Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Dünya boyunca ‘Saakaşviliyə azadlıq’ aksiyaları keçirilib


Londonda hökumət evinin yaxınlığında keçirilmiş aksiya
Londonda hökumət evinin yaxınlığında keçirilmiş aksiya

Avropa İttifaqının bir neçə paytaxtlarında, eləcə də dünya boyunca başqa ölkələrdə Gürcüstanın diplomatik missiyalarının qarşısında bu ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin dərhal azad olunmasını tələb edən aksiyalar keçirilib.

Ukrayna vətəndaşlığı olan keçmiş prezident hazırda Tbilisidə həbs cəzası çəkir.

Yanvarın 4-də dünyanın 15 ölkəsində #SaveMisha adlı etiraz mitinqləri keçirilib.

Gürcüstanda isə Saakaşvilinin tərəfdarları onun rəqibi, milyarder Bidzina İvanişvilinin doğma kəndi Çorvilaya toplaşaraq etiraz bildiriblər.

Vaxtilə hakim “Gürcü arzusu” partiyasının qurucusu və baş nazir olmuş İvanişvili elə indi də ölkənin siyasətində böyük nüfuza malikdir.

Saakaşvilinin tərəfdarları “Mişaya azadlıq” yazılmış plakatla İvanişvilinin evinə yürüş etməyi planlaşdırsalar da, onların qarşısını keçmiş baş nazirin tərəfdarları kəsib.

Qarşı duran nümayişlər arasında toqquşma olduğu xəbər verilir.

Tbilisidə də mitinq keçirilməlidir

Xaricdəki aksiyalardan başqa Saakaşvili tərəfdarları elə həmin gün habelə paytaxt Tbilisi və ölkənin başqa şəhərlərində mitinqlər keçirməyi planlaşdırıblar.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili vəzifə səlahiyyətlərinin aşılması ittihamı ilə 6 il müddətinə azadlqıdan məhruim edilib.

Müxalifət bu ittihamın siyasi motivli olduğunu bildirir.

Saakaşvilinin müalicə həkimləri bildiriblər ki, 2021-ci ilin oktyabrında həbsxanaya salınandan bəri onun səhhəti kəskin pisləşib.

O hazırda Tbilisidəki klinikalardan birində müalicə olunur, lakin vəkilləri onun cəzasına xitam verilməsini və müalicə üçün xaricə aparılmasını istəyirlər.

Məhkəmənin qərarı yanvarın 9-da olmalıdır

Dekabrın əvvəllərində Saakaşvilinin vəkilləri onun səhhəti barədə tibbi arayış yaymışdılar.

Bu arayışda keçmiş prezidentin ağır metallarla “zəhərləndiyi” iddia olunur və onun xaricdə müalicə edilməzsə ölə biləcəyinə dair xəbərdarlıq edilir.

Lakin Gürcüstan rəsmiləri onun öz səhhətinə bilərəkdən ziyan vurduğunu və azad olunmaq məqsədilə özünü xəstəliyə qoyduğunu deyirlər.

Hazırda Saakaşvilinin başqa iki ittiham üzrə məhkəməsi davam edir.

Bu ittihamlardan biri onun 2007-ci ilin noyabrında antihökumət mitinqinin dağıdılmasına əmr verməsi və digəri isə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

Tbilisi məhkəməsi Saakaşvili ilə bağlı işə xitam verilib-verilməsinə dair qərarı yanvarın 9-da çıxarmalıdır.

Onun müalicə üçün xaricə göndərilib-göndərilməməsi də bu qərardan asılı olacaq.

XS
SM
MD
LG