Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:19

Kiyevin müdafiə taktikası dinc sakinlərə təhlükəni artırırmı (Qərb mediası)


Kiyevdə dağıdılmış mənzil
Kiyevdə dağıdılmış mənzil

“Washington Post”un son bir ayda jurnalistləri yaşayış binalarının yaxınlığında antitank raketləri, təyyarə əleyhinə silahlar, zirehli maşınlar müşahidə ediblər

“The Washington Post” qəzeti Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəsində dinc sakinlərin ölümündə Kiyevin müdafiə taktikasının rolunu araşdırıb.

Ukrayna, Qərb rəsmiləri Rusiyanı potensial hərbi cinayətlərdə ittiham edirlər. Məqalədə deyilir ki, ukraynalılar onlara xoş olmayan bir həqiqətlə üzləşirlər: ordunun Rusiyanın hücumlarından müdafiəsi dinc sakinləri təhlükəyə atır. Bir çox şəhərlərdə, demək olar, hər bir yaşayış məhəlləsi hərbiləşdirilib ki, bu da onları Rusiya qüvvələrinin potensial hədəfinə çevirir.

Rusiyaya qarşı arqumentlər zəifləyir

“Ukraynanın dinc sakinlərin ölümünə görə məsuliyyət daşıması ehtimalından danışmağa heç həvəsim yoxdur, çünki Ukrayna ölkəni təcavüzkardan qoruyur. Ancaq döyüş cəbhəsinin mülki yaşayış məskənlərinə gətirilməsi mülkilərə təhlükəni artırır”, – Londondakı Midlseks Universitetindən beynəlxalq hüquq professoru Ulyam Şabas deyib.

Artıq ikinci aydır Rusiyanın Ukraynaya hücumu davam edir. Ölkədə məktəblər, klinikalar, təcili yardım stansiyaları, ticarət mərkəzləri, elektrik və su obyektləri, avtomobillər vurulur.

Amma Ukraynanın mülki zonalara ağır hərbi texnika və digər qurğular yerləşdirmək strategiyası Qərbin və Ukraynanın Rusiyanı mümkün hərbi cinayətlər üçün hüquqi məsuliyyətə cəlb etmə cəhdlərini zəiflədə bilər, insan haqları fəalları və beynəlxalq hüquq ekspertləri belə deyirlər.

“Orada hərbi avadanlıq varsa və Rusiya hərbi avadanlığı vurduğunu deyirsə, onda onların qəsdən mülki obyektləri və dinc sakinləri vurması arqumentinə zərbə dəyir”, – “Human Rights Watch” insan haqları təşkilatının Ukraynada işləyən tədqiqatçısı Riçard Veyr bildirir.

Jurnalistlərin gördükləri

“Washington Post”un jurnalistləri son bir ayda yaşayış binalarının yaxınlığında antitank raketləri, təyyarə əleyhinə silahlar, zirehli maşınlar müşahidə ediblər. Bir boş sahədə Qrad yaylım atəşi sistemi yerləşdirilmiş maşın aşkarlayıblar. Qəzet Kiyevdən buraxılan raketlər və artilleriyanın səsinin daimi eşidildiyini yazır.

Veyr deyir ki, beynəlxalq qanunlara görə, Ukrayna ordusu dinc əhali yaşayan yerlərdən qüvvələri və avadanlığı çıxarmalıdır. Bu mümkün deyilsə, onda dinc əhalini həmin yerlərdən köçürməlidir. Əks halda, bu, müharibə qanunlarının pozulmasıdır.

Paytaxta qüvvələri yerləşdirilmiş Ukrayna 112-ci Ərazi Müdafiə Briqadasının sözçüsü Andrey Kovalyov isə bu arqumentə rişxənd edib: “Sizin məntiqə əməl etsək, gərək şəhərimizi müdafiə etməyək”, – o deyib.

“Tam müdafiə” prinsipi

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat başçısının müşaviri Aleksey Arestoviç isə qəzetin yazılı suallarına cavabında bildirib ki, ölkə parlamentinin qəbul etdiyi hərbi doktrina “tam müdafiə” prinsipinə söykənir.

Bu isə Ərazi Müdafiə Qüvvələri və digər özünümüdafiə qüvvələrinə əsasən şəhər yerlərindəki evləri qorumağa hüquqi səlahiyyət verir. Arestoviçin sözlərinə görə, beynəlxalq hüquq və müharibə qanunları bu münaqişəyə aid deyil, çünki “Putinin hərbi kampaniyasının əsas məqsədi Ukrayna dövlətinin məhvidir”. O, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın müstəqil dövlət kimi mövcudiyyətini dəfələrlə dandığını vurğulayır.

Martın 29-da İstanbulda keçirilən danışıqlardan sonra Rusiya Kiyev və Çerniqov ətrafında hərbi aktivliyi azaltmaq qərarını açıqlayıb. Bu qərardan öncə isə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu diqqətin şərqi Donbas regionuna cəmlənəcəyini bildirib.

XS
SM
MD
LG