Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:45

Pakistan üzərində müharibə buludları. Talibanla atəşkəs bitib


Pakistanın qərbində intiharçı hücumundan sonra, noyabr, 2022-ci il
Pakistanın qərbində intiharçı hücumundan sonra, noyabr, 2022-ci il

Pakistanın şimal-qərbində yaşayan yuxarı sinif şagirdi Umar ötən ay evindən yoxa çıxıb. Üstündən həftələr keçmiş o, “WhatsApp”lə ailəsinə qonşu Əfqanıstandan qısa mesaj göndərib.

"TTP-yə qoşulmuşam, sizinlə həmişəlik vidalaşıram”, – deyə 17 yaşlı gənc yazıb.

Ailəsinin əsl adının çəkilməsini istəmədiyi Umar “Təhrike Taliban Pakistan” (TTP) silahlı qruplaşmasının son zamanlar bu regionda öz sıralarına cəlb etdiyi çox sayda kişi və oğlandan biridir. Yerli təhlükəsizlik əməkdaşları belə deyirlər.

“Pakistan Talibanı” adı ilə tanınan TTP 15 ildir İslamabada qarşı vuruşur.

Atəşkəs bitib...

Qruplaşmanın İslamabadla bir neçə aylıq atəşkəs razılaşması noyabrın sonunda bitib. Razılaşma bir ildən çox çəkən çətin sülh danışıqlarından sonra əldə edilmişdi. Noyabrın 28-dən bəri silahlılar Pakistanın təhlükəsizlik əməkdaşlarını hədəfə alan qanlı hücumlar dalğasına başlayıblar.

Dekabrın 18-də Pakistanın şimal-qərbindəki Bannu şəhəri yaxınlığında törədilən hücuma görə də TTP ittiham edilir. Bu hücumda dörd polis əməkdaşı qətlə yetirilib, daha dördü isə yaralanıb. Ötən ay TTP silahlıları eyni ərazidə bir polis dəstəsini mühasirəyə alaraq altı polis əməkdaşını qətlə yetiriblər.

TTP Pakistanın cənub-qərb əyaləti olan Bəlucistanda hücumlara görə də məsuliyyəti öz üzərinə götürüb. Noyabrın 30-da intiharçının polisə məxsus yük maşınını hədəfə alması nəticəsində dörd nəfər öldürülüb, 26 nəfərsə yaralanıb.

Hücumların belə kəskin artması pakistanlıları ciddi qorxuya salıb. İnsanlar gələn il regionda zorakılığın artacağından narahatdırlar. Hətta atəşkəs bitməzdən öncəki bir neçə ayda yüzlərlə TTP silahlısı ölkənin cənub-qərbindəki Xayber Paxtunxva əyalətinə toplaşaraq hədəfli qətllər törətməyə və yerli sakinlərə əziyyət verməyə, onları soymağa başlamışdı.

Ordunun əməliyyatları

Ordu 2014-cü ildə geniş hərbi hücumla TTP-ni şimal-qərbi Pakistanda “tayfa zolağındakı” bazalarından çıxarılmışdı. Liderlərinin çoxu və döyüşçüləri isə şərqi Əfqanıstanla sərhəddəki dağlarda gizlənmişdilər. Onlar burada əfqan Talibanının qoruması altında yaşayırdılar.

TTP-nin Pakistana qayıtması yerli əhalini qorxudub.

Yaraqlılar öz amansız hakimiyyətləri dövründə Xayber Paxtunxvada nəzarət etdikləri ərazilərdə xalqa islamın ekstremist versiyasını sırıyır, hüquq və azadlıqları ciddi məhdudlaşdırır, qadınların haqlarını əllərindən alırdılar. Hədəfli qətllər, bomba hücumları, əhalidən pul tələb etmə və insanlara əziyyət verilməsi gündəlik həyatın dominant hissəsinə çevrilmişdi.

Pakistan hökumətinin hərbi kampaniyaları TTP-nin sərhədə doğru sıxışdırılması ilə nəticələnsə də, yerli sakinlərə böyük zərbə vurub. Minlərlə mülki vətəndaş həyatını itirib, milyonlarla insan yer-yurdundan didərgin salınıb, genişmiqyaslı dağıntı törədilib.

Didərginlik

Şəfqətullah və ailəsi də 2014-cü ildə Şimali Vəziristan əyalətindəki evlərini tərk etməyə məcbur olub. Bura TTP-nin keçmiş məskənlərindən biridir. Şəfqətullahın ailəsi regiondan olan bir çox ailə kimi köçkünə çevrilərək illərlə yoxsulluq içində yaşamalı olub.

"2017-ci ildə vəziyyətin yaxşılaşacağı ümidilə öz ərazimizə qayıtdıq. Ancaq yenə hər şey yanlış istiqamətə gedir. Biz yenidən yer-yurdumuzu itirəcəyimizdən qorxuruq”, – dörd uşaq atası deyir.

Dekabrın 6-da Şimali Vəziristanda üç fərqli hücumda doqquz nəfər, o cümlədən beş yaraqlı, iki təhlükəsizlik əməkdaşı və iki mülki şəxs həyatını itirib. Bu ərazidə son həftələr, demək olar, hər gün hökumət qüvvələri ilə TTP yaraqlıları arasında silahlı toqquşmalar baş verir.

"Bu qanunsuzluğa görə öz kənd və şəhərlərimizdə özümüzü təhlükəsiz hiss etmirik. Görürük ki, müharibə buludları yenidən toplanır", – Şimali Vəziristan sakini Eyd Rəhman Vəzir söyləyir.

Bir aya 59 hücum

TTP noyabrda 59 hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu 2018-ci ildən bəri ən yüksək rəqəmdir. Dekabrın ilk yarısında yaraqlılar 30 hücuma görə məsuliyyəti götürüblər. Hücumların çoxu hərbçiləri, polis və təhlükəsizlik əməkdaşlarını hədəfə alıb.

Ekspertlər TTP hücumlarının sayındakı bu artımı silahlı qruplaşmanın hərbi gücünün artmasının təzahürü sayırlar.

Əfqan Talibanı özünün ideoloji və təşkilati müttəfiqi olan TTP-yə himayədarlıqda suçlanır. Ekspertlər deyirlər ki, ötən il ABŞ ordusunun Əfqanıstandan çıxması da TTP-nin daha sərbəst hərəkət etməsinə şərait yaradıb.

Əfqan Talibanı İslamabadın çoxdankı müttəfiqidir. TTP ilə danışıqlar da əfqan Talibanının vasitəçiliyi ilə keçirilib.

Sülh razılaşmasının şərtləri

Yayda Pakistan mediası təklif olunan sülh razılaşmasının şərtlərini açıqlamışdı. Xəbərlərdə İslamabadın həbsdə saxlanılan yüzlərlə TTP üzvünü buraxmağa, Pakistanın şimal-qərbindən on minlərlə əsgərini geri çəkməyə, habelə Xayber Paxtunxva əyalətinin ayrı-ayrı hissələrində şəriət qanunlarının tətbiqinə razılaşdığı deyilirdi. TTP yaraqlılarının silahları ilə birlikdə əraziyə qayıtması şərti isə hələ müzakirə olunurdu.

Təklif olunan sövdələşmə Pakistanda vətəndaşları qəzəbləndirib. Son aylar yerli sakinlər şimal-qərbdə etiraz aksiyaları keçirdilər. Nümayişçilər hökumətin TTP yaraqlılarının Pakistana qayıdışına göz yummasına qəzəb ifadə etdilər.

Pakistan və Əfqanıstanda silahlı birləşmələri araşdıran təhlilçi Əbdül Səid deyir ki, yeni sülh təşəbbüsü üçün şanslar o qədər də böyük deyil.

Təhlilçilər gələn il İslamabadın döyüş və danış strategiyasına üstünlük verəcəyini proqnozlaşdırırlar. Onlar hesab edirlər ki, Pakistan TTP-ni hücumları dayandırıb danışıqlara getməyə inandırmağa kömək üçün Əfqanıstan Talibanına daha çox təzyiq göstərə bilər.

Vaşinqtonda yerləşən ABŞ Sülh İnstitutunun baş təhlilçisi Əsfəndiyar Mirin fikrincə, əks halda 2023-cü ildə Pakistanda iri hərbi toqquşmalar baş verə bilər.

XS
SM
MD
LG