Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:41

Qərb artilleriyası Rusiyanın Donbas hücumunu dayandıra bilərmi


HIMARS sistemi
HIMARS sistemi

HIMARS “düşmən qüvvələrin hücum üçün yığışdığı ərazinin külünü göyə sovura, bir ərazini neytrallaşdıra bilər”

Rusiya qüvvələri Donbasda “qarış-qarış” irəliləyir, Ukrayna qüvvələrini artilleriya atəşinə tutur. Artıq ABŞ Ukraynaya hədəfi uzaq məsafədən vurmağa qadir HIMARS sistemləri verməyə razılaşıb. Bu artilleriya Rusiyanın hücumunu dayandıra bilərmi? AzadlıqRadiosunun müxbiri Tod Prins bu suala cavab axtarır.

Rusiya Prezidenti Vladimir Putin Donbası tam tutmağı əsas hərbi hədəf qoyub. Artıq Donbasın iki vilayətindən biri Luqansk tutulmaqdadır. ABŞ Rusiyanın hazırda Ukraynaya 110 batalyon taktiki qrupunun olduğunu bildirir. Hər bir qrupun 8-10 artilleriya qurğusu, haubitsa, yaxud raket buraxıcısı ola bilər, bunu ABŞ-ın istefada olan dəniz piyadaları polkovniki, hazırda Vaşinqtonda yerləşın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı müşaviri Mark Kankian AzadlıqRadiosuna deyir. Beləliklə, Rusiyanın Donbasda 900-dək artilleriya silahı ola bilər.

Haubitsalar üçün sursat çatışmır

1997-2000-ci illərdə NATO-nun Avropada ali müttəfiq komandiri olmuş Vesli Klark ötən həftə xəbərdarlıq edirdi ki, müharibənin yeni fazasında vuruşmaq üçün Ukrayna qüvvələrinin artilleriyası yoxdur. “Bu döyüşdə uduzmaq da mümkündür”, – o deyirdi.

Rusiya fevralın sonunda işğala başlayandan Ukraynanın hərbi sənayesini sıradan çıxarıb. Hazırda Ukrayna ordusunda sovet istehsalı artilleriya, o cümlədən 152-millimetr kalibrli haubitsalar üçün sursat çatışmır.

Kankian deyir ki, bu sursatın ən böyük təchizatçıları Rusiya və Çindir.

“Birləşmiş Ştatlar dünyanı elə təmizləyib ki, ukraynalılara verməyə sovet standartlı sursat çatışmır. Bu cür sursatın satıldığı yerlərin tükəndiyini düşünürəm”, – təhlilçi deyir.

“Bütün qərarlarımız gecikib”

ABŞ uzun müddət Ukraynaya ağır artilleriya verməyə tərəddüd edib, Rusiyanı provokasiyaya çəkmək istməyəyib. Bəzi təhlilçilərin fikrincə, Bayden administrasiyası silah təchizatıyla bağlı debat Ukrayna üçün dəyərli vaxt itkisinə başa gəlib.

“Bütün qərarlarımız gecikib”, – ABŞ-ın Avropa Ordusunun keçmiş komandiri Ben Hocs AzadlıqRadiosuna deyib.

“Administrasiya rusiyalıları təhrik etməmək məsələsini çox şişirdib. Onlara provokasiya lazım deyil. Onlar provokasiyasız hücum edirlər”, – o vurğulayır.

Hocs raket sistemlərinin çatdırılmasının bir neçə həftə çəkəcəyini, bunun da vaxt itkisi olduğunu söyləyir.

Ukrayna Prezidenti Volosimir Zelenski Donbasda vəziyyətin “həddən artıq çətin” olduğunu, Rusiyanın regiona “maksimum döyüş qüvvəsi” cəmlədiyini vurğulayıb. O, Ukraynanın günə 50-100 əsgər itirdiyini sözlərinə əlavə edib.

Bir neçə həftə...

Təhlilçilərin fikrincə, ağır bombardman Ukraynanın təchizat xətlərinə aşırı təzyiq yaradır, cəbhə xəttindəki əsgərlərə Qərb silahlarının sürətlə çatdırılmasını çətinləşdirir.

Qərbin hərbi yardımı Ukraynaya Polşadan qatarla gəlir, daha sonra yük maşınları ilə cəbhə xəttinə çatdırılır. Rusiya hazırda Donbasa nəqliyyat xətlərini kəsməyə çalışır.

Hocs deyir ki, Ukrayna qüvvələri ABŞ-dan, digər Qərb ölkələrindən artilleriyanın “müsbət təsir”ini bir neçə həftəyə hiss edə bilər.

Klark isə düşünür ki, Ukrayna qüvvələri yetərincə artilleriya alarsa, iyuldan başlayaraq iki ay ərzində Rusiyanı Donbasdan çıxara bilər.

O vaxta torpaq quruyacaq, hücum etmək asanlaşacaq və Rusiya daha çox qüvvə səfərbər etməli olacaq.

Bir M777-ni işlətməyə səkkiz əsgər lazımdır

Birləşmiş Ştatlar Ukraynaya apreldən ağır artilleriya göndərməyə başlayıb, 40 km-dək məsafəni vura bilən M777 haubitsalar bu sıradadır.

Kankian deyi ki, əsgərlərin haubutsaları işlətmək və qulluq üzrə təlimi də zaman alır, bu da onların cəbhə xəttinə yerləşdirilməsinə gərginlik yaradır.

İndiyədək ABŞ M777-ni işlətmək üçün 400-dən çox adama təlim keçib, 50-dək şəxs isə onlara qulluğu öyrənib. Bir M777-ni işlətməyə səkkiz əsgər lazımdır.

Bayden administrasiyasını təzə təsdiqlədiyi HIMARS isə dağıdıcıdır. Hərbi ekspert, Ceymztaun fondunun prezidenti Qlen Hovard deyir ki, HIMARS “düşmən qüvvələrin hücum üçün yığışdığı ərazinin külünü göyə sovura, bir ərazini neytrallaşdıra bilər”.

HIMARS altı raketin buraxıldığı buraxıcı qurğudan ibarətdir. Amma davamlı atəş açan haubitsadan fərqli olaraq qurğunu yükləmək beş dəqiqə çəkir. Kankian deyir ki, HIMARS və haubitsalar “bir-birini tamamlayırlar”.

Qara dəniz sahillərinə yerləşdirilsə...

ABŞ Ukraynaya 80 kilometri vura bilən HIMARS raketləri göndərilməsinə icazə verib. HIMARS-dan 300 km-i vuracaq raket də atıla bilər, amma Bayden administrasiyası belə raketlərin Ukraynanı Rusiya torpağını hədəfə almağa imkan verəcəyindən çəkinir. “Elə M777 sursatları da bu səbəbdən gec göndərilib”, – Hovard söyləyir.

Təhlilçinin fikrincə, HIMARS, eləcə də Qərbdən göndərilən yeni gəmi əleyhinə raketlər Rusiyanın Qara dəniz limanlarından buğda daşıyacaq gəmilərə hücumunu önləyə bilər. Hazırda Rusiya limanları blokadaya alıb, bu da dünyada buğdanı bahalandırıb, qlobal aclıqla bağlı qorxu yaradıb.

Rusiya müharibənin əvvəlində tutduğu İlah adasına zenit-raket kompleksləri yerləşdirir. HIMARS Rusiyanın ilhaq etdiyi Krımda artilleriyanı vura bilməsə də İlan adasına çata bilər.

Ukraynanın HIMARS-ı Qara dəniz sahilində yerləşdirib-yerləşdirməyəcəyi bəlli deyil.

XS
SM
MD
LG