Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:49

Azərbaycanda alternativ hərbi xidmət olmalı, olmamalı…


Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycan əsgəri nə yeyib-içir?

Son günlər Azərbaycanda yenidən alternativ hərbi xidmət məsələsi gündəmə gəlib. Bununla bağlı təkliflər eşidilir.

Azərbaycan Avropa Şurasına üzv olan zaman (2001) alternativ xidmət haqqında qanun qəbul etməsi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Azərbaycan Konstitusiyasının 76-cı maddəsinin ikinci hissəsində də bu məsələ ayrıca vurğulanır. Bildirilir ki, vətəndaşın əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda onun alternativ xidmətlə əvəzlənməsinə yol verilir.

Ə.Məmmədli
Ə.Məmmədli

Elçibəyin fərmanı

Hələ bütün bunlardan öncə, 1992-ci ildə Prezident Əbülfəz Elçibəy Azərbaycan vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalamışdı. Bu Əsasnamə Azərbaycan vətəndaşlarının alternativ xidmət keçməsi qaydasını müəyyən etməli idi.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də bu məsələyə aid Azərbaycandan gələn şikayətlərlə bağlı qərar çıxarıb. Həmin qərar hərbi xidmətə çağırılan, dini baxışlarına görə bundan imtina edən və məsuliyyətə cəlb olunan "Yahova şahidləri" icması üzvlərinin şikayəti ilə bağlıdır. AİHM şikayətlərdə qeyd edilən pozuntuları əsasən tanıyıb. Qərara əsasən, hökumət ərizəçilərə təzminat da ödəməli olub. Həmçinin Azərbaycanın üzərinə ümumi xarakterli tədbirlər görmək vəzifəsi də qoyulub. Qeyd edilib ki, milli qanunvericilikdə hərbi xidmətə alternativ mülki xidmət keçməklə bağlı boşluqlar var.

"Mən onda da bildirmişdim ki…"

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli AzadlıqRadiosuna bildirib ki, bu ilin iyulunda yay çağırışı zamanı hərbi xidmətdən möhlət alıb, lakin Türkiyədə təhsillə bağlı bütün sənədlərin qaydasında olduğuna baxmayaraq, onu əsgərliyə aparacaqlarını bildiriblər: "Mən onda da bildirmişdim ki, siyasi və ideoloji baxımdan hərbi xidmətdən imtina edirəm. Təhsil məsələsi olmasa belə. Mən məcburi hərbi xidmətin ləğvi və peşəkar ordunun yaradılmasının tərəfdarıyam".

"Ya onun müəyyən vergisini ödəməlidir, ya da…"

Ə.Məmmədli qeyd edib ki, qonşu Türkiyədə də alternativ hərbi xidmətlə bağlı qanun işləyir: "Azərbaycanda hər bir vətəndaşın alternativ hərbi xidmətdən istifadə etmək hüququ olmalıdır. Hərbi xidmətdən imtina etmək istəyən şəxs ya onun müəyyən vergisini ödəməlidir, ya da maddi vəziyyəti çətindirsə, onu əvəzləyəcək ictimai işlərdə çalışmalıdır".

O, hərbi xidmətdən siyasi fəallara qarşı cəza mexanizmi kimi istifadə edildiyini deyib: "Əvvəlki illərdə siyasi fəallara qarşı hərbi xidmətdən cəza vasitəsi kimi istifadə edilib…".

H.Babaoğlu
H.Babaoğlu

"Alternativ hərbi xidmət aktual deyil"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu isə "Turan"a bildirib ki, hələlik, regionda sülh bərqərar olunmayıb: "Ermənistan daima müxtəlif vasitələrlə sülhə qarşı təxribatlar törədir və, hələlik, bir qeyri-müəyyənlik var. Ona görə də Azərbaycan indiki vəziyyətdə öz ordusunu daha da gücləndirməlidir və özünün insani, texniki, maddi resurslarını hər şeydən öncə öz təhlükəsizliyinin təmin olunmasına yönləndirməlidir".

H.Baboğlunun fikrincə, alternativ hərbi xidmət hazırkı şərtlər içərisində aktual deyil və bunu şərtləndirən zəruri sifariş da yoxdur: "Çünki qət etməli olduğumuz məsafə var, üstəlik də, regionda vəziyyət sabit və uzunmüddətli sülhə doğru hələ də istiqamətlənməyib. Çoxsaylı proseslər baş verir, bunlar hərbi-siyasi proseslərdir və hər biri özlüyündə təkcə regional deyil, bütövlükdə daha geniş multiregional təhdidləri yarada biləcək bir hadisələrdir".

Deputatın sözlərinə görə, bu gün Azərbaycan gənci hərbi xidmətdə olmağı şərəf hesab edir: "Əgər kimsə bu gerçəkliyi manipulyasiya edib onu siyasiləşdirməyə çalışırsa, bu, kökündən yanlışdır və özü bir təxribatdır. Hazırkı vəziyyətdə bu cür məsələləri yanlış qoyub gündəmi məşğul etmək Azərbaycan dövlətçiliyinə qarşı ideoloji müharibəyə qoşulmaqdır".

"Ermənistan qısa bir müddətdən sonra…"

Hüquqşünas Yalçın İmanov isə AzadlıqRadiosuna bildirib ki, AHİM də bu məsələ ilə bağlı öz qərarında dini və siyasi baxışlarına görə hərbi xidmətdən imtina edənlərin cəzalandırılmasını Avropa Konvensiyasının pozulması kimi tanıyıb: "Avropa Şurasına üzv olarkən alternativ hərbi xidmətlə bağlı qanunun qəbulu Azərbaycanın əsas öhdəliklərindən biri idi. Müqayisə üçün, eyni vaxtda Avropa Şurasına üzv olan Ermənistan qısa bir müddətdən sonra alternativ hərbi xidmətlə bağlı qanunu qəbul etdi. Düzdür, orada bu AİHM-in qərarından sonra edildi".

Y.İmanov
Y.İmanov

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Konstitusiyasında da alternativ hərbi xidmət ilə bağlı normalar nəzərdə tutulub: "Ancaq, təəssüf ki, qanun hələ də qəbul olunmayıb. Həmin qanunun qəbul edilməməsi həm yerli, həm beynəlxalq məhkəmələrdə Azərbaycan dövləti üçün çox böyük problemlər yaradır".

"Bu norma korreksiya olunmalıdır"

Azərbaycan Cinayət Məcəlləsinə (CM) görə, hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayət məsuliyyəti yaradır. Y.İmanov deyir ki, bu, Avropa Konvensiyasına ziddir: "Azərbaycan Konstitusiyasına görə isə, beynəlxalq müqavilələr və normalar Azərbaycan qanunvericiliyinin tərkib hissəsi hesab olunur. Onların arasında konflikt yarandıqda daha çox üstünlük referendum və Konstitusiya yolu ilə qəbul olunmuş aktlar istisna olmaqla beynəlxalq müqavilələrə verilir. Belə olan halda Cinayət Məcəlləsində nəzərdə tutulmuş bu norma korreksiya olunmalıdır".

XS
SM
MD
LG