Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:39

Ata Berdımuxammedov yenidən ölkənin ‘baş rəhbəri’ olmaq istəyr


Qurbanqulı Berdımuxammedov
Qurbanqulı Berdımuxammedov

Türkmənistanın ötən il hakimiyyəti oğluna ötürmüş keçmiş prezidenti, hazırda isə parlamentin yuxarı palatasının sədri olan Qurbanqulı Berdımuxammedov ölkənin qanunvericilik orqanında islahatlar həyata keçirəcəyini bəyan edib.

Şərhçilər inanırlar ki, bu islahatlardan məqsəd ata Berdımuxammedovu ölkənin “ali rəhbərinə” çevirməkdir.

Türkmənistanın dövlət mediası xəbər verir ki, Berdımuxammedov parlamentin üst palatası – Xalq Məsləhəti Şurasının iclasında məclisin birpalatalı sistemə qayıdacağını elan edib.

Bu “islahatlara” görə Xalq Məsləhəti Şurası ölkədə ən yüksək hakimiyyətə çevriləcək, hakimiyyətin bütün qollarına nəzarət edəcək və habelə Konstitusiyaya dəyişikliklər etmək səlahiyyətinə malik olacaq.

Bu orqan həmçinin ölkənin xarici və daxili siyasətini müəyyənləşdirəcək.

2020-ci ilin sentyabrında Qurbanqulı Berdımuxammedov ölkənin təkpalatalı parlamentinin ikipalatalı orqana çevrilməsinə sərəncam vermiş və konstitusiyaya zidd olmasına baxmayaraq özünü yuxarı palatanın sədri elan etmişdi.

Yaralanmış mənlik

Şərhçilər bildirirdilər ki, bütün bu gedişlərdən məqsəd Qurbanqulı Berdımuxammedovun hakimiyyətini həmişəlik etmək və son nəticədə prezidentliyi əvvəlcə oğlu Serdara və daha sonra isə nəvə-nəticələrinə ötürməkdir.

Türkmən siyasi şərhçisi və təhlilçisi Kumuş Bayrıyeva AzadlıqRadiosuna bu barədə bunları deyib:

"Qətiyyən şübhə yoxdur ki, bütün bunlar Qurbanqulı Berdımuxammedovun yaralanmış mənliyinin bərpası üçün edilir. Aydındır ki, parlamentin yuxarı palatasının sədrliyi onun üçün kifayət deyil. O özünü hakimiyyətin bütün qollarına rəhbərlik edən milli liderə çevirmək istəyir”.

Hökumətin tənqidçiləri bildirirlər ki, Berdımuxammedov 2006-2022-ci illər ərzindəki prezidentliyi dövründə fərqli düşüncəyə qarşı mübarizə aparıb və insan haqlarını kobud şəkildə pozub.

Onlar deyirlər ki, prezidentliyə formal olaraq gətirilən Serdarın hakimiyyəti də bu mənada heç nəyi dəyişməyib.

XS
SM
MD
LG