Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:35

Erdoğan Finlandiya, İsveçin NATO-ya qoşulmasına müsbət baxmır    


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

O iddia edib ki, İsveç və başqa Skandinaviya ölkələrində Türkiyənin terrorçu hesab etdiyi qruplara dəstək verilir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan mayın 13-də deyib ki, onun ölkəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına “müsbət baxmır”.

Associated Press (AP) agentliyi yazır ki, Türkiyə NATO-dakı veto hüququndan istifadə edərək doğrudan da bu prosesə mane ola bilər.

Erdoğan jurnalistlərlə söhbətində bu barədə deyib:

“Biz İsveç və Finlandiya ilə bağlı hadisələri izləyiik və bu barədə rəyimiz müsbət deyil”.

Türkiyə prezidenti öz mövqeyini İsveç və başqa Skandinaviya ölkələrində kürd separatçılara və Türkiyənin terrorçu hesab etdiyi başqa qruplara dəstək verildiyinə dair Ankaranın iddiaları ilə izah edib.

Türkiyənin Yunanıstan “səhvi”

Erdoğan əlavə edib ki, Türkiyə vaxtilə Yunanıstan barədə etdiyi “səhvi” təkrarlamaq istəmir.

O deyib ki, Türkiyə 1980-ci ildə Yunanıstanın NATO-ya təkrar qoşulmasına razılıq versə də, Afina sonrakı illərdə Ankaraya düşmən mövqe tutub.

AP yazır ki, Erdoğan Finlandiya və İsveçin NATO-ya qoşulmasının qarşısını alacağını birbaşa bildirməyib, amma alyansın qaydalarına görə burada bütün qərarlar konsensusla, yəni 30 üzv ölkənin hamısının razılığı ilə qəbul edilir.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Finlandiya və İsveçdən rəsmi müraciət alınarsa, alyans onların üzvlük niyyətini məmnuniyyətlə qəbul edəcək.

Bir neçə NATO rəsmisinin bildirməsinə görə bu iki ölkədən rəsmi müraciət “bir-iki həftə ərazində” alına bilər.

Təhlil və tərəddüd

Bu arada İsveçdə ölkənin NATO-ya qoşulmasının təhlükəsizliklə bağlı mümkün nəticələri götür-qoy edilir.

İsveçdə ehtiyat edirlər ki, Ukraynada müharibənin davam etdiyi bir vaxtda ölkənin NATO-ya qoşulması Moskvanı sərt cavab tədbirlərinə sövq edə bilər.

İsveç hökumətinin bu barədə ekspertlərə sifariş etdiyi təhlil hesabatı müzakirə üçün parlamentə təqdim olunub. Müzakirələr mayın 13-ə təyin edilib.

Bu debatların nəticəsi olaraq baş nazir Maqdalena Andersonun kabineti NATO-ya üzvlük məsələsi barədə qərar qəbul etməlidir.

AP yazır ki, NATO üzvlüyü İsveçə kollektiv təhlükəsizlik qarantiyaları versə də, Rusiyanın mümkün cavab reaksiyalarına səbəb ola bilər.

Ekspertlər Rusiyanın mümkün cavab reaksiyalarının arasında hibrid hücumlarını, İsveçin dəniz və hava məkanının pozulmasını qeyd edirlər.

Hökumətin təqdim etdiyi hesabatda deyilir ki, Ukraynadakı müharibə Rusiyanın başqa ölkələrə qarşı təcavüz imkanlarını məhdudlaşdırıb, amma Moskva hələ də İsveç kimi ölkələrə qarşı düşmən tədbirlərə əl atmaq iqtidarındadır.

Hesabat hökumətə NATO-ya qoşulub-qoşulmamaq baradə heç bir tövsiyə vermir.

Lakin İsveçin xarici işlər naziri Ann Linde İsveç parlamenti – Riksdaqendə millət vəkillərinə deyib ki, ölkəyə “silahlı basqın tamamilə istisna edilə bilməz” və bu mənada NATO üzvlüyünün verəcəyi təhlükəsizlik qarantiyası mühümdür.

Finlandiyanın baş naziri və prezidenti mayın 12-də bəyan ediblər ki, onlar ölkənin NATO üzvlüyü üçün tez bir zamanda müraciət etməsinə tərəfdardırlar.

ABŞ Türkiyənin mövqeyinə aydınlıq gətirilməsinə çalışır

Prezident Co Bayden mayın 13-də Finlandiya və İsveçin liderləri ilə birgə telefon söhbətində bu ölkələrlə ABŞ arasında daha sıx təhlükəsizlik və müdafiə əməkdaşlığının əhəmiyyətini vurğulayıb və onların NATO-ya qoşulmaq niyyətlərini dəstəklədiyini bildirib.

Ağ Evin məlumatında deyilir ki, prezident Bayden İsveçin baş naziri Maqdalena Anderson və Finlandiya prezidenti Sauli Ninisto ilə söhbətində bu ölkələrin Ukrayna və Ukrayna xalqına davam edən müharibədə koordinasiyalı dəstək verməsinin əhəmiyyəti vurğulanıb.

Ağ Ev və Pentaqon daha sonra bildiriblər ki, onlar Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı Türkiyənin mümkün iradlarına aydınlıq gətirməyə çalışırlar.

Ağ Evin bu barədə məlumatında deyilir ki, prezident Bayden NATO-nun Açıq Qapı siyasətini, habelə Finlandiya və İsveçin xarici siyasət və gələcək təhlükəsizlik formatının seçimindəki müstəqlliyini dəstəkləyir.

NATO-nun bir çox üzvləri, o cümlədən Britaniya və Almaniya İsveç və Finlandiyanın NATO-ya qoşulmaq niyyətinə dəstək bildiriblər.

Lakin NATO üzvü olan Türkiyənin bu məsələ ilə bağlı irad bildirməsi alyansın narahatlığına səbəb olub.

Ankara indiyədək Qərbi Avropa və Skandinaviya ölkələrini Türkiyənin terrorçu hesab etdiyi PKK və YPG kimi qruplaşmalara münasibətdə “yumşaq davranmaqda” ittiham edib.

Erdoğan mayın 13-də deyib ki, “Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evinə çevriliblər”.

Erdoğanın bəyanatından bir neçə saat sonra Ağ Ev və Pentaqon Türkiyənin mövqeyinə aydınlıq gətirilməsi istiqamətində işlədiklərini bildiriblər.

XS
SM
MD
LG