Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:38

'Bura qayıtsalar, iş tapacaqlarına zəmanət yoxdur'


Moskva bazarında miqrant işçilər
Moskva bazarında miqrant işçilər

Rusiyada sentyabrın 21-dən elan edilən qismən səfərbərliyin orada ticarətə, alış-verişə ciddi təsir göstərdiyi bildirilir. Gələn xəbərlərə görə, hazırda Rusiya bazarlarında, ticarət mərkəzlərində alver çox azalıb. Digər tərəfdən, Rusiyanın Mərkəzi Bankının məlumatına görə, cəmi bir günə bank hesablarından 132.1 milyard rubl (2.28 milyard dollar) çıxarılıb.

Son onilliklərdə Azərbaycandan Rusiyaya 1 milyondan çox adamın işləməyə getdiyi deyilir. Onların əksəriyyətinin ticarət sektorunda çalışdığı bildirilir. Hazırda Azərbaycanla Rusiya arasında quru sərhədlər bağlı olduğundan və təyyarə biletləri kəskin bahalaşdığından onların çətin duruma düşdükləri söylənir.

"Tanış yerli sakinlərdən öyrəndiklərimizə görə..."

Moskva vilayətinin Kubinka şəhərində yaşayan, əslən Azərbaycandan olan bir şəxs AzadlıqRadiosuna deyib ki, indi şəhərdə ən çox satılan çörək və başqa zəruri ərzaq mallarıdır. Onun deməsinə görə, yerli əhali küçəyə lazım olmadıqda bir elə çıxmır: "Tanış yerli sakinlərdən öyrəndiklərimizə görə, bəziləri işini-gücünü atıb daçalara, əhalinin yaşamadığı boş meşə zolaqlarına üz tutub. Özləri ilə çadır aparıblar. Ara sakitləşənə kimi geri qayıtmaq fikrində deyillər. Bu da istər-istəməz azərbaycanlıların ən çox məşğul olduğu ticarət sektorunu zəiflədib".

A.Badamov
A.Badamov

Bəs Azərbaycan hökuməti işləmək üçün Rusiyaya üz tutan belə vətəndaşlarına hansısa dəstək paketi göstərməlidirmi? Suala, hələlik, Nazirlər Kabinetindən cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Azər Badamov "Turan"a bildirib ki, qismən səfərbərliyin Rusiyada ticarətlə bir əlaqəsi yoxdur: "Ölkədə baş verən ümumi bahalaşma Ukrayna müharibəsi ilə bağlı tətbiq olunmuş sanksiyalarla bağlıdır. Rusiyada çoxlu Azərbaycan vətəndaşı da yaşayır və işləyir. Təbii ki, bu bahalaşma, bütün Rusiya vətəndaşlarına təsir etdiyi kimi, orada yaşayan Azərbaycan vətəndaşlarına da təsir göstərmişdir".

"Rusiyada yaşayan vətəndaşlarımızın təhlükəsizliyi…"

Lakin deputat bununla bağlı Azərbaycan dövlətinin Rusiyada yaşayan vətəndaşlarına hər hansı bir yardım göstərəcəyini düşünmür: "Çünki dövlət, əsasən, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı çətinlik yarananda yardım göstərir və təxliyə edilirlər. Bu gün Rusiyada yaşayan vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı heç bir təhlükə yoxdur".

A.Badamov hesab edir ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşları əgər oradakı bahalaşmadan əziyyət çəkirlərsə, ölkəyə qayıda bilərlər: "Təyyarə biletlərinin qiymətlərinin kəskin artması ilə bağlı qeyd edə bilərəm ki, bu, müvəqqəti bahalaşmadır. Rusiyada elan olunmuş qismən səfərbərlik insanlar arasında həyəcan yaradıb. Rusiya vətəndaşları müharibədən boyun qaçırmaq üçün kütləvi şəkildə xaricə gedir. Ona görə də təyyarə biletlərinə kəskin tələbat yaranıb. Hesab edirəm ki, bir neçə gün keçəndən sonra bu həyəcan sakitləşəcək və qiymətlər də əvvəlki səviyyəyə qayıdacaq".

Onun fikrincə, Azərbaycana qayıtmaq istəyən vətəndaşlar sadəcə bir az səbirli olmalıdırlar.

A.Hüseynov
A.Hüseynov

"Panikaya düşmək üçün əsas yoxdur"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə agentliyə deyib ki, Rusiya banklarından çıxarılan vəsaitlər bu ölkə üçün o qədər də ciddi məbləğ deyil: "Yəni, bu, Rusiya iqtisadiyyatına önəmli təsir edəcək bir formada deyil".

A.Hüseynovun fikrincə, məsələ müvəqqəti xarakter daşıdığından Rusiyada daima çalışan, sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları üçün o qədər də qorxulu tendensiya yoxdur: "Çünki müharibə artıq pik həddini keçib. Müharibənin ən aktiv fazasında bizim oradakı biznesmenlərə ciddi problem olmadısa, artıq onlarda bir adaptasiya baş verib. Ona görə də panikaya düşmək üçün əsas yoxdur".

N.Cəfərli
N.Cəfərli

"Qazaxıstana, hətta Özbəkistana köçmək istəyən…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Rusiyada işləyən azərbaycanlılar ölkəyə qayıtmağa indi bir elə də tələsmirlər: "Çünki bura qayıtsalar, iş tapacaqlarına, iş quracaqlarına zəmanət yoxdur. Ölkədə biznes mühiti çox pisdir, iş yerləri ilə bağlı ciddi problemlər var, heç bir dəstək proqramı yoxdur. Ona görə də onlar sona qədər gözləməyə üstünlük verəcəklər".

Onun sözlərinə görə, böhranlı vəziyyətlərdə Qazaxıstana, hətta Özbəkistana köçmək istəyən azərbaycanlıların sayı vətənə dönmək istəyənlərin sayından daha çox olur: "Çünki orada ən azından kiçik və orta sahibkarlar üçün Azərbaycana nisbətən normal şəraitin olduğunu bilirlər".

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Rusiya səkkiz il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra da Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan isə sanksiyalara qoşulmayıb.

Son aylar Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçərək Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb. Ötən həftə Rusiyada qismən səfərbərlik elan edilib.

Bu müharibə nəticəsində on minlərcə insanların həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü bildirilir.

XS
SM
MD
LG