Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:50

Travmadan sonra inkişaf, ya...


Depressiya
Depressiya

BBC psixoloqların "posttravmatik inkişaf" adlandırdığı fenomen haqda məqalə dərc edib. Məqalənin qəhrəmanı Eranda Cayavikremin uşaqlığı "Tamil pələngləri" ilə vətəndaş müharibəsinin getdiyi 1980-90-cı illərdə Şri-Lankada böyüyən zorakılıq içində keçib. Sonradan o, universitetdə psixologiya oxumaq üçün ABŞ-a köçüb və insan dözümü ilə bağlı araşdırmalar aparıb. O, xüsusən də "posttravmatik yüksəliş" konsepsiyası ilə yaxından maraqlanıb. Bu məfhuma görə, bir çox insan həyatını lərzəyə gətirən travmatik hadisələrdən sonra nəinki sağalıb özünə gəlir, həm də dəyərlərində, hərəkət və münasibətlərində müsbət transformasiya yaşayır. Bu məfhum sanki Nitsşenin məşhur "məni öldürməyən şey məni daha güclü edir" aforizmini təsdiqləyir.

Cayavikrem bu sahəni dərindən araşdırdıqca həqiqətin mediada göründüyündən daha mürəkkəb olduğunu, bir çox tədqiqatlarda isə ciddi səhvlərin olduğunu aşkarlayıb.

Təzyiq və mental fəsadlar

Cayavikremin gəldiyi nəticəyə görə, posttravmatik yüksəliş haqda deyilənlər çox şişirdilib və bunun ciddi fəsadları ola bilər.

Hazırda Şimali Karolinadakı Ueyk-Forest Universitetinin professoru olan Cayavikrem deyir ki, bəzi hallarda travmadan sonra yüksəlmə ilə bağlı ritorika insanlara təzyiq göstərə bilir. Bu ritorikaya görə, sən nəinki başına gələnlərdən sonra sağalıb bərpa olunmalısan, hələ üstəlik əvvəlkindən də yaxşı olmalısan. Professor hesab edir ki, bu təzyiq fərdlər üçün daha ağır mental nəticələrə gətirib çıxara bilər.

Nitsşe XIX əsrdə posttravmatik inkişafdan (PTİ) yazsa da, bu fenomenin elmi araşdırılmasına yalnız 1990-cı illərdə başlanılıb. Bu sahədə ilk araşdırmanı psixoloqlar Riçard Tedeski Lourens Kelhun aparıblar. Onlar PTİ-ni ölçməkdən ötrü tədqiqat iştirakçılarının özlərini hazırda travmadan öncəki ilə müqayisədə necə hiss etmələrinə diqqət yetiriblər və bu zaman beş komponenti əsas götürüblər: həyata dəyər vermə, başqaları ilə münasibətlər, həyatda yeni imkanlar, şəxsi güc və mənəvi dəyişiklik. İştirakçılar daha sonra bu dəyişikliklərin travmanı özü ilə nə qədər bağlı olduğunu dəyərləndirməli idilər.

Daha çox düşünmək

Şimali Karolina Universitetinin psixologiya professoru Emi Kanevello bu fenomeni konstruktiv proses adlandırır: "Travma dünyagörüşünüzü çalxalayıb əsas inanclarınızı dağıdır. Posttravmatik inkişafsa, ən azı, nəzəri cəhətdən dünyaya baxışınızı yenidən bərpa etmək səylərinizin nəticəsidir və bu zaman travma təcrübəsi də ümumi mənzərəyə əlavə olunur. Hadisələrə başqa cür baxmağa başlayırsınız".

Kanevello hesab edir ki, insanlar başlarına gələn hadisə haqda nə qədər çox düşünsələr, onlarda bir o qədər çox PTİ müşahidə olunur.

Ancaq nə qədər olmasa, insan yaddaşı çox da etibarlı deyil. Daha öncə aparılmış bir tədqiqatın nəticələrinə görə, əksər insanlar təbiətən zaman keçdikcə öz şəxsiyyətlərində inkişaf görməyə meyllidirlər. Hətta bunun üçün çox az səbəb olanda belə.

Stress pozğunluğu

Əsl inkişafı üzə çıxarmaq üçünsə insanlarla travmatik hadisədən öncə və sonra danışmaq olardı. Təəssüf ki, çox az araşdırmada buna yer verilir. Ancaq bu amil mütləq tədqiqatın nəticələrinə təsir edir.

Ağla gələn ilk fikir odur ki, travmadan sonra yüksəlişin olduğunu düşünmək insanlara travmanın öhdəsindən gəlməyə kömək edərdi; bəlkə də, insan başına gələn pis şeylərin yaxşı tərəflərini görə bilsə, daha tez sağalar. Ancaq məqalədə deyilir ki, əslində PTİ daha böyük mental xəstəlik riski yarada bilər. 15 aylığına İraq müharibəsinə göndərilmiş əsgərlər arasında aparılan bir tədqiqatın nəticələrinə görə, travmadan beş ay sonra özlərində daha çox PTİ hiss edən əsgərlərdə əslində daha çox posttravmatik stress pozğunluğu (PTSP) müşahidə olunub.

Buradan belə nəticəyə gəlmək olar ki, bəzi insanlar üçün inkişaf haqda yanlış təsəvvür travmanın öhdəsindən gəlmək üçün yanlış üsuldur.

XS
SM
MD
LG