Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:32

Rusiya müharibənin 100 günündə enerjidən 98 milyard qazanıb


Belçikada Rusiya neftindən imtina tələb edən etiraz aksiyası
Belçikada Rusiya neftindən imtina tələb edən etiraz aksiyası

Rusiyadan enerji daşıyıcılarının ixracı müharibədən əvvəlki dövrlə müqayisədə may ayında 15 faiz azalıb, lakin enerji daşıyıcılarına tələbatın artması Rusiyaya “qəfil qazanc” gətirib

Rusiya Ukraynaya müdaxiləsinin ilk 100 günü ərzində qazıntı yanacağının ixracından 98 milyard dollar qazanıb.

Bura neft, qaz, kömür və maye qazdan gələn gəlirlər daxildir.

Rusiya enerji daşıyıcılarının əsas müştərisi Avropa İttifaqı ölkələri olaraq qalır.

Bu barədə enerji və təmiz havanı tədqiq edən CREA (Center for Research on Energy and Clean Air) təşkilatının hesabatında deyilir.

Rusiya Avropa İttifaqı ölkələrinə enerji daşıyacıları ixracatından 60 milyard dollar əldə edib.

Rusiyanın əsas müştəriləri – Almaniya (12 milyard dollar) və İtaliyadır (7 milyard dollardan artıq).

Aİ-dən kənarda Rusiya neft və qazının ən böyük alıcısı Çindir. Rusiya bu ölkədən 100 gün ərzində 12, 6 milyard dollar qazanıb.

CREA-nın hesabatında deyilir ki, Rusiyadan enerji daşıyıcılarının ixracı müharibədən əvvəlki dövrlə müqayisədə may ayında 15 faiz azalıb, lakin enerji daşıyıcılarına tələbatın artması Rusiyaya “qəfil qazanc” gətirib.

Beləki Rusiya enerji daşıyıcılarının qiyməti ötən illə müqayisədə 60 faiz artıb.

Bundan başqa Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Fransa Rusiyadan qazıntı yanacağı idxalını artırıblar.

İyunun 3-də Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya təcavüzünə görə Moskvanın üzərinə sanksiyaların 6-cı paketini təsdiq edib.

Bu paketə əsasən qarşıdan gələn 6 ay ərzində Rusiya neftindən, 8 ay ərzində isə neft məhsullarından imtina etmək qərara alınıb.

Rusiya neftinin embarqosundan yalnız boru kəmərlərlə idxal olunan neft istisna olunub.

Bu addım Macarıstan, Slovakiya və Çexiyaya görə atılıb. Bu ölkələr Rusiya neftinin idxalından son dərəcə asılıdır.

Rusiya neftinə habelə ABŞ və Britaniya embarqo qoyublar.

Finlandiyada yerləşən müstəqil CREA təşkilatı hesabatı iyunun 13-də açıqlayıb.

Bu arada Kiyev Avropa İttifaqını Rusiya ilə bütün ticari əlaqələrin kəsilməsinə çağırır.

XS
SM
MD
LG