Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:28

Araşdırmaçı jurnalisti Rusiyaya deportasiya ediblər


Bolot Temirov Bişkekdə məhkəmədə, 23 noyabr, 2022-ci il
Bolot Temirov Bişkekdə məhkəmədə, 23 noyabr, 2022-ci il

Qırğızıstanın tanınmış araşdırmaçı jurnalisti Bolot Temirovun vəkilləri onun Rusiyaya deportasiya olunması barədə məhkəmə qərarından Ali Məhkəməyə şikayət verəcək. Aşağı instansiya məhkəməsi jurnalisti Qırğızıstan pasportunu qanunsuz əldə etməkdə təqsirli bilərək Rusiyaya deportasiyası haqda qərar çıxarıb.

Vəkil Bakitbek Avtandil-uulu AzadlıqRadiosuna deyib ki, Ali Məhkəməyə gələn həftə şikayət təqdim olunacaq.

“Temirova qarşı cinayət işi aşkar siyasi motivlidir”, – o, sözlərinə əlavə edib.

Hökm çıxarılan kimi...

Hökumət rəsmilərinin korrupsiyasından yazan Temirov məhkəmə noyabrın 23-də qərar çıxarandan sonra bir neçə saat içində Moskvaya deportasiya olunub. Vəkillərinin sözlərinə görə, qərar çıxarılan kimi mülki geyimli şəxslər Temirovu zorla məhkəmə zalından çıxarıb.

43 yaşlı Temirov noyabrın 24-də Moskvadan AzadlıqRadiosuna telefonla deyib ki, onu Bişkek aeroportuna aparanlar onunla cinayətkar kimi davranıblar. O, heç bir sənədi olmadan Moskvaya yola salındığını söyləyib.

Moskvada anası və qohumları ilə qaldığını deyən jurnalistin sözlərinə görə, yeddi il yaşamadığı Rusiya qanunları ilə tanış olmaq üçün ona vaxt lazımdır.

Reaksiyalar

BMT-nin insan haqları təmsilçisi, mətbuat azadlığını müdafiə edənlər, Qərb dövlətləri Temirovun deportasiya qərarını pisləyiblər. ABŞ-ın Bişkekdəki səfirliyi tvitində yazıb ki, hökmdə “demokratik prinsiplərə məhəl qoyulmayıb”.

“Jurnalistlər onlardan qisas alınacağından qorxmayaraq işləyə bilməlidirlər. Qırğızıstan Konstitusiyası ifadə azadlığını qoruyur və bu hüquqlara əməl olunmalıdır”, – səfirlik vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) qərardan “məyusluq” bildirib, Qırğızıstanı “dinamik vətəndaş cəmiyyətini” qoruyub saxlamağa, “ifadə azadlığını pozmaq cəhdləri ilə” nüfuzunu “ləkələməməyə” çağırıb.

Siyasi motivli iş

Avropa İttifaqı isə hökmdən və Temirovun “dərhal sərt şəkildə saxlanması”ndan “dərin narahatlıq” bildirib.

Temirov günahsız olduğunu deyir. Onun sözlərinə görə, ölkənin aparıcı rəsmilərinin korrupsiyaya bulaşması haqda araşdırmasını yayandan sonra ittihamlarla üzləşib.

Qırğızıstan hakimiyyəti isə Temirova qarşı cinayət işinin siyasi motivli olmadığını bildirir.

Bu ayın əvvəlində, Sərhədsiz Reportyorlar Təşkilatı Temirovun adını 2022-ci il Mətbuat Azadlığı Mükafatı qaliblərinin qısa siyahısına salıb.

Ötən il isə ABŞ Dövlət Departamenti onu korrupsiyaya qarşı mübarizə aparan 12 şəxsdən biri kimi tanıyıb.

XS
SM
MD
LG