Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:53

Gözəllik salonları gizli rejimə keçir


Aşqabadda polis qadınları yoxlayır
Aşqabadda polis qadınları yoxlayır

Qadınlar rəsmi təhdidlərin onları gözəlləşmə metodlarından çəkindirmədiyini deyirlər, saç, dırnaq baxımı, güclü makiyaj elətdirirlər

Türkmənistanda gözəllik salonları, qadın bərbərləri bizneslərinin bir hissəsini gizli həyata keçirməyə başlayıblar. Səbəb hakimiyyətin müəyyən gözəllik aksesuarlarını və saç düzümlərini yasaqlamasıdır. Gözəllik ustalarının çoxu indi bu xidmətləri gizli şəkildə, hətta öz evlərində gerçəkləşdirir.

Bir müddət öncə yayılan xəbərlərə görə, hakimiyyət süni kiprik, dırnaq qoydurmağı, dodaq dolğusunu qadağan edib. İndi gözəllik salonlarının çoxu kağız üzərində yalnız saç kəsimi, sadə manikür və pedikür edirlər. Ancaq sadiq müştəriləri üçün onlar bütün xidmətləri gizli təklif edirlər. Bunu AzadlıqRadiosunun Türkmənistan xidmətinə bir çox müştərilər və salon sahibləri təsdiqləyiblər.

Salonlara polis reydlərindən çəkinən ustalar hətta özlərinin, yaxud müştərilərinin evlərində də xidmət göstərirlər.

Arxa qapı xidməti

Türkmənistan hakimiyyəti saç rəngləməyi, qaş döydürməyi, botoksu, sinə böyütməni, kip paltar geyinməyi də yasaqlayıb.

Bu qadağalar rəsmi açıqlanmasa da, polis onların icrasına nəzarət edir. İndiyədək yüzlərlə qadın dodaq dolğusu, yaxud süni kiprik şübhəsilə saxlanıb. Onlarla qadının sinə implantı, dodaq dolğusuna görə hava yolları, dəmiryolu xidmətlərindən çıxarıldığı bildirilir.

Ancaq qadınlar rəsmi təhdidlərin onları gözəlləşmə metodlarından çəkindirmədiyini deyirlər, saç, dırnaq baxımı, güclü makiyaj elətdirirlər.

Salon sahiblərinin sözlərinə görə, indi qadınlar daha incə dırnaq boyası seçir, yaxud sezilməmək üçün orta ölçülü kiprik qoydururlar.

Artıq biznesinin bir hissəsini gizli gerçəkləşdirən gözəllik ustalarının işi pis getmir. Paytaxt Aşqabaddan bir nəfərin sözlərinə görə, müştərilərlə xidmət haqda öncədən anlaşılır, onlar məkana arxa qapıdan daxil olurlar.

Gəlin makiyajına isə bir neçə dostla birlikdə gedirlər, dostlar salon yaxınlığında növbə çəkir, polis görəndə xəbər edirlər.

Təzə prezidentlə gələn qadağalar

Sözügedən qadağalar Sərdar Berdiməhəmmədov martda prezident postuna keçəndən sonra tətbiq olunub. O, hakimiyyəti atası Qurbanqulu Berdiməhəmmədovdan idarə olunan seçki yoluyla təhvil alıb.

Ölkədə qadınların şəxsi və ictimai nəqliyyat vasitələrində ön oturacaqda oturması yasaqlanıb, buna görə böyük cərimələr yazılır. Bəzi şəhərlərdə polis əl-ələ tutan cütlükləri saxlayır.

Gözəllik salonlarıyla bağlı ilk qadağa aprelin əvvəlində qüvvəyə minəndə bir çox obyekt cərimələnib, xeyli müştəri itirdiyindən bağlanıb. Amma Aşqabadda çoxları indi məhdudiyyətlərin yüngülləşdiyini, polis reydlərinin azaldığını deyirlər.

Bəzi sakinlərin sözlərinə görə, bəzi polis əməkdaşları qadağadan rüşvət qoparmaq üçün istifadə edirlər.

Türkmənistan dünyada ən repressiv ölkələrdən sayılır. Ölkədə yoxsulluq, işsizlik geniş yayılıb, böyük qaz ehtiyatları olmasına baxmayaraq ərzaq çatışmazlığı var.

XS
SM
MD
LG