Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Hərbi cinayətlərdə şübhəli bilinən Rusiya əsgərlərinin adları açıqlanıb


Buça küçələri Rusiya əsgərləri gedəndən sonra
Buça küçələri Rusiya əsgərləri gedəndən sonra

Baş prokuror bildirib ki, hərbçilər işgəncə verdikləri şəxslərdən Ukrayna qoşunlarının yerlərini öyrənməyə çalışırdılar

Ukraynanın baş prokuroru İrina Venediktova Kiyev yaxınlığındakı Buça şəhərində sakinlərə işgəncə verilməsində şübhəli bilinən 10 Rusiya əsgərinin adlarını açıqlayıb.

Venediktova aprelin 28-də deyib ki, Rusiya silahlı qüvvələrinin 64-cü qvardiya motoatıcı briqadasının əsgərləri “mülkilərə qarşı qəddarlıqda və hərbi cinayətlərdə” şübhəli bilinirlər.

Baş prokuror Rusiya hərbçiləri Qriqori Narışkinin, Vasili Knyazevin, Sergey Peskaryovun, Albert Radnayevin, Semyon Maltsevin, Mixail Kaşinin, Andrey Bizyayevin, Dmitry Sergienkonun, Vyaçeslav Lavrentyevin Nikita Akimovun adlarını açıqlayıb:

"Qısa müddət ərzində müstəntiqlər aşkar ediblər ki, Buçanın işğalı zamanı bu şəxslər silahsız mülkiləri girov götürmüş, onlara aclıq və susuzluqla işgəncə vermiş, onları qolları arxalarında bağlı diz üstə saxlamış, alçaltmış və döymüşlər”.

Baş prokuror bildirib ki, hərbçilər işgəncə verdikləri şəxslərdən Ukrayna qoşunlarının yerlərini öyrənməyə çalışırdılar.

Onun sözlərinə görə bəzi sakinlərə heç bir səbəb olmadan işgəncələr verilib.

Rusiya hərbi qulluqçuları əsirlərini ölümlə hədələmiş və onların istiqamətində atəş açmışlar.

Bu şübhəlilərin yalnız ilk qrupudur

Venediktova bunu da qeyd edib ki, bu 10 əsgər Buçada həm də qarətlə məşğul olmuş, sakinlərin əmlaklarını əllərindən almışlar.

Ukrayna müstəntiqləri bildirirlər ki, bu 10 nəfər məsuliyyətə cəlb olunmalı olanların yalnız ilk qrupudur.

Venediktova bildirib ki, hazırda müstəntiqlər sözü gedən əsgərlərin Buça sakinlərinin qətllərində iştirak edib-etmədiklərini dəqiqləşdirirlər.

Rusiya qoşunları Kiyev ətrafındakı şəhərlərdən geri çəkildikdən sonra bu ərazidə çox sayda sakinin meyitləri, kütləvi məzarlıqlar tapılıb.

Bundan sonra bir neçə ölkə BMT-ni və Beynəlxalq Cinayətlər Məhkəməsini bu hadisələrdə mümkün hərbi cinayətlərin araşdırılmasına çağırıblar.

Ukrayna müharibəsi 21-ci əsrdə ‘absurdluqdur’

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynadakı müharibəni “21-ci əsrin absurdluğu” adlandırıb. O, Kiyev yaxınlığında Borodyankaya baş çəkəndən sonra bu açıqlamanı verib. Bu ayın əvvəlində Rusiya qüvvələri ərazidən çıxandan sonra şəhərdə dinc sakinlərin meyitləri aşkarlanıb, bəzilərinin üzərində işgəncə əlamətləri olub.

“Dağıdılmış, qapqara evlərdən birində öz ailəmi təsəvvür edirəm. Nəvələrimi panika içində qaçan görürəm. Bu müharibə 21-ci əsrdə absurdluqdur. Müharibə bəladır. 21-ci əsrdə qəbul oluna biləcək müharibə yoxdur”, – Quterreş deyib.

Borodyanka və Buçadan Rusiya qüvvələri çıxarılandan sonra qətl, işgəncəyə dəlillər, kütləvi məzarlıqlar, döyüşdə dinc sakinlərin də vurulması aşkarlanıb. Bir sıra ölkələr, o cümlədən BMT və Beynəlxalq Cinayət Məhkəməsi (BCM) müstəntiqləri hərbi cinayətlərin törədilib-törədilmədiyini müəyyənləşdirməyə çağırıb.

Quterreş Rusiyanı BCM ilə əməkdaşlığa çağırıb.

Ortada dəlillərin olmasına baxmayaraq, Rusiya Ukraynadakı müharibədə dinc sakinləri hədəfə almadığını deyir.

***

ABŞ Prezidenti Co Bayden aprelin 28-də Kiyevin Rusiya ilə mübarizəsindən danışacaq. Ağ evin məlumatına görə, Bayden “Rusiyanın qəddar müharibəsinə qarşı öz ölkələrini və azadlıqlarını müdafiə edən ukraynalılara dəstək” çıxışı edəcək.

Rusiya Prezidenti Vladimir Putin bir gün öncə bildirib ki, başqa ölkələr Ukraynaya müdaxilə edərsə, “ildırımsürətli zərbələr” endirəcək.


Aprelin 27-də Kanada parlamentinin üzvləri Rusiyanın Ukraynaya hücumlarının “soyqırımı” adlandırılmasına yekdilliklə səs verib. Deputatlar deyiblər ki, Rusiyanın “insanlığa qarşı sistematik və nəhəng müharibə cinayətləri törətməsinə xeyli dəlil” var.

Rusiya isə Ukraynada dinc sakinləri hədəfə almadığını deyir.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

***

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna rəhbərliyi ilə danışıqlar aparmaq üçün Kiyevə gedib. Bu arada ölkənin müdafiə naziri bildirib ki, Rusiya şərqdə irimiqyaslı hücumu davam etdirdiyi müddətdə Ukraynanın müdafiəçilərini qarşıda “həddən artıq çətin həftələr” gözləyir.

Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra aprelin 27-də axşam Kiyevə gedib.

“Humanitar dəstəyimizi genişləndirmək və münaqişə zonalarından dinc sakinlərin evakuasiyasını təmin etmək yönündə işimizi davam etdirəcəyik”, – Quterreş tvitində yazıb.

“Bu müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün o qədər yaxşı olar”, – BMT başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan öncə deyib.

20-dək donanma gəmisi

Britaniyanın Müdafiə Nazirliyi aprelin 28-də səhər xəbərdarlıq edib ki, Rusiyanın Qara dəniz donanması Ukraynada, sahildə hədəfləri vurmaq qabiliyyətini saxlayır.

Saratov desant gəmisini və Moskva kreyserini itirməsinə baxmayaraq, Rusiyanın Qara dəniz əməliyyat zonasında 20-dək donanma gəmisi, o cümlədən sualtı qayıqları var, nazirlik bildirir.

Qurum onu da qeyd edir ki, Rusiya itirdiyi gəmiləri indilik əvəzləyə bilmir, çünki Qara dənizi Mərmərə dənizi və Aralıq dənizilə birləşdirən Türkiyənin Bosfor boğazı “bütün qeyri-Türkiyə hərbi gəmilərinin üzünə bağlıdır”.

Dağıntılar, ağrılı itkilər

Ukraynanın Müdafiə naziri Oleksey Reznikov ölkənin şərqində böyük “dağıntı”larla bağlı xəbərdarlıq edib. O, Rusiyanın davam edən hücumda Ukraynaya “mümkün qədər çox əziyyət verməyə çalışacağını” söyləyib.

Reznikov dağıntılar və “ukraynalılar arasında ağrılı itkilər”dən danışıb. O 40-dək ölkə rəsmisilə birlikdə ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında iki günlük görüşdə iştirak edir.

“Bu həqiqi koalisiyanın məqsədi təkcə Kremli məsuliyyətə cəlb etmək deyil, həm də Rusiyanın tiranlığını məğlub etmək, sivil dünyanın bu müharibəni uda bilməsini təmin etməkdir”, – Reznikov Facebook-da yazıb.

Mariupol

Rusiyanın Müdafiə Nazirliyi aprelin 26-da Xerson vilayətini tam nəzarətə aldığını bildirib. Bu vilayət Rusiyaya quru əlaqəsini təmin edən ərazidə yerləşir.

Döyüşlərlə eyni vaxtda humanitar vəziyyət də ağırlaşır.

Rusiya qüvvələri Mariupol şəhərində son müdafiə qüvvələrinin və dinc sakinlərin qaldığı polad zavodunu gülləbaran edir.

Şəhər merinin köməkçisi Petro Andryuşenko Azovstal zavoduna hava zərbələrinə fasilə verilmədiyini deyib. Zavoddan dinc sakinlərin çıxmasından ötrü humanitar dəhliz açmaq cəhdləri alınmayıb.

Putinlə danışıqlarda Quterreş Rusiya və Ukraynanı humanitar dəhlizlərin açılmasından ötrü birgə işləməyə çağırıb. Putin ona deyib ki, danışıqların münaqişəyə son qoyacağına ümid edir. Amma danışıqlar prosesi hazırda dayanıb.

XS
SM
MD
LG