Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Qərbin Ərdoğan dərdi – media


Rəcəb Tayyib Ərdoğan (solda) və Vladimir Putin Soçi görüşündən sonra
Rəcəb Tayyib Ərdoğan (solda) və Vladimir Putin Soçi görüşündən sonra

Qərbin aparıcı rəsmisinin sözlərinə görə, Ərdoğan cümə günü dilə gətirdiyi niyyətini həyata keçirərsə, ölkələr öz şirkət və banklarını Türkiyədən çıxmağa çağıra bilərlər

Avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdü. Tərəflər əməkdaşlığı gücləndirməyə razılaşıblar. Qərb rəsmiləri isə xəbərdarlıq edirlər ki, Ankara Qərbin sanksiyalarından yayınmaqda Moskvaya kömək edərsə, buna cavab tədbirləri ilə üzləşə bilər.

“The Financial Times” qəzeti Qərbin Ərdoğanla Putinin əlaqələri dərinləşdirməsindən getdikcə daha çox narahat olduğunu yazır. Qəzetin danışdırdığı altı Qərb rəsmisi deyib ki, iki liderin dörd saatlıq görüşdən sonra ticarət və enerji sahəsində əməkdaşlığı genişləndirmək vədindən narahat olublar.

Mümkün tədbirlər

Avropa İttifaqının (Aİ) bir rəsmisi deyib ki, 27 üzvü olan blok Türkiyə-Rusiya əlaqələrini “getdikcə daha yaxından” izləyir. Qərbin aparıcı rəsmisinin sözlərinə görə, Ərdoğan cümə günü dilə gətirdiyi niyyətini həyata keçirərsə, ölkələr öz şirkət və banklarını Türkiyədən çıxmağa çağıra bilərlər. Bu, NATO üzvü, 800 milyard dollarlıq iqtisadiyyatı onsuz da kövrək vəziyyətdə olan Türkiyəyə görünməmiş dərəcədə qeyri-adi təhdiddir, qəzet yazır.

Aİ-nin hələlik, Türkiyəyə qarşı mümkün addımlarla bağlı rəsmi müzakirələr aparmadığı bildirilir. Bir neçə rəsmi isə deyib ki, Ərdoğanla Putinin nəyi razılaşdırdığı aydın deyil, ona görə də Aİ-nin Türkiyəyə sanksiyalarla bağlı rəsmi qərarı etirazlara səbəb olar. Blok daxilində bu məsələdə fikir ayrılıqları mövcuddur.

Qəzet Aİ-nin razılaşması olmadan belə, ayrı-ayrı üzv ölkələrin tədbir görə biləcəyini istisna etmir. “Məsələn, ticarət əməliyyatlarının maliyyələşdirilməsinə məhdudiyyətlər qoyula, yaxud böyük maliyyə şirkətlərindən Türkiyə firmalarına maliyyəni azaltmaq istənilən bilər. Türkiyə Rusiyaya çox yaxınlaşarsa, istənilən mənfi addımı istisna etmirəm”, – bir rəsmi deyib.

Sanksiya söhbəti hardan yaranıb

Türkiyəyə potensial addımlara eyham isə boşuna ortaya çıxmayıb. Ukraynanın ələ keçirdiyi sənəd Moskvanən Türkiyə bankları vasitəsilə sanksiyalardan yayınmağın yollarını cızdığını üzə çıxarıb. Bunu Ukraynanın kəşfiyyat rəsmisi və bir Qərb diplomatı qəzetə deyib.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə “ikinci dərəcəli sanksiyalar” tətbiq olunacaq. ABŞ Maliyyə nazirinin müavini Valli Adeyemo iyunda Türkiyə rəsmiləri və İstanbul bankirlərilə görüşərək onlara Rusiyanın qanunsuz pulu üçün vasitəyə çevrilməməklə bağlı xəbərdarlıq edib.

Soçi görüşündən sonra Baş nazirin müavini Aleksandr Novak jurnalistlərə deyib ki, Türkiyə Rusiya qazı üçün rublla ödəniş etməyə razılaşıb. Xəbəri Interfax yayıb. Onun sözlərinə görə, Putinlə Ərdoğan bankçılıq əlaqələrinin inkişafını, rubl və lirə ilə ödənişləri müzakirə ediblər.

“O qədər də etibarlı olmayan müttəfiq”

Türkiyə ilə yaşamaq da çətindir, onsuz da mümkün deyil. Bunu isə “Politico” dərgisində ABŞ-ın NATO-dakı keçmiş səfiri, Çikaqo Qlobal Məsələlər Şurasının prezidenti İvo Daalder yazır.

Müəllif NATO üzvü Türkiyənin Qərbin iki “düşməni” – Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi ilə əlaqələri saxlayan Ərdoğanı çox çətin müttəfiq adlandırır.

Türkiyənin NATO üçün strateji əhəmiyyətindən söz açan müəllif Ankaranın o qədər də etibarlı müttəfiq olmadığını, 1974-cü ildə Kipri işğal etdiyini, Egey dənizində Yunanıstanla dəfələrlə qarşı-qarşıya gəldiyini yazır.

“Ərdoğanın prezidentliyi Türkiyənin pozuntularını tamamilə yeni səviyyəyə qaldırıb. O, daxildə müxalifəti boğur, opponentlərini həbsə atır, dünyada həbsdə ən çox jurnalist bu ölkədədir. NATO-nun yeganə ölkəsidir ki, Freedom House onu ‘qeyri azad’ sayır”, – məqalədə deyilir.

NATO-dan çıxarmaq?

Müəllif Ərdoğanın Rusiyaya sanksiyalara qoşulmadığını qeyd edərək, Ankaranı NATO-dan müvəqqəti kənarlaşdırmağın, yaxud tamam çıxarmağın vaxtı çatdığını yazır.

Ancaq Türkiyənin NATO-dan çıxarılması Ankaranı razılığı olmadan mümkün deyil. Türkiyə özü NATO-dan istədiyi vaxt çıxa bilər, Fransanın 1966-cı ildə çıxdığı kimi. Amma alyansın bir üzvü kənarlaşdırması üçün konsensus lazımdır.

Müəllif Türkiyəni NATO-da saxlamağın strateji səbəbini də qeyd edir. Belə ki, Ankaranın Yaxın Şərq və Qafqazla sıx əlaqələri var. Bəzən dikbaş üzvlərin bir araya gətirilməsində faydalı olur. Məsələn, Kiyevlə Moskva arasında vasitəçilik buna nümunədir. Üstəlik, Ankara Atlantik Alyansının ümumi müdafiəsinə də əhəmiyyətli töhfəsini verib. “Başqa sözlə, Türkiyə getdikcə yola getmək çətinləşən, ancaq onsuz yaşamaq da mümkün olmayan müttəfiqə çevrilir”, – məqalədə deyilir.

XS
SM
MD
LG