Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:32

Bayramov: 'Dəhlizdən təyinatı üzrə istifadə olunmur'


Keçmiş Laçın dəhlizindən Ermənistana gediş-gəliş bağlandı
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Keçmiş Laçın dəhlizindən Ermənistana gediş-gəliş bağlandı

"Ermənistan Qarabağa silah göndərmək üçün Laçın dəhlizindən istifadə edir, bu, əvvəllər əldə edilmiş razılaşmalara ziddir".

Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov noyabrın 24-də jurnalistlərə deyib.

"Dəhlizdən təyinatı üzrə istifadə olunmur və buna son qoyulmalıdır. Azərbaycan bundan ötrü lazımi addımları atacaq", - Bayramov vurğulayıb.

"2021-ci ildə Qarabağda basdırılan minalar oraya Laçın dəhlizi ilə çatdırılıb", - nazir qeyd edib.

"Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur və bütün erməni hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması barədə öhdəliyi yerinə yetirmir", - C.Bayramov deyib.

Ermənistan rəsmilərinin, hələlik, bu açıqlamaya münasibəti bəlli deyil. Amma onlar öhdəliklərlə bağlı Azərbaycanın ittihamları ilə razılaşmırlar. Bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın "müdafiə ordusu"na köməyə getmişdi: "Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək".

Ermənistan rəsmiləri hazırda Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini deyir, etnik erməni "müdafiə ordusu"nun onların silahlı qüvvələrinə dəxili olmadığını vurğulayırlar .

Ermənistan Baş naziri Nikol Paşinyan da deyib ki, Azərbaycan prezidenti (İlham Əliyev də C.Bayramovdan öncə eyni ittihamla çıxış etmişdi) Ermənistanı öhdəliklərini yerinə yetirməməkdə ittiham etməklə "Laçın dəhlizini bağlamaq, Artsax ermənilərini mühasirəyə almaq, onların soyqırımını gerçəkləşdirmək üçün saxta zəmin hazırlayır".

Buna cavab olaraq Azərbaycan da Ermənistanı soyqırımında ittiham edib.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Azərbaycandan Rusiya Müdafiə Nazirliyinə irad

Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi yaşayış məntəqələrinin adlarını düzgün vermir və atəşkəslə bağlı bəzi pozuntunu bildirmir.

Bununla bağlı açıqlamada qeyd edilir ki, Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Müdafiə Nazirliyi, bu ölkənin sülhməramlı kontingentinin komandanlığına rəsmi qaydada göndərilib: "Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir".

Məlumatda habelə vurğulanır ki, "son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə sülhməramlı kontingentin rəsmi açıqlamalarında öz əksini tapmır".

Azərbaycan Müdafiə Nazirliyinin bu açıqlamasına, hələlik, Rusiya Müdafiə Nazirliyi və başqa tərəflərin münasibəti bəlli deyil.

Sarıbaba yüksəkliyində minalı ərazilərə baxış
Sarıbaba yüksəkliyində minalı ərazilərə baxış

Rusiya və Türkiyə generalları Sarıbaba yüksəkliyində

Azərbaycanın rəsmi qurumları Ermənistanı mina təhdidləri yaratmaqda ittiham edir.

Müdafiə və Xarici İşlər nazirliklərinin açıqlamasına görə, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələrinin basdırdığı 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb.

"Avqustdan etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib", - Xarici İşlər Nazirliyi (XİN) bildirir.

Açıqlamaya görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə, minalara baxış keçiriblər.

XİN hesab edir ki, bu hal Ermənistanın 2020-ci ildə üçtərəfli qaydada üzərinə götürdüyü öhdəlikləri pozmasıdır: "2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil, 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir".

Azərbaycan XİN-in son açıqlamasına Ermənistan rəsmilərindən, hələlik, münasibət öyrənilməyib.

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

DTX: Sülhməramlıların yerləşdiyi əraziyə hərbi texnika daşınır

"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusilə diqqət çəkir". Bu fikir noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında "Vətən müharibəsinin təcrübələri" mövzusunda keçirilən konfransda səslənib.

Məlumatı Azərbaycan Təhlükəsizlik Şurasının rəsmi saytı yayıb.

Konfransda səslənən bu fikrə, hələlik, Rusiya sülhməramlı kontingenti və Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Son günlər istər Azərbaycan-Ermənistan sərhədində, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəşkəsin pozulması ilə bağlı müxtəlif məlumatlar yayılır. Tərəflər buna görə bir-birlərini günahlandırırlar.

Ermənistan hərbçisinin yaralandığını deyir. Azərbaycan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi noyabrın 23-də Azərbaycan tərəfdən açılan atəşdən bir hərbçisinin yaralandığını bildirib. İnsidentin dünən günorta, Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində baş verdiyi, qarşı tərəfdən açılan atəşdən R.A. adlı hərbçinin yaralandığı xəbər verilir. Hərbçinin vəziyyətinin qənaətbəxş olduğu, həyatına təhlükə olmadığı qeyd edilir.

Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı "yalan" adlandırıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG