Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir


Tbilisidə Avropaya dəstək aksiyası, 3 iyul, 2022-ci il
Tbilisidə Avropaya dəstək aksiyası, 3 iyul, 2022-ci il

Rapp deyib ki, komissiya Gürcüstanın prioritetlər üzərində “inadla, dərindən və hərtərəfli” işləməsində “çox maraqlıdır”

Avropa Komissiyası Gürcüstanın Aİ üzvlüyünə namizədliyi üçün vacib prioritetləri necə yerinə yetirməsi üzrə növbəti dəyərləndirməsinin vaxtını uzadıb. Məqsəd Gürcüstana həmin tələblərin icrasından ötrü daha çox vaxt verməkdir.

Komissiyanın genişlənmə direktorluğunun təmsilçisi Maykl Rapp iyulun 13-də deyib ki, yubanmada məqsəd Tbilisinin Aİ-yə namizəd status qazanmaq üçün “diqqətlə işləməsinə vaxt ayırmaqdır”.

Dəyərləndirmə gələn il olacaq

Komissiya tələblərin icrasını ilkin olaraq bu ilin dekabrında dəyərləndirməliydi, vaxt 2023-cü ilə keçirilib.

Rapp deyib ki, komissiya Gürcüstanın prioritetlər üzərində “inadla, dərindən və hərtərəfli” işləməsində “çox maraqlıdır”.

Onun sözlərinə görə, Aİ rəsmiləri bu Cənubi Qafqaz ölkəsində siyasi mübahisələr fonunda Gürcüstanı Brüsselin 12 bəndlik proqramının icrası üçün “tələsdirmək” istəmirlər.

Tbilisidəki Rondeli Fondunda Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili isə AzadlıqRadiosuna deyib ki, yubanma bir tərəfdən Gürcüstan üçün kədərli faktdır, çünki “bütün tövsiyələr cədvələ uyğun asanlıqla yerinə yetirilə bilərdi”.

“Digər tərəfdən, yaxşı xəbər də ola bilər – çünki faktiki olaraq, ilin sonunadək 12 bəndin hamısını yerinə yetirə bilmərik”, – o, sözlərinə əlavə edib.

Etirazlar

Tbilisidə ardıcıl nümayişlər keçirilib, onminlərlə insan küçələrə çıxaraq, müxalifətin dediyi kimi, hökumətin tələb olunan islahatları yerinə yetirməməsinə etiraz ediblər.

Etirazçılar Baş nazir İrakli Qaribaşvilinin istefasını, yeni “milli razılıq” hökumətin qurulmasını tələb ediblər.

Avropa İttifaqı Ukrayna və Moldovanı birlik üzvlüyünə namizəd elan etsə də, Gürcüstanla bağlı tələsməyib.

Qaribaşvili deyir ki, hökumət “namizəd statusunu mümkün qədər tez almağımız üçün” Brüsselin tələblərini yerinə yetirməyə “səfərbər olunub”.

Avropa Komissiyasının şərtlərinə siyasi qütbləşməyə son qoyulması, media azadlığı yönündə proqres, ədliyyə və seçki islahatları, “oliqarxsızlaşdırma” daxildir.

Rəy sorğularına görə, Rusiyanın təhdidlərinə rəğmən, Gürcüstan əhalisinin azı 80 faizi Aİ-yə, NATO-ya üzvlük planlarını dəstəkləyir.

XS
SM
MD
LG