Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:15

Özünü yandırıb intihar edən qadının övladları: 'Anama zülm eləyirdi...'


Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub.
Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub.

Sabirabadın Yuxarı Axtaçı kənd sakini Sevinc İbadovanın özünü yandıraraq intihar etməsindən il yarıma yaxın vaxt keçsə də, hadisənin səbəblərilə bağlı araşdırmalar hələ yekunlaşmayıb.

İbadovanın ölümündən sonra cinayət işi başlansa da, sonradan icraat dayandırılıb. Qohumlarının şikayətləri nəticəsində bu iş üzrə icraat təzələnsə də, bir müddət sonra yenidən dayandırılıb. Sonradan bir daha icraat təzələnib və 46-yaşlı qadının ölümünə görə əri cinayət məsuliyyətinə cəlb olunub.

Həyat yoldaşına əzab verməkdə və onu özünüöldürmə həddinə çatdırmaqda suçlanan Muğamat İbadovun işinə hazırda Sabirabad Rayon Məhkəməsində baxılır.

"Dəfələrlə qonşuda, qaynımgildə, təndirxanada gecələmişəm"

2020-ci il noyabrın 15-də səhər saat 9 radələrində yaşadığı evin həyətində özünü yandıran İbadova öncə Saatlı Xəstəxanasına aparılıb. Orada qohumlarına deyilib ki, vəziyyəti ağırdır və təcili paytaxtdakı xəstəxanalardan birinə çatdırmağı məsləhət görüblər. Elə həmin gün Bakıdakı 5 saylı Xəstəxananın yanıq şöbəsinə yerləşdirilən qadın dekabrın 24-də vəfat edib.

Xəstəxanada olanda polis əməkdaşları ondan izahat alıb. İbadova deyib ki, onu bu həddə həyat yoldaşı çatdırıb. Onun sözlərinə görə, uzun illərdir ki, həyat yoldaşı onu döyür, ləyaqətini alçaldır. Bu üzdən dəfələrlə evdən getməyə, kənddəki başqa qohumları, qonşularıgildə qalmağa məcbur olub. Təxminən 10 il əvvəl zəhər içdiyini yada salan İbadova deyib ki, özünü yandırmamışdan bir gün öncə də evlərində dava olub: "Dözə bilmədim, qardaşım Rəhmangilə qaçdım. Səhəri gün tezdən qayıtdım, mənimlə yenə dalaşdı, tüfəngi mənə tuşladı. Mən illərlə məruz qaldığım zülmlərə görə dəfələrlə qonşuda, qaynımgildə, təndirxanada gecələmişəm...".

Cinayət işinin materiallarından məlum olur ki, İbadovlar ailəsində baş verənlərlə əlaqədar bir neçə il əvvəl Sabirabad Rayon Polis Şöbəsinə də şikayət olunub. Sonradan qadın şikayətini geri götürüb.

"Anam qorxusundan evdə tüfəngi və bıçaqları gizlədirdi"

Onların birgə nikahdan iki övladı var. Qızları 2015-ci ildən evlidir, onun özünün də övladı var. Oğlu isə universiteti bitirəndən sonra Rusiyada yaşayıb-işləyir. O, anasının ölümündən sonra ölkəyə qayıdıb. Övladlarının ikisi də atalarından şikayətçi olub.

"Anama zülm eləyirdi. Onu tez-tez döyürdü. Anam zəhər içməyə məcbur olmuşdu. Anam qorxusundan evdə tüfəngi və bıçaqları gizlədirdi...", – qızı belə deyib.

Oğlu da bildirib ki, məhz atasının evdə tez-tez dava salmasına, söyüşlərinə görə çıxıb getmişdi.

Övladları atalarının sərt şəkildə cəzalandırılmasını tələb edirlər.

"Su töküb söndürdüm"

55-yaşlı İbadov isə özünü təqsirli bilmir. Deyir ki, evlərində söz-söhbət, arvadıyla aralarında mübahisələri olsa da, onu döyməyib, hərəkətlərinə məhdudiyyət qoymayıb. Həyat yoldaşının nevroloji xəstəlikdən əziyyət çəkdiyini iddia edən İbadov bildirib ki, hadisədən bir gün əvvəl axşam saatlarında qayınanasına görə aralarında mübahisə yaranıb. Sevincdən tələb edib ki, anası bir daha onlara gəlməsin. Ondan sonra qadın küsüb gedib, ertəsi gün səhər saat 9 radələrində həyətdə olanda onun qayıtdığını görüb.

"Mən nar ağaclarının altına peyin yaymağa getdim. Təxminən beş dəqiqə sonra Sevinc tərəfə baxanda yandığını gördüm. Qaçıb xalçaya bürüdüm ki, alov sönsün, əksinə, xalça da yandı. Yenə də söndürməyə çalışdım, öz əllərim və ayaqlarım da yandı. Su töküb söndürdüm", - İbadov hadisə günü baş verənləri danışıb.

Müalicə xərclərini çəkdiyini deyir

Onun sözlərinə görə, Sevinc qardaşı Qədir Əhmədovu çağırmasını istəyib. Qardaşı gəlib, onu xəstəxanaya aparıblar.

İbadov əlavə edib ki, xəstəxanada olduğu 1 ay 10 gün ərzində həyat yoldaşının müalicə xərclərini özü çəkib. Qızı dərmanlar, həkim üçün hər dəfə ondan pul istəyib. Hər dəfə 2 min manat olmaqla, ona üç dəfə pul verib.

Amma İbadova xəstəxanada olduğu dövrdə həyat yoldaşı onunla görüşməyib: "Getmişdim, buraxmadılar. Həm də qızım demişdi ki, Bahadır (qadının qardaşı-red.) qoymur gəlməyə...".

İbadova ittiham verilmiş CM-in 125 (özünü öldürmə həddinə çatdırma) və 133-cü maddələrində 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (iki hamilə), biri uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan bir qadının özünüöldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və beş uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti ilə üzləşdiyi bildirilir.

XS
SM
MD
LG