Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:30

Yerevanda itaətsizlik aksiyaları. Yüzlərlə etirazçı saxlanıb


Yerevanda etirazçıların saxlanması. 17 may 2022
Yerevanda etirazçıların saxlanması. 17 may 2022

Bəzi yerlərdə polislə etirazçılar əlbəyaxa olub, polis küçədə hərəkəti bloklayan etirazçıları saxlamaq üçün güc tətbiq edib.

Ermənistanda polis Yerevan küçələrini bağlamağa çalışan yüzlərlə etirazçını saxlayıb.

Polis departamenti “hüquq-mühafizə əməkdaşlarının qanuni tələblərinə əməl etməyən 286 nəfərin” saxlandığını bildirib.

AzadlıqRadiosu-nun erməni xidməti saxlananların sayının 400-ü keçdiyini xəbər verir. Ötən gün polis Yerevanda avtoyürüşdə 100-dək sürücünü saxlamışdı.

Azərbaycan sülh sazişinin beş elementə əsaslanmasını, ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.

Paşinyan açıq şəkildə həmin elementlərin Yerevan üçün qəbuledilən olduğunu bəyan edib. Müxalifətsə iddia edib ki, o, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanımağa hazırdır.

***

Bu gün – mayın 17-də səhərdən Yerevanda müxalifət itaətsizlik aksiyalarına başlayıb, Baş nazir Nikol Paşinyanın və hökumətinin Dağlıq Qarabağ məsələsində mövqeyinə görə istefasını tələb edir.

AzadlıqRadiosu-nun Ermənistan xidməti nümayişçilərin paytaxtın mərkəzində avtonəqliyyatın hərəkətini blokladığını, polisin buna qarşı tədbirlər gördüyünü xəbər verir. Bəzi yerlərdə polislə etirazçılar əlbəyaxa olub, polis küçədə hərəkəti bloklayan etirazçıları saxlamaq üçün güc tətbiq edib.

Saxlananlar var

İtaətsizlik aksiyasının iştirakçıları Vazqen Sarqsyan və Xorenatsi küçələrinin kəsişməsində hərəkəti müəyyən müddətə dayandıra biliblər. Hadisə yerinə gələn polis əməkdaşları fəalların hamısını saxlayıb.

Saxlananlar polisin onlara saxlama səbəbini izah etmədiyini bildirir.

Polis hələlik, saxlananlar haqda informasiya açıqlamayıb.

Müxalifət ötən ayın sonundan Yerevanda küçə etirazları keçirir, Baş nazir Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana birtərəfli güzəştə getmək niyyətində ittiham edir.

Ermənistan hakimiyyəti isə ittihamları rədd edir, Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ ermənilərinin hüquqlarını, eləcə də yekun status məsələsini müdafiə edəcəyini bildirir.

Hakimiyyət müxalifətin aksiyaları və tələblərini əhalinin geniş təbəqələrinin dəstəkləmədiyini qeyd edir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Hazırda tərəflər sülh sazişi üzərində işə başlamaq üçün hazırlıq getdiyini deyir, qarşılıqlı sülh təklifləri irəli sürürlər. İki ölkənin sərhədi müəyyənləşdirilməyib.

XS
SM
MD
LG