Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:31

İlham Əliyev: ‘Avropa İttifaqı ilə sazişin böyük hissəsi razılaşdırılıb’


Prezident İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə belə deyib

“Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılıb. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq”.

Prezident İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə belə deyib.

Enerji təhlükəsizliyi sənədi imzalanacaq

Avropa İttifaqı Şurasının prezidenti ilə bir neçə dəfə görüşdüyünü və telefon danışığını xatırladan İlham Əliyev bildirib ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması olub:

"Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaq”.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 18-də Bakıya səfər edəcək. Aİ-nin Azərbaycandan idxal etdiyi qazın həcmini artırması məsələsinin müzakirə ediləcəyi gözlənir.

İlham Əliyev bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində də müəyyən addımlar atıldığını, hələlik real nəticələr əldə edilmədiyini də qeyd edib.

"Ermənistan tərəfi buna o qədər də meylli deyildi"

Onun sözlərinə görə, müharibədən 1 il 8 ay ötsə də, Ermənistan öz üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir.

Bu ittihamı Ermənistan rəhbərliyi rəhbərliyi, hələlik, şərh etməyib.

Dövlət başçısı bu istiqamətdə müsbət məqamların da olduğunu vurğulayaraq, bu baxımdan delimitasiya üzrə işçi qrupların birinci görüşünün keçirildiyini qeyd edib:

“Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meylli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı".

Prezident gələn ay ikinci görüşün keçirilməsinin nəzərdə tutulduğunu bildirib:

"Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”.

Beş prinsip

İlham Əliyevin sözlərinə görə, digər müsbət hal Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edilməsidir. Prezident qeyd edib ki, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib:

"Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf-müqabillər ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb”.

Dövlət başçısı hesab edir ki, Azərbaycan təşəbbüs göstərməsəydi, beş prinsipi formalaşdırmasaydı bu günə qədər bu istiqamətdə heç bir inkişaf olmazdı.

Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Paşinyan bu elementlərin Yerevan üçün qəbuledilən olduğunu deyib. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib.

Xatırlatma

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG