müdiriyyəti uşaqlara həm də üzərində “Z” yazılmış vərəqlər paylayıb.

Azatutyunun məqaləsində deyilir ki, uşaqlar Ukrayna müharibəsindən minlərlə kilometr aralıda olan Gümrüdə bu tədbirin kim tərəfindən təşkil olunduğunu, onların şəkillərinin niyə çəkildiyini və internetdə niyə yayıldığını bilmirlər.

Məqalədə deyilir ki, 19 nömrəli rus məktəbi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ərazisində yerləşir və Rusiyanın Müdafiə Nazirliyinin tabeçiliyindədir.

Azatutyun yazır ki, Rusiya Müdafiə Nazirliyinin icazəsi olmadan bu bazanın ərazisində hər hansı çəkilişin aparılması qadağandır. Bu səbəbdən məktəbin direktoru Azatutyunla danışmaq istəməyib.

Uşaqlardan Rusiya təbliğatı üçün istifadə olunur

Amma yuxarı sinif şagirdlərindən bəziləri anonim şəkildə danışmağa razılıq veriblər. Onlardan biri deyib:

“Bizi yığdılar. Məktəbdə bu işləri təşkil edən bir nəfər var, şənlikləri filan...O bizi həyətə toplayıb şəkillərimizi çəkməyə başladı. Uşaqlara üzərində “Z” yazılmış vərəqlər paylanmışdı. Sonra uşaqları “Z” hərfi kimi düzdülər”.

Azatutyun yazır ki, bu məktəbdə Rusiya hərbçilərinin uşaqları ilə yanaşı erməni uşaqlar da oxuyur.

Gümrüdəki Asparez jurnalist klubunun sədri Levon Barseqyan deyib ki, valideynlərin narahat olmaq üçün əsasları var, beləki onların ovladlarından Rusiya təbliğatı üçün istifadə edilib:

“Bu tədbirin keçirilməsi göstərir ki, Rusiya Federasiyası təbliğat məsələsində heç nədən çəkinmir. Onlar üçün düzgün olmayan nəsə yoxdur. Onlar uşaqlardan müharibəyə haqq qazandırmaq üçün istifadə edirlər. Məncə bu uşaqların valideynləri yaxşı-yaxşı düşünməlidirilər”.

19 nömrəli məktəbbin həyətində keçirilmiş tədbirdən foto
19 nömrəli məktəbbin həyətində keçirilmiş tədbirdən foto

“Qoy gedib öz hərbi hissələrində şadlıq etsinlər”

Gümrü ağsaqqallar şurasının keçmiş üzvlərindən biri Azatutyuna deyib ki, rəsmi Yerevan belə tədbirlərin onun mövqeyi kimi anlaşılmaması üçün hərəkət etməlidir:

“Məncə Ermənistan hakimiyyəti bazanın komandanlığı ilə bir balaca söhbət aparmalı, onları uşaqları belə tədbirlərə cəlb etməkdən çəkindirməlidir. Bugün Rusiya səfirliyinin qarşısında təcavüzkar müharibəni dəstəkləyən hansısa yürüşlər, mitinqlər təşkil edirlər. Sabah da götürüb maşınlara Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən plakatlar yapışdırarlar. Bunu nəzərə almaq lazımdır. Burda yol polisinin də, Ermənistan hökumətinin də görməli olduğu tədbirlər var. Bazanın infrastrukturunda daha nələr toqquşdurulacağını, onların ağıllarına daha nələrin gələ biləcəyini oturub gözləmək olmaz. Onlara demək lazımdır ki, “gedin öz hərbi hissənizdə şadlıq edin, bizim şəhərimizi, ölkəmizi bu təcavüzkar müharibəyə qatmayın””.

Gümrü bazasındakı Rusya hərbçiləri
Gümrü bazasındakı Rusya hərbçiləri

Ana Ermənistan abidəsinin postamentindəki “Z”

Azatutyun yazır ki, bu, Ermənistanda keçirilmiş yeganə təbliğat tədbiri deyil.

Həftənin əvvəllərində Rusiyanın Yerevandakı səfirliyinin qarşısında Ukraynaya müdaxiləni dəstəkləyən kiçik aksiya keçirilib.

Bir həftə bundan əvvəl isə Kremlin təbliğat maşının rəhbərləri, o cümlədən RT-nin redaktoru Marqarita Simonyan öz sosial şəbəkə səhifələrində postamentində qırmızı işıqlarla “Z” yazılmış Ana Ermənistan abidəsinin videosunu paylaşıblar. Bu video “Z” hərfi ilə başlanıb “V” hərfi ilə bitir.

Ukraynaya müdaxilə edən Rusiya hərbi texnikasının üstündə bu hərfin də yazıldığını görmək olar.

Azatutyun yazır ki, video müəllifinin kim olduğu bilinmir. Yerevan meriyası Azatutyuna deyib ki, müharibəyə dəstək verən heç bir tədbirdən xəbəri yoxdur və heç bir bu sayaq tədbirə icazə verilməyib.

XS
SM
MD
LG