Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Ukrayna müharibəsi Rusiya silahı üçün pis reklam olub - Qərb mediası


Kiyev yaxınlığında sıradan çıxaırlmış Rusiya tankları
Kiyev yaxınlığında sıradan çıxaırlmış Rusiya tankları

Qərbin hərbi təhlilçiləri bildirirlər ki, Rusiyanın Ukraynada özündən qat-qat kiçik rəqibin öhdəsindən gələ bilməməsi Putinin bəyanatlarının əksini göstərir

Ukrayna müharibəsindəki uğursuzluqlarına baxmayaraq prezident Vladimir Putin avqustun 15-də deyib ki, Rusiya bütün dünya boyunca müttəfiqlərinə təkmil silahlar satmağa və onlarla hərbi texnologiyaların inkişaf etdirilməsində əməkdaşlıq etməyə hazırdır.

Ukraynanın iki ən böyük şəhərindən geri oturdulan Rusiya qüvvələri hazırda, Donbasda canlı qüvvə və texnika sarıdan böyük itkilərinə rəğmən cüzi irəliləyişə nail olub.

Lakin Putin Moskva ətrafında keçirilən silah yarmarkasında israr edib ki, Rusiya silahları zamanı illərlə qabaqlayır.

Rusiya ənənəvi olaraq Latın Amerikası, Asiya və Afrika ölkələri ilə yaxşı münasibətlər saxlamağa çalışıb və bu ölkələrə kiçik çaplı silahlardan tutmuş zirehli texnikayadək silah-sursat satıb.

Putinin tərifi

Putin iddia edib ki, bu silahların hamısı real hərbi əməliyyatlarda özünü doğruldub.

Rusiya prezidenti dəqiq vuran altilleriya və raketlərdən, robot texnologiyalarından söz açıb:

"Bunların bir çoxu xarici rəqiblərin silahlarını bir neçə il, hətta onilliklər geridə qoyur. Taktiki və texniki xarakteristikalarına görə bunlar rəqiblərin silahlarından əhəmiyyətli dərəcədə üstündür”.

Rusiya qlobal silah satışında yalnız Birləşmiş Ştatlardan geridə qalır. Ölkə hər il xaricə 15 milyard dollar dəyərində silah satır. Bu, qlobal silah bazarının beşdə biri deməkdir.

Rusiyanın 2017-2021-ci ildə satdığı bütün silahların 73 faizi dörd ölkənin – Hindistan, Çin, Misir və Əlcəzairin payına düşür.

Pis reklam

Qərbin hərbi təhlilçiləri bildirirlər ki, Rusiyanın Ukraynada özündən qat-qat kiçik rəqibin öhdəsindən gələ bilməməsi Putinin bəyanatlarının əksini göstərir.

Londondakı King's College Universiteti Müharibə Tədqiqatları Departamentinin baş mühazirəçisi Rut Deyermond Reuters agentliyinə bunları deyib:

"Qərblə iqtisadi bağları qırılan Rusiya indi silah satışından həmişə olduğundan daha çox asılıdır. Odur ki, Putinin öz silahlarını mümkün qədər çox qeyri-Qərb müştərilərinə reklam etməsi təəccüblü deyil. Onun üçün ən böyük problem budur ki, Ukraynaya qarşı müharibə Rusiya hərbiyyəsinin nüfuzu üçün fəlakətli zərbə olub. Ukraynadalkı müharibə Rusiya silahları üçün çox pis reklam olub”.

Rusiyanın məhz hansı silahlarının Ukrayna müharibəsində uğursuz çıxması barədə suala cavab olaraq ABŞ-ın təqaüddə olan generalı Ben Hoces ABŞ müdafiə rəsmilərinin qiymətləndirməsinə istinadla söhbətin dəqiq vuran raketlərin 60 faizindən getdiyini deyib.

ABŞ-ın Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı general Hoces bildirib ki, Rusiya üzərinə qoyulmuş Qərb sanksiyaları onun satdığı silahların cari təmiri və saxlanması qabiliyyəti barədə də şübhələr yaradır:

"Mən potensial müştəri kimi bu avadanlığın keyfiyyətindən və Rusiya Federasiyası sənayesinin bunlara xidmət göstərilməsi iqtidarında olmasından bərk narahat olardım”.

Putin uğursuzluğunu danır

Öz növbəsində Ukrayna ABŞ-ın ona verdiyi müasir silahlardan, xüsusilə də yaylım atəşli zenit raket sistemi HIMARS-dan uğurla istifadə edir və bu silahlarla Rusiyaya ağır zərbələr vurur.

Bu zərbələrdən biri də ehtimal olunduğuna görə ötən həftə Rusiyanın Krımdakı hərbi-hava bazasına endirilib.

Peyk fotolarında bu hərbi aerodromda azı səkkiz təyyarənin yandığı görünür.

Bütün bunlara baxmayaraq Putin iddia edir ki, Rusiya və onun Donbas regionundakı separatçı əlaltıları vəzifələrinin öhdəsindən lazımınca gəlirlər.

Putin deyib ki, “onlar addımbaaddım Donbası azad edirlər”.

Rusiya fevralın 24-də başladığı müharibəni “xüsusi əməliyyat” adlandırır.

Lakin Ukrayna və onun müttəfiqləri Moskvanı suveren bir dövlətə qarşı təcavüzdə ittiham edirlər.

XS
SM
MD
LG