Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:33

Azərbaycanda yeni açılan iş yerlərinin 80 faizindən çoxu Bakıda


Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'

Və... yeni iş yerlərinin sayı azalır

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin ilk altı ayı ərzində Azərbaycanda 33 min 511 yeni iş yeri açılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən artım deməkdir. O vaxt ölkədə 31 min yeni iş yeri açılmışdı. Belə göstəricilərin pandemiyaöncəsi dönəmlə müqayisəsi zamanı məlum olur ki, yeni iş yerlərinin açılması ilə bağlı durum hələ də əvvəlki səviyyəyə qayıda bilməyib.

Azərbaycanda pandemiyayla bağlı məhdudlaşdırmalar 2020-ci ilin martından bəri tətbiq edilməyə başlanılmışdı. Həmin ilin ilk altı ayı ərzində Azərbaycanda indikiylə müqayisədə təxminən 3 dəfə çox - 85 minə yaxın yeni iş yeri açılmışdı. Heç bir pandemiya məhdudiyyətinin mövcud olmadığı 2019-cu ilin ilk yarısında isə 92 min yeni iş yeri açılmışdı. Bu onu göstərir ki, neftin bahalaşması hesabına bəzi iqtisadi göstəricilər yaxşılaşsa da, iqtisadi fəallıq və məşğulluğun artmaması problem kimi qalır.

Azərbaycanda iqtisadiyyatın, demək olar, bütün sahələrində gözəçarpan regional bərabərsizlik iş yerləri ilə də bağlıdır. Bu ilin ilk yarısında ölkədə yeni açılan 33 min 511 iş yerindən 27 min 177-si - bütün iş yerlərinin 81 faizi təkcə Bakının payına düşür. Yeni açılan iş yerlərinin daha 4 faizi isə Bakıya bitişik Abşeron-Xızı iqtisadi rayonundadır. Yerdəqalan rayonların yeni açılan iş yerlərindəki payı cəmi 15 faizdir. Bütün bu rəqəmlər ölkədə sosial-iqtisadi bərabərsizliyə əsas səbəblərdən biri olaraq göstərilə bilər. Məhz yeni iş yerlərinin məhdudluğu ucbatından əyalətlərdə insanların sosial vəziyyəti daha pisdir. Bu durum bir çox sakini ya daxili, ya da xarici ölkələrə köçməyə məcbur qoyur.

Yeni yaranmış müəssisələr də yalnız Bakıda

Ölkədə yeni yaranmış müəssisə və təşkilatların da mütləq əksəriyyəti Bakının payına düşür. Bu ilin birinci yarısında Azərbaycanda 7 min 900 müəssisə və ya təşkilat yaradılıb. Onların 6 min 635-i - bütün yeni yaradılan müəssisə və təşkilatların 84 faizi Bakıda açılıb.

Abşeron-Xızı iqtisadi rayonunda eyni göstərici 6 faizə yaxındır. Deməli, bu il ölkədə yaradılan yeni təşkilatların 90 faizi təkcə Abşeron yarımadasında, qalan 10 faizi isə ölkə ərazisinin 95 faizini əhatə edən digər ərazilərdə açılıb.

Yeni açılmış iş yerləri ilə bağlı diqqətçəkən bir məqam da belə iş yerlərinin, əsasən, mövcud müəssisələr hesabına təmin edilməsidir. Bu ilin ilk yarısında açılan iş yerlərinin 90 faizini mövcud müəssisə və təşkilatlar təmin edib. Yeni açılan təşkilatların yeni iş yerlərinin yaranmasındakı payı isə cəmi 10 faizə yaxındır. Bu yerlərin 92 faizini özəl mülkiyyətə, cəmi 8 faizini isə dövlətə məxsus müəssisə və təşkilatlar yaradıb.

Yeni iş yerləri, əsasən, tikinti və ticarət sektorlarındadır

DSK-nın açıqladığı göstəricilərdə yeni açılan iş yerlərinin sektorlar üzrə bölgüsünə də yer verilib. Həmin rəqəmlərdən aydın olur ki, bu il Azərbaycanda ən çox yeni iş yeri tikinti sektorunda açılıb. İlk altı ayda həmin sektorda 7 min 286 iş yeri açılıb (bütün yeni iş yerlərinin 22 faizi). İkinci ən çox yeni iş yeri açılan sektor ticarətdir. Bu ilin ilk altı ayında ticarət sektorunda 6 min 461 yeni iş yeri açılıb (bütün yeni iş yerlərinin 19 faizi). Bu baxımdan, təkcə tikinti və ticarət sektorları ölkədə yeni açılan iş yerlərinin 40 faizindən çoxunu təmin edib. Emal sənayesi (10.3 faiz), turizm və ictimai iaşə (8.2 faiz) sektorları da yeni iş yeri sayının nisbətən çoxluğuyla seçilir.

Naxçıvanda yeni müəssisə yaranmır?

DSK-nın açıqladığı göstəricilər arasında daha bir diqqətçəkən məqam Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Bu ilin ilk yarısında ölkədə yaradılan 7 min 900 yeni müəssisə və təşkilatın cəmi 10-u muxtar respublika ərazisindədir. Naxçıvandan sonra ən zəif ikinci göstəricinin qeydə alındığı region daimi məskunlaşmanın olmadığı Şərqi Zəngəzurdur – 16. Üçüncü zəif göstərici isə Dağlıq Şirvan iqtisadi rayonundadır – 42. Naxçıvan Muxtar Respublikası ilə bağlı diqqətçəkən daha bir məqam da odur ki, burada yaradılan 10 yeni müəssisənin 9-u Naxçıvan şəhərində, biri Şahbuz rayonunda açılıb. Muxtar respublikaya daxil olan digər altı rayonda isə yarım il ərzində heç bir yeni müəssisə və ya təşkilat açılmayıb.

XS
SM
MD
LG