Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:32

Rusiyada ehtiyat hissələr tükənəndən sonra...


Kaluqadan avtomobil zavodu
Kaluqadan avtomobil zavodu

...Rusiya mərkəzi bankının Qərbdə dondurulmuş 300 milyard dollarlıq vəsaiti Ukrayna iqtisadiyyatının yenidən qurulmasına sərf oluna bilər

İlk baxışda Rusiyanın Ukraynaya səbəbsiz təcavüzündən sonra Qərbin qoyduğu sərt sanksiyalara adaptasiya etdiyi görünür. Müharibənin ilk günlərində xeyli ucuzlaşan rubl bu həftə 2020-ci ilin əvvəlindən ən yüksək həddə yüksəlib. Moskvada mağazaları bahalı da olsa, ərzaqla doludur. Neft-qaz gəlirləri büdcəni doldurmaqdadır.

“İxrac bazarları yoxa çıxıb”

Rusiya iqtisadiyyatının görəcəyi günlər qabaqdadır. Bunu Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçı müavini Elina Rıbakova AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində deyib. Onun sözlərinə görə, sanksiyaların təsiri tədricən başlayır və ölkə çox çətin dönəmə daxil olur.

“Hamının ehtiyat hissələri tükənir, ixrac bazarları yoxa çıxıb, bir çox şirkətlər istehsalı davam etdirə bilmir”, – deyən Rıbakova Rusiya mərkəzi bankının son hesabatına istinad edib.

ABŞ, Avropa İttifaqı və digər müttəfiqlər Rusiyaya əsas texnologiyanın, məsələn, mikroprosessor və çip ixracını dayandırıblar. Bunlar bir çox məhsulların, o cümlədən avtomobil və təyyarələrin istehsalında istifadə olunur.

Bir çox Qərb şirkəti isə daha Rusiyada işləməyəcəyini elan edib.

Rıbakova deyir ki, Rusiya şirkətlərinin yeni təchizatçılar tapması aylarla çəkə bilər, üstəlik, yeni hissələr istehsal prosesinə tam uyğun gəlməyərək yubanmalara səbəb ola bilər.

Moskva və Kaluqanın fərqi

Ölkənin Moskva kimi varlı şəhərlərində yaşayanlar iqtisadiyyatla bağlı bədbin proqnozları qəbul etməyə bilərlər, çünki hələ əlamətləri görmürlər. Bəzi sahələrdə isə adamlar artıq ixtisarlarla üzləşir.

“Moskvada elə bir təəssürat ola bilər ki, pis bir şey baş vermir. Amma əgər Kaluqa vilayətində, yaxud Sankt Peterburq yaxınlığındasınızsa, orada avtomobil zavodlarında çalışanlar bir neçə aya işsiz qalacaqlarını bilirlər”, – Rıbakova vurğulayıb.

Moskvadan 160 km cənub-qərbdə yerləşən Kaluqa adambaşına xarici kapital cəlbi baxımından ən uğurlu şəhərlərdəndir. Bunun bir səbəbi paytaxta yaxınlıq və biznes qurmağın asanlığıdır.

Ancaq indi xarici istehsalçılar, o cümlədən avtomobil şirkətləri istehsalı dayandırırlar. Kaluqada minlərlə insanın işsiz qalacağı gözlənir.

IIF bu il sanksiyaların təsiri səbəbindən Rusiya iqtisadiyyatında 15 faiz azalma proqnozlaşdırır. Bu, 1990-cı illərdən bəri ən kəskin azalma ola bilər. O zaman Rusiya dövlətin nəzarətində olan iqtisadiyyatdan azad bazara keçməyə çalışırdı.

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Rubl, neft, qaz

Rıbakova rublun hökumətin milli valyutaya dəstək siyasəti nəticəsində mövqeyini saxladığını deyir. Mərkəzi bank faiz dərəcəsini son 20 ildə ən yüksək həddə – 20 faizə qaldırıb. Bu, rubl əmanətlərini cəlbedici etsə də şirkətlər və fərdləri kredit götürməkdən çəkindirib. Sonradan faiz dərəcəsi 14-ə salındı. Mərkəzi bank rublla bağlı başqa məhdudiyyətlər də tətbiq edib.

Digər tərəfdən, Ukraynanın işğalı neft və qazı bahalandırıb, bu da Rusiyaya fayda verib, rublu qoruyub. Rusiya bu ilin ilk dörd ayı ərzində neft-qaz satışından bir il öncəylə müqayisədə daha çox gəlir götürüb.

Avropa ölkələri hazırda ilin sonunadək Rusiyadan neft idxalını tədricən, qaz idxalını isə 75 faiz azaltmağı müzakirə edirlər. Bu, Rusiyanın ixrac gəlirlərinə potensial zərbə ola bilər.

Rusiya bu halda neft satışını Asiyaya yönəldə bilər, ancaq tanker daşımalarına görə daha az qazanacaq. Rıbakova deyir ki, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin isə Rusiya enerjisindən asılılığını əhəmiyyətlə dərəcədə artırmaq istəməyə bilər.

“Ləkə”

Rıbakovanın sözlərinə görə, uzunmüddətli iqtisadi proqnozlar Ukraynanın işğalının nə qədər çəkəcəyindən asılıdır. Müharibə tezliklə bitməsə, Qərb nəinki Rusiyadan enerji asılılığını azaltmaq planlarını davam etdirəcək, eyni zamanda Rusiya mərkəzi bankının dondurulmuş 300 milyard dollarlıq vəsaiti Ukrayna iqtisadiyyatının yenidən qurulmasına sərf oluna bilər.

Sözügedən vəsait müharibənin ilk günlərində dondurulub. Sanksiyaları “ləkə” adlandıran Rıbakova deyir ki, bu, ölkənin imici üçün “daha pisdir”, nəinki borc defoltundan ötrü.

Məhz reputasiya riskindən dolayı, bir çox əcnəbi şirkətlər sanksiyalar qaldırılandan sonra belə İrana qayıtmadılar. Eyni şey Rusiyada da baş verə bilər.

“Məncə, biz Rusiyanın qlobal bazarlara eyni cür qayıdışını görməyə bilərik”, – o vurğulayıb.

XS
SM
MD
LG