Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:36

Estoniyalı keçmiş komandir: ‘Bir-iki eskadron F-35 bu müharibəni bitirə bilərdi’


Riho Terras
Riho Terras

Estoniyalı siyasətçi və keçmiş yüksək rütbəli hərbçi Riho Terras 2020-ci ilin fevralından bəri Avropa Parlamentinin üzvüdür. O 2011-2018-ci illərdə Estoniya Müdafiə Qüvvələrinin komandiri olub.

AzadlıqRadiosunu gürcü xidmətinə müsahibəsində 55 yaşlı Terras ötən həftə Polşaya raket düşməsi insidenti, Ukraynaya daha çox yardım göstərilməsi çağırışları haqda danışıb. O, Rusiya Prezidenti Vladimir Putinin münaqişəni genişləndirmək üçün NATO ölkələrindən birinə hücum ehtimalına da toxunub.

Polşaya düşən raket

“…Rusiya həmin gün bütün Ukraynaya nəhəng raket hücumu gerçəkləşdirib. 90-dan çox raket atılıb və biz indi anlayırıq ki, onlar gəmilərdən və təyyarələrdən atılıb.

Əgər Polşaya düşən raket Rusiyanın hava-yer raketi olsaydı, o zaman əlbəttə ki, Prezident [Co] Baydenin (Joe Biden) “biz NATO ərazisinin hər santimetrini qoruyuruq” bəyanatı [NATO Nizamnaməsinin] Beşinci Maddəsi demək olardı (yəni bir NATO üzvünə hücum bütün alyansa hücum deməkdir)… Ancaq bu hər nə idisə, bu gün elə görünür ki, sadəcə, qəza idi və Polşaya qarşı hücum deyildi.

Bu, sıradan çıxmış, yaxud Rusiya raketini vura bilməmiş Ukrayna raketi idi, yoxsa Rusiya raketi idi – istənilən halda bu, səhv idi və NATO ərazisinə hücum kimi görülə bilməz. …Gördüyünüz kimi, Polşa da Dördüncü Maddəyə (təhlükəsizliyə təhdid yarandığı zaman alyans üzvləri arasında məsləhətləşmə üçün rəsmi çağırış) müraciət etməyib”, – o deyir.

Terrasın sözlərinə görə, NATO sərhədlərində müharibə gedirsə, hər zaman insident təhlükəsi olacaq: “Məncə, bu, Ukraynaya dəstək toplamağa kömək edir. …Ölkələr Ukraynaya daha çox silahla və iqtisadi dəstək vermək istəyirlər. Mənə qalarsa, lap əvvəldən dəstək yetərincə olmayıb. Mən hətta fevralın 24-dən sonra General Filip Bridlav (keçmiş yüksək rütbəli NATO komandanı) və bəzi başqa generallarla birlikdə NATO-ya məktub da yazdım. Dedim ki, biz Ukrayna üzərində hava üstünlüyü yaratmalıyıq. Bu, NATO tərəfindən qəbul edilmədi. Bunun NATO, yoxsa NATO ölkələri tərəfindən edilməsinin əhəmiyyəti yoxdur. Mənə elə gəlir ki, onlar hələ də Ukrayna üzərindəki hava sahəsinə nəzarət etməlidirlər”.

ABŞ istəsə...

“Məndə belə bir hiss var ki, ABŞ, əgər istəsə, müharibəni çox tez bitirə bilər. Rusiya müharibənin arxasında NATO-nun durduğunu deyir, ancaq NATO hələ gəlib çıxmayıb və onlar artıq uduzurlar. Məncə, bir-iki eskadron F-35 bu müharibəni bitirə bilərdi. Əlbəttə, mən mümkün nüvə [təhlükəsini] anlayıram. … Ancaq Çinin Rusiyanın nüvə silahı işlətməsini istəməməsi haqda dəyərləndirməylə razıyam. Çünki Çin üçün hazırkı durum, əslində, mümkün ən yaxşı vəziyyətdir. Onlar bu müharibədən pul qazana bilirlər, ancaq nüvə münaqişəsi istəməzdilər. Çünki Çin təkcə nüvə arsenalı üzrə dünya gücü sayılmır. Beləliklə də onlar kiçik qardaş olmaq istəmirlər və Çin, ya da heç olmasa, onun neytral qalması Rusiyaya lazımdır. Buna görə də ruslar üçün Çinin tərəf tutmaması vacibdir. … Nüvə münaqişəsi ehtimalının olduğunu düşünmürəm. Ancaq Rusiyanın bu dəli hökuməti ilə həmişə bir qədər ehtimal var”, – keçmiş komandir söyləyir.

Rusiyanın NATO ərazisinə hücum etməsi ehtimalı haqda suala cavab verən Terras belə deyib:

“Rusiyanın beş fərqli istiqamətdən Ukraynaya hücum edəcək qədər intihara meylli olduğunu da heç kim düşünmürdü. Rusiyanın bəlkə şərqi Ukraynadan, bəlkə Xersondan içəri girə biləcəyinə inananlar var idi. Ancaq adamlar – yəni oxuya, yaza və hesablaya bilən hər kəs tamamilə əmin idilər ki, Rusiya Kiyevə hücum etməyəcək. Ancaq etdi. Beləliklə, sual odur ki, onlar nə qədər uzağa gedəcəklər. Çünki məntiqlə, əgər siz hücum edən Rusiya qüvvələrinin halına baxsaydınız, istənilən hərbi təhlilçi deyərdi: “Məntiqli deyil, mümkün deyil, Rusiya bunu etməyəcək”. Ancaq etdi”.

Putinin xülyası

Bəs görəsən, Putinin öz hərbi təhlilçiləri nə düşünürmüş?

Terras yada salır ki, Rusiya ukraynalıların “azad olunmalarını” bayram etməyə hazır olmasının xəyalını qurmuşdu: “Putinin ətrafındakı FSB xuntası …elə bir oyun oynadı ki, guya ukraynalılar Rusiya qüvvələrinin onları azad etməsini arzulayır. Kiyevdə buna bənzər bir şeyin baş vermədiyini görəndə isə çox təəccübləndilər. …Bu, Putin üçün əsl sürpriz idi. Məndə tez-tez belə bir hiss yaranır ki, onlar Putinə real təhlillər vermirlər. Onlar ona yarınmağa və təhlillərin onun ideyalarını dəstəkləməsinə çalışırlar. Əlbəttə, bu da çaşdırıcıdır və bu gün Ukrayna ordusunun hətta Rusiya ordusu ilə müqayisədə Avropanın ən güclü ordusu olduğunu görürük. Ona görə də Ukrayna ordusunu döyüş tank və təyyarələri kimi hücum silahları ilə təchiz etməliyik ki, ərazilərini işğaldan azad edə bilsinlər”.

Ukraynanın qələbə qazanacağına əmin olan Terras bunun necə baş verəcəyi haqda da danışıb: “…Düşünürəm ki, növbəti məqsəd Melitopol (Rusiyanın nəzarətində olan Zaporojye regionunun ikinci ən böyük şəhəri) olmalıdır və ya ola bilər. İkincisi, ukraynalılar vilayət mərkəzlərini və məncə, Donetsk və Luhanskı götürə bilərlər. Xüsusilə də Donetsk yaxşı qələbə olardı. Bu onlar üçün yeni bir Xerson, fevralın 24-dək mövcud sərhəddən də o yana getmək demək olardı. Bu "Biz təkcə fevraldan bəri bizdən alınanları götürməyəcəyik, bununla kifayətlənməyəcəyik. Hər şeyi geri almaq istəyirik” mesajı verərdi”.

Rusiya bu il fevralın 24-də Ukraynaya tammiqyaslı hücuma keçib.

XS
SM
MD
LG