Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Putin qiymət həddi qoyan ölkələrə neft satmağı qadağan edir


Novorossiyskdə neft tankeri
Novorossiyskdə neft tankeri

Rusiya Prezidenti Vladimir Putin barrelə 60 dollarlıq qiymət həddi qoyan xarici şirkət və vətəndaşlara neft satışını qadağan edən sərəncam imzalayıb. Qərb ölkələri bu məhdudiyyəti Rusiyanı Ukraynadakı müharibəyə maliyyəsini kəsmək məqsədilə tətbiq edib.

Dekabrın 27-də imzalanmış sərəncama görə, qadağa fevralın 1-dən qüvvəyə minəcək, iyulun 1-dək qüvvədə olacaq.

Neft məhsullarının satışı da qadağan ediləcək

Qadağa təkcə neftə deyil, neft məhsullarına da aiddir, ancaq neft məhsulları ilə bağlı qadağanın nə vaxtdan qüvvəyə minəcəyini hökumət hələ müəyyənləşdirməyib.

Hökumət portalı və Kremlin vebsaytında yerləşdirilmiş sənəddə deyilir ki, bu qərar “Birləşmiş Ştatlar və ona qoşulan xarici ölkələr və beynəlxalq qurumların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətlərinə” cavab olaraq verilib.

Böyük Yeddilik (G7), Avropa İttifaqı və Avstraliya bu ayın əvvəlində dənizlə daşınan Rusiya xam neftinin barreli üçün dekabrın 5-dən 60 dollarlıq qiymət həddi üzrə razılıq əldə ediblər. Həmin tarixdən Aİ-nin dənizlə nəql olunan Rusiya neftinə embarqosu da qüvvəyə minib.

Gəlirin azalacağı gözlənir

Rusiya dünya bazarında digər alıcılara neft tədarükünü saxlayacaq, ancaq eyni zamanda neft satışından gəlirlərinin azalacağı gözlənir.

Qiymət məhdudiyyəti açıqlanandan sonra Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib ki, qadağanı yerinə yetirən ölkələrə neft tədarükündən imtina üçün tədbirlər hazırlanacaq.

Aİ ölkələri Rusiya neftinə qiymət həddiylə bağlı bir neçə ay danışıq aparıblar. Polşanın daha aşağı qiymət qoyulmasını istədiyi, Ukraynanın isə Rusiya iqtisadiyyatına daha çox ziyan vurmaqdan ötrü barrelə 30 dollarlıq hədd qoymağa çağırdığı bildirilir.

XS
SM
MD
LG