Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:54

Almaniya miqrasiya siyasətini yumşaldır


Avstriya-Almaniya sərhədini keçən miqrantlar Almaniya federal polisinin ilkin qeydiyyat məntəqəsinə gedirlər. 2015
Avstriya-Almaniya sərhədini keçən miqrantlar Almaniya federal polisinin ilkin qeydiyyat məntəqəsinə gedirlər. 2015

Qlobal iqtisadiyyatda kəskin qiymət artımları son dönəmin başlıca çətinliyi sayılır. Güclü iqtisadiyyatı olan bir çox ölkə də bu problemin acısını dadır. Dünyanın ən böyük dördüncü, Avropanınsa birinci iqtisadiyyatı sayılan Almaniyada inflyasiya ilə yanaşı, ixtisaslı kadr çatışmazlığı da ciddi dartışılır. Alman İqtisadiyyat İnstitutu və Almaniya İnkişaf Bankının birgə apardığı araşdırmaya görə, ölkədəki şirkətlərin 44 faizində - az qala yarısında ixtisaslı işçi çatışmazlığı var. Bu, 2011-ci ildən bəri keçirilən anketlərdə qeydə alınan ən yüksək göstəricidir. İşçi çatışmazlığı ucbatından həmin şirkətlər fəaliyyətlərini genişləndirə bilmədiklərini və istehsalı nisbətən aşağı salmağa məcbur qaldıqlarını bildiriblər. Sözügedən araşdırma Almaniyanın sənaye müəssisələrində təkcə təbiət elmləri və texnologiya ilə bağlı 320 min ixtisaslı işçinin çatışmadığını üzə çıxarıb. Bu da, təbii ki, Almaniya sənayesinin məhsuldarlığının potensialından aşağı olmasına şərtləndirib. Ekspertlər ixtisaslı işçi qüvvəsi çatışmazlığını demoqrafiq səbəblərlə yanaşı, həm də ölkədə peşə məktəblərindən məzun olanların sayının 10 il öncəyə görə 100 min nəfərə yaxın azalması ilə əlaqələndiriblər.

Avropa işçi qüvvəsi axtarır
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Rəqəmlər nə deyir

Almaniya federal statistika qurumunun açıqlamasına görə, 83 milyon 240 min nəfərlik ölkə əhalisinin 45 milyon 400 min nəfəri məşğul əhali qrupuna daxildir. Bu o deməkdir ki, ölkədə iqtisadi fəal yaşda olan əhalinin 76 faizi məşğuldur. Almaniya İqtisadiyyat İnstitutunun hesabatına görə, ölkədə məşğul əhalinin 23 faizinin yaşı 55-dən çoxdur. Bu isə o deməkdir ki, qarşıdakı 10 il içində 7 milyondan çox işçi pensiyaya çıxacaq. Həmin şəxslərin 2 milyondan çoxu məhz ixtisaslı işçi qrupuna daxildir.

Doğum göstəricisinin yüksək olduğu 1959-1969-cu illərdə doğulanların pensiya yaşına çatmasından sonra Almaniyada ən çox kadr probleminin yaşanacağı sahə logistikadır. Artıq indidən ölkədə 80 minə yaxın yük və sərnişin avtomobili sürücüsünə ehtiyac var. Hazırda logistika sahəsində çalışanların üçdə birinin yaşı 55-i aşıb. Bu baxımdan, qarşıdakı illərdə bu sektordakı işçi çatışmazlığının daha da kəskinləşəcəyi gözlənilir.

Pandemiya dönəmində işçi çatışmazlığının ən çox problem yaratdığı səhiyyə sektorunda da kadr baxımından durum ürəkaçan deyil. Rəsmi göstəricilərə görə, ölkədəki xəstə baxıcılarının, tibb bacılarının və ilkin tibbi yardım mütəxəssislərinin 40 faizinin yaşı 55-dən yüksəkdir. Yeri gəlmişkən, Almaniyanın səhiyyə sistemi azərbaycanlı tibb işçiləri üçün də populyar istiqamət sayılır. Almaniya mediasının araşdırmasından məlum olur ki, ötən ilin əvvəlində Almaniyada 1 min 28 nəfər azərbaycanlı həkim çalışıb. Təkcə son dörd ildə Almaniyada çalışan əcnəbi həkimlərin sayı 15 min nəfərdən çox artıb. Rəsmi rəqəmlərdən aydınlaşır ki, ilin əvvəlində 83 milyondan çox əhalisi olan Almaniyada toplam 537 min həkim çalışır. Həmin həkimlərin 10 faizindən çoxu – 56 min nəfəri digər ölkə vətəndaşlarıdır. Deməli, Almaniyada çalışan əcnəbi həkimlərin 2 faizə yaxını (1 min 28 nəfər) azərbaycanlı həkimlərdir. Orada fəaliyyət göstərən əcnəbi həkimlərin əsas bölümü – 24 min nəfərə yaxını Avropa Birliyi ölkələrindən gələnlərdir. O həkimlər nəzərə alınmasa, Almaniyaya ən çox həkim göndərən ölkələrdən biri də Azərbaycandır. Buraya Suriyadan 4 min 970, Rumıniyadan 4 min 514, Yunanıstandan 2 min 713, Rusiyadan 2 min 424, Avstriyadan 2 min 415 həkim gəlib. Sonrakı yerləri Polşa (1 min 937 həkim), Ukrayna (1 min 795 nəfər), Misir (1 min 607 nəfər) və İran (1 min 173 həkim) tutur. Nəzərə almaq lazımdır ki, göstəriciləri Azərbaycandan yüksək olan ölkələrin bir çoxunda əhali sayı da Azərbaycandan dəfələrlə çoxdur. Bu baxımdan, Azərbaycan Almaniyaya ən çox həkim göndərən ölkələrdən biridir.

Almaniya məktəblərini miqrantlara açıb
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Problemlər necə çözüləcək

Sadalanan problemləri çözmək indi Almaniyadakı iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Almaniya hökuməti işçi çatışmazlığı problemini aradan qaldırmaq üçün bir neçə istiqamətdə iş görməyi planlaşdırır. Bunlardan biri - hələ təhsil almamış 1 milyon 300 min gəncin peşə təhsili almasından ötrü təşviq mexanizmləri gerçəkləşdirməkdir. Ancaq ölkədə ixtisaslı işçi çatışmazlığının miqyası elə həddədir ki, bunu yalnız daxili resurslar hesabına həll etmək mümkün deyil. Bu üzdən, hökumət ixtisaslı xarici ölkə vətəndaşlarının Almaniyaya köç prosedurlarını da yumşaltmaq istəyir. İxtisaslı işçilərin ölkəyə miqrasiyası ilə bağlı ayrıca proqram qəbul edilib. Bu baxımdan, özəlliklə diplomların tanınmasına dair prosedurların asanlaşdırılmasına və miqrantlarla bağlı minimum gəlir tələbinə yenidən baxılmasına diqqət çəkilir.

Hökumət bəzi sektorlara mövsümi işçilərin cəlb edilməsində də maraqlıdır. Məsələn, Almaniya hökuməti ilə Balkan ölkələri arasında imzalanan anlaşmaya görə, hər il Albaniya, Bosniya və Herseqovina, Kosovo, Çernoqoriya və Şimali Makedoniyadan 25 min insan Almaniyanın kənd təsərrüfatı sektorunda çalışır. İşçi problemini aradan qaldırmaq üçün düşünülən digər bir yol - miqrantların ölkə iqtisadiyyatına inteqrasiyasına yardım göstərməkdir. Bu baxımdan, cinayətlərə qarışmamış və dil bilgisi olan miqrantların ölkədə qalma şərtlərinin yumşaldılması nəzərdə tutulub. İşçi çatışmazlığını aradan qaldırmaq üçün Almaniya hökumətinin gözdən keçirdiyi daha bir mexanizm "fürsət kartı" adlanır. Bu mexanizm bir növ ABŞ-da tətbiq edilən "Green card" mexanizminə bənzəyir. Bu kartı əldə edən şəxs Almaniyadan iş təklifi almasa belə, ölkəyə gələrək əmək bazarına daxil olmaq şansı qazanacaq. Amma Almaniyada potensial miqrantlara bal sistemi tətbiq ediləcək. Qiymətləndirmə dörd istiqamətdə aparılacaq:

- Universitet diplomu və ya peşə bacarıqları;

- Ən azı, üçillik iş təcrübəsi;

- Almanca danışa bilmək və ya əvvəllər Almaniyada yaşamaq;

- 35 yaşından gənc olmaq.

Bu meyarlara cavab verən şəxslər arasından əmək bazarının ehtiyacına uyğun sayda insan hər il sözügedən kartı əldə edə biləcək.

XS
SM
MD
LG