Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

17 yaşlı Nikanın ölümü necə ört-basdır edildi


İranda 6 güllə ilə öldürülən Nəcəfi TikTok sosial şəbəkəsində aktiv imiş
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

İranda 6 güllə ilə öldürülən Nəcəfi TikTok sosial şəbəkəsində aktiv imiş

Ailənin azı iki üzvü Nikanın yoxa çıxmasını, ölümünü və müəmmalı dəfnini açıq müzakirə etdiyinə görə həbsə atılıb

Nika Şəkərəmi sentyabrın 20-də etirazçılara qoşulmaq üçün Tehranın mərkəzindəki Keshəvərz bulvarına gedib. Nika “Instagram”da öz baş örtüyünü yandırmasının videosunu paylaşandan sonra bir daha heç kim onu sağ görməyib.

16 yaşlı Nikanın ölümü onu İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş qaldırmış etirazların daha bir simasına çevirib.

“Özlərini təmizə çıxarmaq” üçün...

Nikanın anası Nəsrin Şəkərəmi oktyabrın 6-da AzadlıqRadiosunun İran xidmətinə göndərdiyi video müraciətdə İran hökumətini “özlərini təmizə çıxarmaq” üçün qızının hansı şəraitdə ölməsi haqda "yalan danışmaqda" ittiham edib. O həmçinin dövlət rəsmilərinin qızının cənazəsini "oğurladıqlarını" deyib. Onun sözlərinə görə, onlar bu işi Nikanı gizli dəfn edərək ailəsini onların versiyasını təsdiqləməyə məcbur etmək üçün görüblər.

Nəsrin Şəkərəmi Nika ilə sonuncu dəfə sentyabrın 20-si axşam danışdığını deyir. Həmin vaxt Nika Keşəvərz Bulvarındakı etirazlarda iştirak edirmiş.

"Onunla əlaqə saxlayıb deyirdim ki, evə qayıtsın. O bir neçə dəfə cavab verdi. Səs-küy var idi və zənglər tez-tez kəsilirdi. Gecə saat 11:30 radələrində Nika ilə sonuncu dəfə danışdım. Dostlarının təhlükəsizlik qüvvələrindən qaçmaqları haqda danışdığını eşidirdim. Zəng kəsildi və telefon söndü. Bundan sonra elə sönülü də qaldı”, – Nəsrin Şəkərəmi deyir.

“Bir nəfər dəfələrlə təkrarlayırdı ki, o yaxşıdır”

Nikanın həbs oluna biləcəyini düşünən ailəsi səhərisi gün polisə gedərək qızlarının yerini soruşub.

"Hamı bizə deyirdi ki, onun haqqında heç bir qeyd yoxdur. Aralarında yalnız bir nəfər dəfələrlə təkrarlayırdı ki, o yaxşıdır”, – Nəsrin Şəkərəmi deyir.

Onun sözlərinə görə, həmin əməkdaş Nikanın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən həbs olunduğunu, ancaq saxlanılanların çox olması səbəbindən insanlar haqda məlumat vermədiklərini deyirmiş.

"İİKK Nikanı sorğu-sual etmək istəyir və o yaxşı yerdə saxlanılır. Mən sizə nə dediyimi bilirəm”, – həmin şəxs Nikanın anasına deyirmiş.

Ziddiyyətli izahatlar

Nəhayət, doqquz gün müxtəlif dövlət qurumlarının qapısına gedəndən sonra polis ailəyə Nikanın cansız bədəninin şəklini göstərib. Hökumət Nikanı gizli dəfn edib, ailə üzvlərini isə danışmamaları üçün həbslə hədələyib.

Nikanın hansı şəraitdə öldürüldüyü haqda həqiqəti üzə çıxarmaq mümkün olmayıb. Nəsrin Şəkərəmi ailəsinin məsələ ilə bağlı dövlət qurumlarını sorğuladığı və bu işi açıq ictimai müzakirəyə çıxardığı üçün “dəhşətli təzyiqlə” üzləşdiyini deyir.

Dövlət qurumlarının izahatları bir-biri ilə üst-üstə düşmür. Onlar Nikanın ölümü ilə onun həmin gecə etirazlarda iştirak etməsi arasında əlaqə olmadığını iddia edirlər.

Sentyabrın 16-dan başlayan etirazlarda bugünədək 150-dən çox adamın həyatını itirdiyi bildirilir. Onların çoxu etirazçı gənclər və yeniyetmələrdir.

Özləri basdırıblar

Nikanın ailəsi onu İranın qərbindəki Luristan əyalətində, Xürrəmabad şəhərində dəfn etmək istəyirmiş. Ancaq hökumət qurumları buna da mane olub.

Dövlət rəsmiləri cənazənin Xürrəmabadda basdırılacağı halda nümayişlərə səbəb ola biləcəyindən ehtiyatlanaraq ailəyə ictimai dəfn mərasimi keçirməmək xəbərdarlığı edib. Ancaq Nikanın anası etiraz edib.

Dəfnin planlaşdırıldığı gün, oktyabrın 3-ü həm də Nikanın 17-ci doğum günü imiş. "Bir də öyrəndik ki, icazəmiz olmadan Nikanın cənazəsini oğurlayıb güclü təhlükəsizlik nəzarəti altında ucqar bir kənddə dəfn ediblər”, – Nəsrin Şəkərəmi deyir.

Nika oktyabrın 3-də Xürrəmabaddan onlarla kilometr uzaqlıqda yerləşən Veysian kəndində dəfn edilib. Hökumətin bu hərəkəti Nikanın anasına doğma şəhərində Nika üçün yas mərasim keçirməkdən başqa seçim qoymayıb. Mərasimə çox böyük izdiham qatılıb. Ailə üzvləri Nikanı "şəhid" adlandırıblar.

Xalanın və dayının etirafı

Ailənin azı iki üzvü Nikanın yoxa çıxmasını, ölümünü və müəmmalı dəfnini açıq müzakirə etdiyinə görə həbs olunub. Oktyabrın 5-də isə onlar qəfildən dövlət televiziyasına çıxıb hökumətin versiyasını təkrarlayıblar. Nikanın guya yarımçıq binadan yerə atıldığını və ölümünün hökumətin etirazçılara divantutmasıyla bağlı olmadığını deyiblər.

Həbs olunan iki ailə üzvündən biri – Nikanın xalası Atəş Şəkərəmini oktyabrın 4-də Xürrəmabadda təhlükəsizlik qüvvələrinin saxlayaraq naməlum istiqamətdə apardığı bildirilir.

"Bacıma zorla etiraf çıxışı etdirib çəkdiklərini eşitdim. Heç bilmirəm bu hərəkətə nə ad vermək olar. Necə də iyrəncdir", – Nikanın anası Nəsrin Radio Fərdaya deyib.

"Əslində, biz onların özlərini təmizə çıxarmaq üçün cürbəcür yalanlar uyduracaqlarını gözləyirdik. Bu adamların davranışı öz günahlarını boyunlarına almaq deməkdir. Onların yalan danışdığını sübut etmək üçün çox çalışmaya da bilərəm”, – o söyləyib.

Nikanın dayılarından biri, Mohsen Şəkərəmi də bacısı qızının müəmmalı ölümünü sosial mediada müzakirə edir, bu haqda müsahibələr verirdi. O da bacısı kimi həbs olunub və oktyabrın 5-də dövlət televiziyasında “etiraf” çıxışına məcbur edilib.

Anaya da zəng edirlər

Nəsrin Şəkərəmi hökumət rəsmilərinin onu da “etiraf”a razı salmaq üçün bir neçə dəfə zəng vurduqlarını deyir. Ancaq o, zənglərə cavab verməyib.

“Onlara heç cavab vermədim. Ancaq mənə yaxın adamlara zəng vurdular və hədələyərək dedilər ki, Nikanın anası gəlib bizim ona dediyimiz şeyləri “etiraf” etməlidir. Onlar məni kamera qarşısında “etiraf”a, Nikanın ya özünü öldürdüyünü, ya da bunun qəza olduğunu deməyə məcbur etmək istəyirlər”, – Nəsrin Şəkərəmi deyir.

22 yaşlı Məhsa Əmini ötən ay baş örtüyünü boş bağladığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və bundan ölkəni hicaba, rejimə qarşı etirazlar bürüyüb.

Osloda yerləşən İran İnsan Hüquqları təşkilatının məlumatına görə, artıq dördüncü həftəyə keçmiş etirazlarda azı 90 etirazçı öldürülüb. Digər qruplar bu sayın 160-dan çox olduğunu deyirlər. Yüzlərlə etirazçı yaralanıb, minlərlə saxlanan var.

XS
SM
MD
LG