Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:31

Ukrayna cənubda əkshücumu gücləndirir


İyulun 28-də Ukraynada Dövlətçilik Günü qeyd olunub
İyulun 28-də Ukraynada Dövlətçilik Günü qeyd olunub

İşğalın ilk günlərindən Moskva Ukraynanın şərqində Kremlə yaxın Vagner Group-un muzdlularından nizami ordu bölmələri ilə yanaşı istifadə edib

Ukrayna qüvvələri ölkənin cənubunda Rusiyanın işğal etdiyi əraziləri qaytarmaq üçün əkshücumu gücləndirir. Rusiya isə Ukraynanın mərkəzinə zərbələr endirir.

Kiyev Xerson şəhəri ətrafında və cənubda başqa bir şəhərin yaxınlığında Rusiyanın beş mövqeyinə təyyarə zərbələri endirdiyini bildirir. Ukrayna işğal başlayandan ən böyük əkshücuma keçib, ərazidəki Rusiya əsgərlərini təcrid etməyə çalışır.

Son həftələr Dnepr çayı üzərində üç körpüyə Qərbin verdiyi uzaqmənzilli raket sistemləri ilə böyük zərbə vurulub, Rusiyanın çayın qərb sahilindəki qüvvələri təchiz etməsi daha da çətinləşib.

Mərkəzi vilayətlər vurulur

Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımla sərhəd Xerson vilayətini Rusiya fevralın 24-də işğala başlayandan az sonra ələ keçirib.

İyulun 28-də Rusiya Ukraynanın mərkəzindəki Kirovoqrad vilayətinə zərbələr endirib, Kropivnitskiy şəhərində beş nəfər öldürülüb, 26 nəfər yaralanıb.

Kiyev yaxınlığında hərbi bazada isə 15 nəfər xəsarət alıb, onlardan beşinin dinc sakinlər olduğu, ölkənin şimal və cənub vilayətlərinə də zərbələr endirildiyi bildirilir.

Çerniqov vilayətinin qubernatoru Vyaçeslav Çausun sözlərinə görə, Rusiya Belarusun Honçarivska kəndindən raket atıb. Çerniqov bir neçə həftəydi hədəfə alınmırdı.

Şərqi Donetsk vilayətində bütün cəbhə xətti boyunca ağır atışma getdiyi, Rusiya qüvvələrinin Baxmut və digər şəhərləri hədəfə aldığı, Baxmutda üç nəfərin öldüyü xəbər verilir.

Vagner muzdluları

İşğalın ilk günlərindən Moskva Ukraynanın şərqində Kremlə yaxın Vagner Group-un muzdlularından nizami ordu bölmələri ilə yanaşı, “Rusiya ordusu ilə koordinasiya şəklində” istifadə edib. Bunu Britaniyanın Müdafiə Nazirliyi iyulun 29-da gündəlik hərbi bülletenində qeyd edir.

Vagner-ə Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqi Yevgeni Priqojinin nəzarət etdiyi bildirilir. Qrup 2015-ci ildən Afrika və Yaxın Şərqdə gizli əməliyyatlarda iştirak edib.

Muzdlulardan açıq hərbi əməliyyatlarda istifadə isə Kremlin Rusiya dövləti ilə özəl hərbi muzdlularla əlaqəsini danma siyasətinə əlavə zərbə vurur, kəşfiyyat vurğulayır.

Qurumun mövqeyincə, Vagner muzdlularından istifadəyə “döyüş piyadalarında böyük çatışmazlıq” səbəb ola bilər, ancaq onların müharibənin gedişatına təsir etmək ehtimalı “çox aşağıdır”.

ABŞ konqresmeni Elissa Slotkin iyulun 28-də deyib ki, müharibədə 75 mindən çox rusiyalı əsgərin ya öldürüldüyü, ya da yaralandığı güman edilir.

Rusiya müharibə itkilərini açıqlamır.

XS
SM
MD
LG