Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:29

Pulsuzluqdan 'ağlayan', pullarını gizlədən oliqarxlar


Mixail Fridman
Mixail Fridman

İtaliyanın maliyyə qvardiyası Rusiyanın Severstal metallurguiya şirkətinin əsas sahibi və direktorlar şurasının sədri Aleksey Mordaşovun daşınmaz əmlakını həbs edib.

Mordaşov Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə üzərinə Avropa İttifaqının sanksiyaları qoyulmuş Rusiya oliqarxlarındandır.

Söhbət Sardiniya adasındakı Olbiya şəhərində dəyəri 105 milyon avro olan “yaşayış kompleksindən” gedir.

İtaliya hökuməti martın 5-də Mordaşovun yaxtasını həbs edib. Uzunluğu 65 metr olan bu yaxtanın qiyməti 65 milyon avrodur.

Reuters yazır ki, dəyirman fəhləsinin oğlu, 65 yaşlı Mordaşov Rusiyanın ən varlı adamlarından biri sayılır. Onun sərvətinin 29.1 milyard dollar olduğu təxmin edilir.

Bu arada Almaniyada Tui şirkətində son günlər baş vermiş pul transferləri araşdırılır.

The Guardian yazır ki, bu şirkətdə ən böyük səhm sahibi də elə həmin Aleksey Mordaşovdur.

Aleksey Mordaşov
Aleksey Mordaşov

Mordaşov sanksiyalarla üzləşdikdən sonra bu şirkətdəki payını arvadı Marina Mordaşovanın nəzarətində olan şirkətə köçürüb.

Dünyanın ən böyük turizm şirkəti olan Tui rəhbərliyinə məlumat verilib ki, pulun köçürüldüyü Ondero Ltd şirkəti oliqarxın arvadına məxsusdur.

Marina Mordaşova ərinin Unifirm Ltd şirkətindəki səhm payını alıb. Bu şirkət Tui şirkətinin iki əsas səhmdarından biridir.

Refinitiv data saytı yazır ki, Mordaşovlar ailəsinin Tui şirkətindəki 34 faiz səhm payının dəyəri 1.5 milyard avrodur.

Keçmiş DTK agentinin superyaxtası

The Guardian qəzetində dərc olunmuş başqa bir məqalədə xəbər verilir ki, keçmiş DTK agentinə və Rusiya prezidenti Vladimir Putinin köhnə tanışına məxsus 68 metrlik dəbdəbəli yaxta Norveç limanlarından birində ilişib qalıb.

Buna səbəb yerli hakimiyyətin yaxtaya yanacaq doldurmaqdan imtina etməsidir.

Ragnar (qədim nord dillərində “döyüşçü” deməkdir) adlı bu yaxtanın sahibi Vladimir Strjalkovskidir.

Kiçik Narvik limanındakı Norveç yanacaqdolduranları yaxtanın heyətinə “burdan üz get” komandası veriblər.

Norveçlilər bildiriblər ki, onların bu yaxtaya onun Rusiya prezidenti ilə bağlılığına görə vurulası yanacaqları yoxdur.

Yaxtanın britaniyalı kapitanı, keçmiş dəniz piyadası Rob Lankester Norveç hökumətini qanunsuz hərəkətdə ittiham edib.

O deyib ki, yaxtanın sahibinin adı sanksiya siyahısında deyil və gəminin heyətində rus yoxdur.

Sanksiya siyahısında olmasa da

Kapitan bunu da deyib ki, yaxta Maltada qeydiyyatdan keçib və Malta bayrağı altında üzür.

Lankester bildirib ki, yaxtaya yanacaq heyətin öz evlərinə qayıda bilməsi üçün lazımdır və heyət üzvlərinin yaxtanın sahibi ilə heç bir bağlılığı yoxdur.

The Guardian yazır ki, Strjalkovski öz sərvətini Norilsk Nikel şirkətinin rəhbəri kimi əldə edib.

O Avropa İttifaqının sanskiya siyahısında yoxdur və əslində Norveçin özü də Avropa İttifaqı ölkəsi deyil.

Buna baxmayaraq Avropa İqtisadi Zonasına daxil Norveçlə Avropa İttifaqı arasında bir sıra hüqüqi müqavilələr imzalanıb.

Norveç hökuməti bildirib ki, bu yaxta ona yalnız Aİ sanksiya qoyarsa müsadirə oluna bilər.

“Biz burda heç bir Rusiya gəmisinə yanacaq vurmuruq”

Lakin belə görünür, yerli norveçlilər təşəbbüsü öz əllərinə alıblar. Yerli siyasətçilər və Narvik biznes icmasının üzvləri Norveç hökumətini superyaxtaya həbs qoymağa çağırırlar.

Holmlund neft təchizatı şirkətinin sahibi Sven Holmlund jurnalistlərə deyib:

“Rusların Ukraynadakı davranışınin dillə izah olunması mümkün deyil. Biz onlara niyə güzəşt etməliyik? Qoy avar çəkərək və ya yelkənlərini qaldıraraq çıxıb getsinlər”.

Gəmilərə yanacaq verən Halbakk Bunkers şirkəti də Ragnar superyaxtasına yanacaq vurmaqdan imtina edib. Şirkətin baş meneceri Qunnar Qrann deyib:

“Biz Ukraynada baş verənlərdən agahıq. Ona görə də biz burda heç bir Rusiya gəmisinə yanacaq vurmuruq. Biz Rusiya iqtisadiyyatına hər hansı bir şəkildə xeyir verəcək heç bir hərəkətlə bağlı olmaq istəmirik”.

Bu da xəbər verilir ki, içərisində idman zallarından tutmuş spayadək bütün dəm-dəstgahı olan bu yaxtanı bu yaxınlarda 69 milyon avroya satışa çıxarıbmışlar. Amma indi onu həftəsi 40 min avrodan kirayə verirlər.

Lankester deyib ki, o Narvikdə yanacaq götürüb qonaqları qarşılamalı idi. Amma sözü gedən qrup təyin olunduğu vaxtda, 13 martda gəlib çıxmayıb.

Maaşa baxan oliqarx

Rusiyada Alfabankın əsasını qoymuş milyarder Mixail Fridman Rusiyanın Ukraynaya hücumuna görə Avropa İttifaqının sanksiya siyasına salınıb.

O qara siyahıya düşdükdən sonra Bloomberg Businessweek saytına müsahibə verib.

Biznesmen deyib ki, Rusiya sahibkarlarına qoyulmuş Qərb sanksiyalarında “məntiq” yoxdur.

Onun sözlərinə görə Avropa səhvən belə hesab edir ki, biznesmenlər Vladimir Putinin qərarlarına təsir göstərmək imkanına malikdirlər.

Bloomberg yazır ki, Fridman həqiqətən də çətin durumda qalıb. O Londonda yaşayır və elə sanksiya qoyulan günün səhəri bank kartının işləmədiyini başa düşüb.

Fridman bildirir ki, bank hesabına giriş üçün Britaniya hökumətinə müraciət etməlidir.

Lakin Britaniya hökuməti ona ən yaxşı halda bütün sərvətindən ayda yalnız 2500 funt sterlinq xərcləmək icazəsi verə bilər.

Fridman gileylənib ki, ən kiçik xərclərini, məsələn xadimələrin maaşlarını belə ödəyə bilmir.

Oliqarx bildirib ki, belə bir halla həyatında heç vaxt üzləşməyib.

Ukraynada ailəsini itirən atanın faciəsi
Gözlə

No media source currently available

0:00 0:05:18 0:00

“Heç bilmirəm bundan sonra necə yaşayacağam”

Fridmanın sözlərinə görə o, İsrail vətəndaşlığı olsa da, həmin ölkədə evi yoxdur. İndi heç orda da mənzil ala bilmir, çünki hesablarına həbs qoyulub.

Amma oliqarx etiraf edib ki, onun başına gələnlər, hazırda Ukraynda baş verənlərin yanında “heç nədir”.

Fridman deyib ki, sanksiyalardan Qərb şirkətləri ilə əməkdaşlığına görə müdafiə oluna biləcəyini düşünürmüş, amma bu, baş verməyib.

Oliqarx Bloomberg-ə “heç bilmirəm bundan sonra necə yaşayacağam” deyib.

ABŞ Rusiya elitasının Qərbdəki sərvətininin axtarışı və həbsi üçün xüsusi qrup yaradıb.

Bu qrupa Avstraliya, Britaniya, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Avropa Komissiyası daxildir.

Qrup hazırda 50 nəfəri müşahidə altında saxlayır.

XS
SM
MD
LG