Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:22

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb?


Qazaxıstan xüsusi təyinatlıları (Arxiv fotosu)
Qazaxıstan xüsusi təyinatlıları (Arxiv fotosu)

Ekspertlər bildirirlər ki, Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin hakimiyyətinin möhkəmləndirilməsi məqsədini güdür

Qazaxıstanın hakimiyyət orqanları noyabrın 17-də bildirib ki, qarşıdan gələn prezident seçkisi zamanı kütləvi iğtişaşlar planlaşdıran 7 nəfər həbs edilib.

Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir ki, komitə ölkə prokurorluğunun dəstəyi ilə bu il noyabrın 20-də iğtişaşlar planlaşdıran cinayətkar qruplaşmanı zərərsizləşdirib.

Məlumatda deyilir ki, bu qruplaşma təkcə genişmiqyaslı etirazlar təşkil etməyi yox, həm də odlu silahlardan istifadə etməklə hökumət və hüquq-mühafizə orqanlarının inzibati binalarına hücumlar planlaşdırırdı.

Xəbər verilir ki, saxlananlardan Kalaşnikov avtomatları, başqa odlu silahlar, sursat, Molotov kokteyli üçün materiallar və rasiyalar müsadirə olunub.

Dövlət çevrilişi?

AFP agentliyi isə Qazaxıstan xüsusi xidmətlərinə istinadən ölkədə müxalifət tərəfindən planlaşdırılan dövlət çevrilişi cəhdinin qarşısının alındığını xəbər verir.

Məlumatda deyilir ki, müxalifət dedikdə söhbət “Qazaxıstanın Demokratik Seçimi” qrupunun hazırda mühacirətdə yaşayan lideri Muxtar Ablyazovun tərəfdarları nəzərdə tutulur.

Bu qrupun tərəfdarları dəfələrlə keçmiş prezident Nursultan Nazarbayevin istefasını tələb edən aksiyalara çıxıblar.

Ekspertlər bildirirlər ki, Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisi hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin hakimiyyətinin möhkəmləndirilməsi məqsədini güdür.

Nazarbayev ölkəyə 30 il müddətində şəriksiz rəhbərlik etdikdən sonra prezidentliyi məhz Tokayevə ötürüb.

Nazarbayevin irsi

Bu ilin yanvarında Qazaxıstanda yanacaq qiymətlərinin kəskin qalxması ilə bağlı kütləvi etiraz aksiyaları baş vermişdi.

Etirazçılar həm də siyasi şüarlarla çıxış edir, Nazarbayevin hakimiyyət səlahiyyətlərindən məhrum edilməsini tələb edirdilər.

Sonradan bu etirazlar iğtişaşlara çevrilmiş, polis və ordu ilə toqquşmalara səbəb olmuşdu.

Hadisələr zamanı 200-dən çox adamın həlak olduğu xəbər verilirdi.

Bu etirazlardan sonra Nazarbayev həqiqətən də səlahiyyətlərindən məhrum edilmiş və onun yaxın qohumları mənimsəmələrdə ittiham olunaraq həbs və mühakimə edilmişdilər.

Ötən sentyabrda Kasım-Jomart Tokayev Nur-Sultan adlandırılmış paytaxtın keçmiş adı – Astananın qaytarlıması ilə bağlı fərman imzalamışdı.

Konstitusiyaya edilmiş dəyişikliyə görə habelə prezidentlik müddəti 7 illə məhdudlaşdırılır və eyni şəxsin həmin müddətdən sonra prezident seçilməsi qadağan olunur.

Sentyabrda habelə Qazaxıstan Senatı Nursultan Nazarbayevin ad gününü milli bayramlar siyahısından çıxarmışdı.

XS
SM
MD
LG